Məhkəmə qərarları › İş №2(003)-349/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-349/2023

23.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-349/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00030) əsassız hesablanmış 5323,0 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvanda mərhum atasının adına abunə kodu **********00030 qaz sayğacında 5323,0 manat borcun yaranması haqda bildirir ki, sayğac dəyişilən zaman xx.xx.2022-ci ildə ona məlum oldu ki, akt ******* saylı formada qəbul haqqında rəqəmi görəndə çox narahatlıq hiss etmişdir. Dərhal Mərdəkan qəsəbəsində yerləşən Azəriqaz idarəsinə müraciət etmiş, ona bildirmişlər ki, o, Bakı şəhərində kommunal xidmətdən çıxarış əldə edə bilər, yaranmış borcun hansı vaxtlarda istifadə olunmasını tarixi ilə görə bilər. xx.xx.2022-ci ildə ASAN kommunal xidmətində məlum oldu ki, atası rəhmətə gedən günə qədər, yəni xx.xx.2012-ci il tarixinədək sayğacda göstərilən borc demək olar ki, sıfır vəziyyətində imiş. Lakin həmin ünvanda qeydiyyatsız olaraq kənar şəxslər yaşayıblar. İstifadə olunan hər ay böyük məbləğ Cavabdeh tərəfindən heç bir tədbir görülməmək səbəbindən bu günə kimi 5323,0 manat borcun yaranmasına gətirib çıxarmışdır. Burdan da sübuta yetirilir ki, cavabdehin işçiləri istifadə olunan mexaniki qaz sayğacından istifadə edərək nağdlaşma aparılmış, lakin borc silinməmişdir. Cavabdehin satış şöbəsində yaranmış özbaşınalıq 10 ildə heç bir rəsmi tədbir görülməmişdir. Daha da borcun böyük məbləğə çatmasına şərait yaranmışdır. Hazırda həyət onun adına rəsmi qeydiyyata alınıb. ********** nömrəli qeydiyyat xx.xx.2022-ci ildən qüvvədədir. Yeni sayğacla elektron ödənişli olduğuna görə yaranmış borca görə istifadə hüququndan məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan ünvan onun atasına məxsus olmuş, atası vəfat etmişdir. Ünvanına əsassız olaraq akt tərtib olunmuş, bundan sonra cavabdeh təşkilatın əməkdaşları hər ay əsassız aktlar tərtib etməyə davam etmişdir. Ünvanda bəlkə də yad adamlar qaz xəttinə müdaxilə edib, amma onun heç nədən xəbəri yoxdur. Yuxarıda göstərilənlərə əsasən ona aktlar əsasında və sayğac göstəricilərinə əsasən hesabalanmış 5323,0 manat borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının abonent saldosu üzrə 2022-ci ilin sentyabr ayına borcu ümumilikdə 5323,0 manatdır. Həmin borcun 3771,50 manatı aktlar əsasında, qalan 1551,5 manatı hissəsi isə qazdan istifadə olunduğuna görə sayğaca hesablanmış bocdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna (abonent X5) 2022-ci ilin oktyabr ayınadək ümumilikdə cəmi 5323,0 manat (3771,5 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 1551,5 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, iddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir. İş materiallarında olan aktlardan görünür ki, abonent İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1422 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1332 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 972 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1422 m3, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 2952 m3, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2952 m3, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1673 m3, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 30672 m3 dəymiş ziyan hesablanmışdır. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçıya ümumilikdə aktlar əsasında 3771,5 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinəəsasən qazpaylayıcı şəbəkəyəqanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədənayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, qeyd edilən akt(lar) Cavabdeh İB tərəfindən tərtib edilən zaman ölmüş şəxs barəsində tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişdir. Cavabdeh İB tərəfindən X3 təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş, həmin aktlarda Şamil Əzimovun aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Göründyü kimi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunduğu zaman Şamil Əzimov artıq ölmüşdür. Bununla həmçinin müəyyən olunur ki, cavabdeh qurum tərəfindən tərtib edilmiş aktlar tamamilə formal xarakterli olmaqla abonentdən zərərin tutulması üçün əsas kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacdan kənar qaz xətdindən istifadəyə görə aktlar üzrə hesablanmış 3771,5 manat (5323-1551,5) borc silinməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış 5323 manat borcun 1551,5 manatı təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə debitor borca münasibətdə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə 2018-ci il tarixinədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci il tarixinədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən 69,90 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin həmin digər hissəsinə hissəsinə qiymət verərək hesab edir ki, 1481,6 (1551,5 – 69,90) manat borc abonentin 2018-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan dövrdə istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 58,41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00030) hesablanmış 3841,4 (3771,5 + 69,90) manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00030) hesablanmış 3841,4 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 58,41 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar