Məhkəmə qərarları › İş №2(003)-3494/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3494/2021

26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3494/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin təhkim edilməsi haqqında olan Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 11 mart 1992-ci il tarixli 205 saylı sərəncamının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 205 saylı 11 mart 1992-ci il tarixli Sərəncamı ilə ünvan 3 ünvanında yerləşən və onun istifadəsində olan torpaq sahəsi ona təhkim edilmişdir. Həmin torpaq sahəsi ona ayrıldıqdan sonra orada abadlıq işləri görərək, yaşayış evi inşa etmişdir. Hazırda da həmin sahə onun istifadəsindədir. Orada yaşayış evi inşa edərək, öz ailə üzvlərimlə birlikdə orada yaşayır. Hazırda o həmin torpaq sahəsinə və üzərində inşa edilmiş evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Bu məqsədlə də DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmiş. Lakin həmin idarələrdən ona bildirilmişdir ki, torpaq sahəsinin ona ayrılması barədə Sərəncamın arxiv çıxarışında atasının adının baş hərfi düzgün qeyd olunmamışdır və bu uyğunsuzluq səbəbindən də sənədləşdirmə işləri aparıla bilməz. Belə ki, həmin arxiv çıxarışında onun barəsində məlumat “Ərizəçi” kimi deyil, səhvən “ƏrizəçiM” kimi qeyd olunmuşdur. Qeyd etdiyi ziddiyyəti başqa qaydada aradan qaldıra bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 30.07.2021-ci il tarixli **********84 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 22.06.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş Əzizbəyov RİHB-nın 205 saylı 11.03.1992-ci il tarixli sərəncamda hüquq sahibinin adı və ata adı tam qeyd edilməmişdir. Həmçinin Milli arxiv idarəsi tərəfindən verilmiş arxiv çıxarışında düzəliş olunmuşdur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 205 saylı 11 mart 1992-ci il tarixli Sərəncamı ilə ünvan 3 və torpaq sahəsinin vətəndaş E.M.Məmmədovun istifadəsində olması qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının 22.02.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 205 saylı 11 mart 1992-ci il tarixli Sərəncamı ilə ünvan 3 və 1120 m2 torpaq sahəsi əvəzinə 700 m2 torpaq sahəsinin faktiki isitfadəçisi olduğu barədə sərəncam qəbul edilmişdir. Sərəncamda vətəndaşın adı ƏrizəçiŞ deyil, ƏrizəçiM kimi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 205 saylı 11 mart 1992-ci il tarixli Sərəncamı ilə ünvan 3 və 1120 m2 torpaq sahəsi əvəzinə 700 m2 torpaq sahəsinin faktiki isitfadəçisi olduğu barədə sərəncam qəbul edilmişdir. Sərəncamda vətəndaşın adı ƏrizəçiŞ deyil, ƏrizəçiM kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ata adının baş hərfi fərqli göstərilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki. X1 xx.xx.1968-ci il tarixdə doğulmuşdur, ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 205 saylı 11 mart 1992-ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsində yerləşən ünvan 6 ünvanı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin təhkim edilməsi haqqında olan Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 11 mart 1992-ci il tarixli 205 saylı sərəncamının 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş 12.05.2018-ci il tarixli seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin təhkim edilməsi haqqında olan Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsinin 11 mart 1992-ci il tarixli 205 saylı sərəncamının 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş 12.05.2018-ci il tarixli seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar