Məhkəmə qərarları › İş №2(003)-355/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-355/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-355/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrılmış sahədə elektrik enerjisi **********00007 kod üzrə yazılmış 2074,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən mənə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu ünvanında **********00007 saylı abonent hesabına sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyinə görə xx.xx.2023-cü il tarixdə akt yazılmışdır.Akta əsasən itirilmiş enerjinin bərpa edilməsi məqsədilə 60 gün üçün 16097 kvts həcmində dəyəri 2074,90 manat hesabalanaraq borc yazılmışdır. Həmin Qaydaların 8.17-1 -ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19- cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1- ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Kənat xəttdən istifadə etdiyimi qəbul edirəm, lakin itirilmiş enerjinin bərpa edilməsi məqsədilə hesabatın 60 gün müddətində aparılması qanunsuz və əsassız olduğunda görə onunla qətiyyən razı deyiləm. Belə ki, sayğacdan kənar xəttdən 60 gün deyil, 05 iyul 2023- cü il tarixdən 28 iyul 2023-cü il tarixədək olan dövrdə 23 gün müddətində istifadə etmişəm. Həmin 23 günlük dövrdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla hesablanmalı olduğu halda cavabdeh tərəfindən sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyi, həmin naqildən buraxdan maksimum cəryan, gərginlik düzgün hesablanmamış, qəsdən naqilin en kəsiyi və buraxıla bilən maksimum cərəyan, gərginliyinin həcmi şişirdilmiş və hesabat 23 gün ərzində hesablanmalı olduğu halda əsassız olaraq 60 günə lıesabalanaraq yüksək şişirdilmiş məbləğdə borc yazılmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, o həqiqətən sayğacdan kənar qanunsuz xətddən istifadə edib. Lakin o, sayğaca 12 gün qanunsuz qoşulma edib. Lakin "xxxx" ASC-nin nümayəndələri tərəfindən ona həddindən artıq borc hesablanıb. O, 12 gün ərzində o, qədər enerjidən istifadə edə bilməz. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının adına olan **********00007 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli NDM seriyalı, 033393 saylı akt üzrə 2074,71 manat iddiaçının abonent hesabına borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu, Ev(Bina):0200, mənzil:0007(otaq sayı:2) olan Əlimurad Əlizadəyə məxsus **********00007 abonent kodu olan abonent haqqında saldonun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2016 manat ödəniş etmişdir. İş materiallarında olan 033393 nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirən zaman məlum oldu ki, sayğacın alt qapaq möhürünün simi qırıqdır və simin qırıq hissəsi alt qapağı gövdəyə bərk içdən vintin dəliyində gizlədilmişdir. Sayğacın alt qapağının altında “A” və “B” fonlarında gərginlik kibrit çöpləri vasitəsi ilə müdaxilə olunaraq, gərginlik dövrələri sayğacdan ayrılmışdır. Ona görə də, sayğacda “A” və “B” fazaları gərginliklərin qiyməti sıfıra bərabərdir. Ua=0, Ub=0, sayğac “A” və “B” fazalardan keçən yükü qeyd etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Bakı filialının xx.xx.2023-cü il tarixli, 3-15-2-1/2-V-3716-5-1601/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə kənar müdaxilə səbəbindən yaranmış borc barədə Energetika Nazirliyinə daxil olmuş müraciət X1 Agentliyinin Bakı filialında araşdırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin elektrik sayğacının sxemi "xxxx" ASC-nin nümayəndələri tərəfindən yoxlanılarkən (abunə kodu **********00007) kənar xəttdən istifadə edildiyi aşkar edilmiş, pozuntu vidoçəkilişlə qeydə alınmış, fərdi yaşayış evinə 033393 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən itirilmiş enerjinin bərpa edilməsi məqsədilə uyğun olaraq 60 gün üçün 16097 kVts (dəyəri 2074,90 manat) sərfiyyatı hesablanaraq abonent koduna əlavə edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bu Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Təqdim edilmiş video materialda sayğacdan kənar xətdən istifadə edilməsi faktı öz əksini tapmış və "xxxx" ASC tərəfindən tərtib edilmiş akt və akta əsasən aparılmış hesabatın Qaydaların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxsin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********00007 olan) elektrik sayğacından istifadə edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndələrinin sayğaca baxışı zamanı kənar xəttdən istifadə edildiyi aşkar edilmiş, fərdi yaşayış evinə 033393 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Akta əsasən itirilmiş enerjinin bərpa edilməsi məqsədilə uyğun olaraq 60 gün üçün 16097 kVts (dəyəri 2074,90 manat) sərfiyyatı hesablanaraq abonent koduna əlavə edilmişdir. İddiaçı cavabdeh tərəfində ona hesablanmış 60 gün üçün 16097 kVts (dəyəri 2074,71 manat) sərfiyyatı mübahisələndirmiş və həmin pulun onun abonent hesabından silinməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslıdır və buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən yoxlanılarkən (abunə kodu **********00007) kənar xəttdən istifadə edildiyi aşkar edilmiş, fərdi yaşayış evinə 033393 nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən Akta əsasən itirilmiş enerjinin bərpa edilməsi məqsədilə uyğun olaraq 60 gün üçün, 24 saat üçün 16097 kVts (dəyəri 2074,71 manat) sərfiyyatı hesablanaraq abonent koduna əlavə edilməsi ağla batan deyildir. Çünki, iddiaçıya məxsus abunə dövriyyəsi təhlil edilərkən görünür ki, onun qüsur yaranmamışdan əvvəl günlük sərfiyyatı sayğacın son göstəricisindən yaranmış sərfiyyatdan nəzərəçarpan dərəcədə fərqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinin tələbinə əsasən bildirilir ki, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün ((23,1 kvt x (0,7) x12 x (0,7) x 30) – 202 KVts= 3872,84) 3872,84 kVts, ümumilkdə isə 485,52 (198 KVst v 0,08 =15,8 manat, 200 KVst v 0,09 =18,0 manat, 3474,84 KVst v 0,13 = 451,72 manat) manat hesablanması daha məqsədəmüvafiq hesab edilməlidir. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin akt əsasında iddiaçının abonent hesabına 2074,71 manat deyil, 485,52 manat borc hesablanmalı, 1589,19 (2074,71 – 485,52) manat məbləğində borc isə iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, həmçinin iddia qismən təmin olunduğundan məhkəmə xərcinə daxil olan 40,74 manat dövlət rüsumunun 31,23 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********00007 olan) hesablanmış 1589,19 manat məbləğində borc silinməli, "xxxx" ASCdən 31,23 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********00007 olan) hesablanmış 1589,19 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 31,23 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar