Məhkəmə qərarları › İş №2(003)-3563/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3563/2024

16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3563/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarının Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarına əsasən ona Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərarda ata adı “Ağacan” deyil, “Ağaxan” kimi göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarı ilə təsdiq edilmiş 111 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının arxiv arayışında hüquq sahibinin ata adı “Ağaxan”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Ağacan” kimi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Ə.A.Eyvazova ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, ərizəçinin arvadıdır. Ərizəçiyə 1989-cu il tarixdə torpaq sahəsi ayrılmışdır. Ağacan onun qaynatasıdır. Onun adı Ağacan olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o ərizəçinin qonşusudur. Ərizəçinin atasını görməmişdir. Hazırda ərizəçi Türkan qəsəbəsində yaşayır. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 1619 saylı arayışın surətindən görünür ki, X4 xx.xx.1966-cı il tarixdə Bakı şəhəri Xəzər rayonunda vəfat etmişdir. - Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarının surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, sözügedən torpaq sahəsinə texniki baxış keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, İdarənin arxivində mövcud olan və təqdim olunan Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarı ilə təsdiq edilmiş 111 saylı Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının arxiv arayışında hüquq sahibinin ata adı “Ağaxan”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Ağacan” kimi qeyd edilmişdir. Eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. Həmçinin, təqdim olunan order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-E-1912-8-2037/2024 saylı məktubundan görünür ki, Ərizəçi bağ sahəsinin ayrılması barədə keçmiş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin, həmin qərarda Ərizəçi ata adı “Ağacan” deyil, “Ağaxan” kimi göstərilmişdir. Arxiv sənədlərində hər hansı düzəlişlərin edilməsi onların səlahiyyətində deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Türkan qəsəbəsində torpaq sahəsi ayrılması barədə Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/370 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar