Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3570/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri 25 saylı Notariat fisi maraqlı şəxs qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi Bakı şəhəri 25 saylı Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinin Bakı şəhəri Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsindəki 24 saylı evinə verilmiş xx.xx.1956-cı il tarixli, 30/809 nömrəli qeydiyyat vəsiqəsində göstərilən X3 X2 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Ərizəçi məhkəməyə hazırkı iş üzrə təqdim edəcək əlavə sənədlərinin olmadığını bildirmiş və iddia tələbinin təmin olnmasını məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında X1 onun nənəsi olduğunu, vərəsəlik qaydasında nənəsindən qalmış miras əmlakı qəbul etmək istədiyini, nu məqsədlə sənəddəki yalnışlığın aradan qaldırılması üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, miras əmlakı qəbul etmək üçün öncəliklə aidiyyəti üzrə notariusa müraciət etdiyini, notarisunun sənədlərdəki ad yanlışlıqları ilə əlaqədar olaraq müraciətini təmin etmədiyini, notariusdan rədd cavabı aldıqdan sonra sənədlərdə mövcud olan yanlışlıqların aradan qaldırılması üçün müvafiq dövlət orqanına müraciət etmədiyini əlavə etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri araşdırıb və iddiaçının izahatını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının: - 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.6-cı bəndində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. - 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd olunan qanunvericilik normalarının tələbindən və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyindən görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilməsi üçün bir sıra şərtə əməl edilməlidir. Bu şərtlərdən biri də, ərizəçinin lazımi sənədləri ala bilməməsini, yaxud sənəddəki səhvlərin aradan qaldırılmasının mümkünsüzlüyünü təsdiq edən sübutların ərizəyə əlavə edilməsidir. Belə sübut qismində də hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin səhvlərin düzəldilməsinin mümkün olmaması barədə sənəd (məktub, arayış və s.) nəzərdə tutulur. Əgər hazırda həmin təşkilat mövcud deyildirsə, həmin təşkilatın hüquqi varisi olan və yaxud da sənədlərinin saxlanıldığı (balans saxlayan) orqandan müvafiq sənədlər əldə edilərək ərizəyə əlavə edilməlidir. Lakin hazıki mülki işdə qeyd olunan şərtlərə əməl olunması müəyyən edilmir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdə müvafiq dövlət orqanına müraciət olunmasını və həmin dövlət orqanından rədd cavabı alınmasını təsdiq edən hər hansı məlumat mövcud deyildir. Həmçinin ərizəçi özünün məhkəmə iclasında vermiş olduğu izahat da, hüquqi əhəmiyyətli faktın təsdiq olunması üçün tələb olunan sənədlə əlaqədar müvafiq dövlət qurumuna müraciət etmədiyini bildirmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazrıki ərizə artıq icraata qəbul edildiyi üçün onun geri qaytarılması deyil, MPM-in 259.0.1-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanması qanunauyğundur. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə baxılmamış saxlandığından, ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə nəzərə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, iddianın baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi Bakı şəhəri 25 Saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3570/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3570/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver