Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-36/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun tərəfindən 20000,0 (iyirmi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Baki şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 onun oğludur. Son vaxtlar cavabdeh evdə dava salır. Davalara tab gətirməyən iddiaçının həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh1 ilə birgə yaşayış qeyri-mümkündür. Ona görə də evdən çıxıb qızının evində yaşayır. Ona görə də, hesab edir ki, onun cavabdehə qarşı kompensasiya ödəməklə evə istifadə hüqüquna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüqüqu vardır. Daha sonra iddiçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 iddiaçı tərəfindən 20000,0 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X7 və X6 ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o kompensasiya məbləği ilə razı deyil, belə ki, həmin evin yaxınlıqlarında evlərin aylıq kirayə haqqı 250-300 manat təşkil edir. Ona özünə ev alması üçün daha çox pul verilməlidir. İddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə Cavabdeh1 və X11 və X1. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş sürətindən görünür ki, Əzizbəyov rayonu Zirə qəsəbəsi ünvanda yerləşən 2 yaşayış otaqlı (sahəsi 47,6 kv.m), köməkçi sahəsi 26,6 kv.m. olan ev İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür və bu barədə xx.xx.2019-cu il tarixdə 1184 saylı qeyd aparılmışdır. İş materiallarında olan “Fərdi yaşayış Fonduna daxil olan yaşayış sahəsinin texniki pasportunun təstiq olunmuş sürətindən görünür ki, Zirə sovxozu ünvanında yerləşən sözügedən evin sahibi İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki dövrə olan orta aylıq kirayə qiyməti 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 ailə quraraq sözügedən ünvanda yaşamışdır. Cavabdeh1 isə mənzildən istifadə hüququ mövcuddur. İddiaçı Cavabdeh1 iddiaçı tərəfindən 20000,0 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X7 və X6 ilə birlikdə evdən çıxarılmaları tələb edir. Oxşar yaşayış sahəsinin aylıq kirayə haqqı 250,0 manat təşkil edir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 20000,0 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-in 228.2-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarında qeyd edilmişdir ki, Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehə təklif olunan kompensasiya onun davamlı sürətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, Cavabdeh1 20000,0 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməli, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə cavabdehin arvadı Cavabdeh2 mübahisəli mənzildən çıxarılması tələbinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının gəlini mübahisəli ünvanda qeydiyyatda deyildir. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Cavabdeh arvadı və iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşayırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən cavabdehin ailə üzvlərinin istifadə hüquqları mövcud olmadığından mübahisəli mənzildən mülkiyyyətçinin iradəsinin ziddinə istifadə etməklə onun mülkiyyət hüquqlarının həyata keçirməsinə mane ola bilməz. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin arvadı Cavabdeh2 mübahisəli evdən (mənzil) çıxarılmalıdır. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin arvadının mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Odur ki, iddiaçının tələbi bu hissədə əsaslıdır və o, iddiaçıya məxsus evdən çıxarılmalıdır. Məhkəmə, cavabdehlərin azyaşlı uşaqları X5 və X3 həmin yaşayış sahəsindən çıxarılması tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və ataları olan cavabdehin (Cavabdeh1) istifadə hüquqlarına xitam verildiyindən, onların da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən iddia əsaslı olduğundan təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 20.000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X7 və X6 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-36/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-36/2023
29.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver