Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-360/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 25 dekabr 1995-ci il tarixli, Əzizbəyov rayon icra hakimiyyəti Başçısının Türkan qəsəbə üzrə nümayəndəliyinin sərancamı əsasında yaşadığı Türkan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün ona 12 sot torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsini aldıqdan təxminən 5-6 il sonra həmin sahəni abadlaşdırıb, bir otaq tikmişdir. Sahədə bir su quyusu, tualet inşa etmişdir. Otaqda elektrik lampası, su quyusunda isə elektriklə işləyən motordan savayı heç bir elektrik cihazı mövcud deyildir, qeyd etdiyi kimi torpağı abad etdikdən sonra 2-3 il o, burada göyərti əkib ailəsini saxlayıb. Bu ünvana gələn elektrik enerjisinə olan borcları vaxtlı-vaxtında ödəmişdir. 2009-cu ildə bu ünvana yeni sayğac quraşdırılmışdır. Lakin o, 2005-ci ildən etibarən bu ünvanda təsərrüfat aparmadığından və əkinlə məşğul olmadığından ora gedib gəlmədi, yalnız orada bir torpaq sahəsinə baxış keçirirdi və ya uzaqdan olsa da oranı seyr edirdi. 2021-ci il aprel ayında Orxan adlı oğlu hərbi xidmətdən təxris olub evə qayıtdıqdan sonra o, ailənin iqtisadi vəziyyətini düzəltmək və maddi sıxıntıdan azad olmaq üçün yenidən ona aid torpaq sahəsində göyərti əkmək qərarına gəldi. Lakin cavabdeh tərəfindən işığının kəsilməsi ilə əlaqədar o, onlara müraciət etdi, ona bildiridilər ki, “Sizin Barmek”-ə 1418 manat, "xxxx"a isə 2379,76 manat borcu vardır”, bəzi səlahiyyətlilər bu borcun dondurulduğunu, bəziləri isə məhkəməyə verib borcu sildirməyi məsləhət bilmişlər. Onun heç bir işıq borcu yoxdur, topaq sahəsinə çəkilən elektrik xətti isə cavabdeh tərəfindən əsasız olaraq açılmışdır. Yuxarıda göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində mövcud olan 12 sot torpaq sahəsi üzərində yerləşən 1 otaq evinə çəkilən elektrik eneriesinin bərpa edilməsinə əsassız yazılmış 1418,57 (bir min on səkkiz manat, əlli yeddi qəpik) və 2379,76 (iki min üç yüz ye miş altı manat yetmiş altı qəpik), ümumilikdə 3868,33 (üç min səkkiz yüz altmış səkkiz manat otuz üç qəpiyin) borcun pozulması barədə qətnamə çıxarılmasını məhmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus ünvana dair aktın tərtib olunması və həmin akt əsasında cərimənin hesablanması zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir, sözügedən barmek borcunun isə silindiyini bildirdi. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 dekabr 1995-ci il tarixli, Əzizbəyov rayon icra hakimiyyəti Başçısının Türkan qəsəbə üzrə nümayəndəliyinin sərancamı əsasında Türkan qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı 12 sot torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin akt R № 251656 saylı, xx.xx.2021-ci il tarixli və akt R № 252097 saylı, xx.xx.2022-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsi ünvana yoxlama keçirilən zamanı məlum olmuşdur ki, abonent kənar xəttdən istifadə edib. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan (**********40000 saylı abonent hesabı) görünür ki, İddiaçı məxsus ünvan 2 ünvana cəmi 3868,33 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, həmin borcun 964,82 manat hissəsi 2017-2022-ci illərdə akt əsasında hesablanmış, borcun qalan hissəsi isə istifadə gücünə görə orta sərfiyyatla hesablanmış borcdur. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli 359019 saylı “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması” haqqında protokoldan görünür ki, İddiaçı məxsus ünvanda dəmir panoda 5219 tipli sayğac quraşdırılıb. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına hesablanmış 3868,33 manat borcu vardır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Məhkəmə ilk öncə iddiaçıya hesablanmış 1418,57 manat borca münasibət qeyd edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında arayışdan görünür ki, həmin borc cavabdeh təşkilat tərəfindən silinmişdir. Borc artıq mövcüd olmadığına görə, məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına 2379,76 manat borc hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, abonentə hesablanmış həmin borc 2017-ci il tarixinədək olan dövrü əhatə edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb edilən akt əsasında hesablanmış 2379,76 manat borc 2017-ci il tarixədək hesablanmış borcdur. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, abonentə 2017-ci il tarixinədək hesablanmış borc müddətin keçməsinə görə abonetdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə 2018-ci il tarixinədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci il tarixinədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus **********40000 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 2379,76 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 2379,76 (iki min üç yüz yetmiş doqquz manat, yetmiş altı qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********40000 olan) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-360/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-360/2023
15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver