Məhkəmə qərarları › İş №2(003)-360/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-360/2025

07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-360/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız ünvan 1 ünvanında olan **********01080 abonent hesabına hesablanmış 1180,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, təzə sahə ev 2, mənzil 108 ünvanında olan **********01080 saylı abonent hesabına 2021-ci ilin yanvar ayında 885,60 manat, fevral ayında isə 295,20 manat məbləğində borc yazılmışdır. Halbuki, onun ünvanında təbii qazdan sayğacdan kənar istifadə 3 gün olmuş və elə həmin müddət də akt yazılaraq kənar xət ləğv edilmişdir. Belə olan halda akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən qəsdən hesabat müddəti çox göstərilməklə borc məbləği şişirdilmidir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh ərazi üzrə nəzarətçisi onun ixtiyarı olmadan xətt çəkib, sonrada ondan pul istəyib. Həmin xəttdən 1 gün istifadə edib, hazırda tıxac qoyularaq bağlanıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu qeyd etdi və rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 885,6 (8856 m3 x 0,10 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 295,2 (2952 m3 x 0,10 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. abonentin saldosundan və Gasrep proqramından çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********01080 sayla qeydiyyata alınmış abonent koduna 2021-ci ilin yanvar ayında 885,60 manat, fevral ayında isə 295,20 manat məbləğində akt üzrə borc hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindn görnür ki, 1və 2-ci suallar üzrə: Cavabdeh İB tərəfindən 2021-ci ilin yanvar və fevral aylarında 2 aktla iddiaçıya qazdan qanunsuz istifadəyə görə 1180,80 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin Əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı Vünulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 -1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3 -1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 + 1.5 m3) x12 saat x 30 gün+1476 2021-ci ildə tərtib edilmiş 2 akt üzrə: 4 qış ayı x 1476 = 5904m Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbil qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq Qərarında əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla itirilmiş qazın dəyəri illər üzrə aşağıdakı kimi olar. 2021-ci il üzrə: 1200 m3 x 0.12 manat 44704 m3 x 0.20 — 1084,80 manat təşkil edər. Beləliklə, iddiaçının qazdan qanunsuz istifadəsi təsdiq edilərsə (abonent saldosunun təhlili bu faktı inkar etmir, belə ki, 2020 ci il ərzində abonent tərəfindən cəmi 441 m3 qazın dəyəri ödənilmişdir. Bu da abonentin evində quraşdırılmış qaz qurğularının real sərfiyyatindan xeyli aşağıdır. Eyni zamanda iddiaçı qanunsuz qaz xəttindən istifadə etdiyini etiraf edir). Cavabdehə dəymiş ziyanın məbləği 1084.80 manat təşkil edər. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6-2-ci hissə. 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. 8.35-ci bəndinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdehndə **********01080 saylı abonə kodu olan təbii qazdan istifadə edir. Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı sayğacdan kənar qeyri-qanuni istifadə etməsi ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1180,80 manat məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı saldo üzrə 1180,80 manat borcun silinməsini xahiş edir. İddiaçı bildirmişdir ki, təbii qazdan sayğacdankənar istifadəsi cəmi 1 gün davam etmiş və bu barədə akt tərtib olunaraq xətt ləğv edilmişdir. Cavabdeh tərəf isə, qazdan qanunsuz istifadə halının baş verdiyini və buna görə aktlar tərtib edilərək dəymiş zərərin hesablandığını bildirir. Cavabdehin sayğacdan qeyri-qanuni istifadə etməməsi barədə dəlillərinə tənqidi yanaşaraq hesab edir ki, məhkəmə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsini müəyyən etsə də, tərtib edilmiş aktlar üzrə hesablanmış ziyanın məbləği ilə razılaşmamış, bu səbəbdən, iş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının mütəxəssisinin rəyi alınmışdır. Belə ki, X1 Agentliyinin xx.xx.2025-ci il tarixli rəyində göstərilir ki, qanunsuz qaz istifadəsinin nəticəsində dəymiş zərərin hesablanması yalnız 2023-cü il 25 iyun tarixli qərarla müəyyənləşdirilmiş qaydalarla mümkündür və həmin dövrdə (2021-ci ildə) bu cür hallar normativ aktlarla tam tənzimlənməmişdir. Bununla yanaşı, rəy əsasında qaz qurğularının texniki parametrlərinə və istismar müddətinə əsasən hesablanmış zərərin miqdarı 1084,80 manat təşkil etmişdir. Həmçinin məhkəmə iclası zamanı iddiaçı yalnız bir gün ərzində təbii qazdan istifadə etdiyini bildirmiş, lakin bu müddətin məhz bir gün olması ilə bağlı hər hansı sənədli sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, tərəfin məhkəmədə verdiyi etiraf sübut hesab olunur və digər hallarla ziddiyyət təşkil etmədiyi təqdirdə, məhkəmə tərəfindən nəzərə alına bilər. Lakin qeyd olunan maddəyə uyğun olaraq, etiraf yalnız digər sübutlarla ziddiyyət təşkil etmədiyi və sübuta yetirildiyi hallarda hüquqi nəticə doğurur. İş üzrə təqdim olunmuş sənədlər və sübutlar fonunda iddiaçının yalnız bir gün ərzində təbii qazdan istifadə etməsi barədə bəyanatı təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən aşağıdakı sübutlar qiymətləndirilmişdir: - İddiaçının öz etirafı– qaz xəttindən istifadə etdiyini və onun tıxacla bağlandığını təsdiqləmişdir. Mülki Prosessual qanunvericiliyinə görə tərəfin məhkəmə iclasında etirafı digər sübuta ehtiyac olmadan qəbul edilir. - 2021-ci ildə tərtib olunmuş 2 akt – qazdan qanunsuz istifadə faktını təsdiq edən əsas sübutdur. - Mütəxəssis rəyi – Energetika Nazirliyi nəzdindəki qurum tərəfindən hazırlanmış və zərərin hesablanmasının hüquqi və texniki əsaslarını göstərmişdir. Burada qeyd olunmuşdur ki, əvvəlki illərdə qanunsuz istifadəyə görə hesablamalar üçün konkret hüquqi mexanizm mövcud olmamış, lakin analoji qaydalar 2023-cü ildə qüvvəyə minmişdir. Məhkəmə bu analoji yanaşmanı tətbiq etməkdə haqlı sayılmışdır. - Abonent üzrə qaz sərfiyyatı– 2020-ci il üzrə istifadə edilən qaz həcminin (441 m³) real sərfiyyat potensialından (minimum 1476 m³ aylıq) aşağı olması, faktiki istifadənin gizlədildiyini göstərir. Məhkəmə hesab edir ki, qazdan qanunsuz istifadə faktı sübut olunmuşdur və bu, həm aktlarla, həm də iddiaçının etirafı ilə təsdiqini tapır. Zərərin miqdarının müəyyən olunması zamanı qanunvericiliyin analogiya ilə tətbiqi zəruri olmuşdur. Belə ki, 2023-cü ilədək bu hallar tam tənzimlənmədiyindən, məhkəmə “Qazdan istifadə Qaydaları”nın yeni redaksiyasına əsaslanaraq texniki hesablama aparmağı qanunauyğun hesab etmişdir. Mütəxəssis rəyi əsasında maksimal qaz sərfiyyatı, istifadə müddəti və texniki parametrlər nəzərə alınaraq, iddiaçının cavabdehə vurduğu zərərin 1084,80 manat təşkil etdiyi müəyyən olunmuşdur. Qalan 96,0 manatlıq hissə isə əsassız olaraq əlavə edildiyindən, etibarsız sayılmalı və silinməlidir. Məhkəmə, təqdim olunmuş sübutlar və normativ əsasları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iddiaçının qazdan qanunsuz istifadə etməsi sübut olunduğundan, vurulmuş zərərin bir hissəsi – 1084,80 manat əsaslıdır, lakin əlavə 96 manat məbləğində borc əsassız hesab edilməli və silinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********01080 olan) hesablanmış 96,0 manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə (96,0 manat) uyğun olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, təzə sahə ev 2, mənzil 108 ünvanına (abonent kodu **********01080 olan) hesablanmış 96,0 manat məbləğində borc silinməli, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, təzə sahə ev 2, mənzil 108 ünvanında yerləşən evə (abonent kodu **********01080 olan) hesablanmış 96,0 manat məbləğində borc silinsin. Cavabdehndən 30,0 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar