Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3615/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 486 manat borcun silinməsi və bu günə qədər ondan borca görə tutulan vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 7 ildən çoxdur ki, mülkiyyətçisi olduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 17.10.2018-ci il tarixdə Xəzər rayon qaz istismar sahə işçiləri tərəfindən razılığı və iştirakı olmadan qaz sayğacı yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Daha sonra o, yeni Smart tipli sayğaca ödənişlər etmək üçün, Asan komunala gedərək, yeni qoyulmuş Smart tipli qaz sayğacının kartını əldə edib, dəyişdirilmiş qaz sayğacındakı 117 azn məbləğində olan pulu o karta köçürtmüşdür. Bundan sonra bütün ödənişlərini Yeni Smart tipli qaz sayğacının tələblərinə uyğun olaraq etmişdir. Əlavə olaraq, daha sonra, 01.12.2020-ci il (artıq 2 il keçib) tarixində növbəti dəfə Smart tipli qaz sayğacının kartına 50 azn pul yüklədiyi zaman, ödəniş terminalından ona verilən qəbzdə borcunun olduğunu və o borca görə ödədiyi məbləğdən 15 azn tutularaq geridə qalan 35 azn ödədiyi pulun 175 kub təbii qazın yükləndiyini görmüşdür. Təbii ki, bu hal onu bir abonent olaraq narahat etdiyi üçün ."Azəriqaz" istehsalat birliyi, Bakı Regional qazın satışı departamentinin X3 yazılı ərizə ilə müraciət etmişdir ki, borc düzgün hesablanmayıb və borcun silinməsini təmin edəsiniz. Lakin cavabdehin 21.12.2020-ci il tarixli imtina məktubu ilə ona cavab verilmişdir ki, müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, istifadəsində olmuş itron tipli G-4 markalı 1402AZ**********43 nömrəli qaz sayğacı itron tipli G-4 markalı 1802AZ**********61 nömrəli qaz sayğacı ilə əvəzlənərək 17.10.2018-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edildiyi və yoxlamaya göndərildiyi məlum olmuşdur. Metrologiya Departamentinin 18.12.2018-ci il tarixli MSK 29/1710-02147 saylı aktında " Xətalar normadan artıqdır. Sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metralogiya plomblarının rəngi fərqlidir. Sayğacın yaddaş arxivi oxundu .Müdaxilə halı aşkar edildi." qeyd olunmuşdur. Həmin akta əsasən 28.12.2018-ci il tarixi ******* saylı" Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq 486.00 manat dəymiş ziyan hesablanmış, istehlakçı hesabınıza daxil edilmiş və etdiyiniz ödənişlərdən hissə-hissə tutulması üçün smart payment kartınıza yönləndirilmişdlr. ******* saylı akt ona şəxsən təqdim olunmamışdır. İstifadə qaydalarının pozulmasına yol verilməmiş və qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Laborator müayinə zamanı onun iştirakı təmin olunmamış və istənilən qanun pozuntusu onun ziyanına şərait yaratmışdır. Lakin, nə 18.12.2018-ci il tarixli ******* saylı akt tərtib edilərkən, nə də 17.10.2018-ci il tarixində sayğacın dəyişdirilməsindən xəbəri olmamışdır. Həmin akt onun iştirakı olmadan tərtib olunmuş və cavabdeh ona bununla bağlı heç bir xəbərdarlıq etməmişdir. Sözügedən sayğac evin giriş darvazasından küçəyə baxan hissədədir və bu səbəbdən hesab edir ki, sayğacın qorunmasında heç bir məsuliyyət daşımır. Hesab edir ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 486 manat borcun silinməsi və bu günə qədər ondan borca görə tutulan vəsaitin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı oğlunun istifadəsində olan qaz xətti üzrə abonent kodu **********00600 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, abonent kodu **********00600 sayla qeydiyyata alınmış ünvanda təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı tərtib edilmiş 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında istehlakçıya 486 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə iclasında cavabdeh tərəf iddiaçı tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 3.1.7-ci bəndinə əsasən, qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə görə istehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin Qanunun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı oğluna əsassız hesablanmış 486 manat məbləğində borc silinməlidir. Bununla yanaşı, iddiaçı bu günə qədər ondan borca görə tutulan vəsaitin geri qaytarılmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz tələbini həmin hissədə əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı oğluna əsassız hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3615/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3615/2021
29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver