Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3616/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi idarəsi və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi maraqlı şəxslər qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X3 1 saylı Bakı Ərazi idarəsi və 5 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Dekabr 1*61-ci ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair texniki pasportun 25.03.1*26-cı il təvəllüdlü və 11.11.1**6-cı ildə ölmüş X1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə təqdim etməklə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, məhkəmə iclasının başqa bir vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi idarəsinə və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 201*-cu il tarixli, 8 saylı Qərarının: - 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.6-cı bəndində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. - 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunvericilik normalarının tələbindən və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilməsi üçün bir sıra şərtə əməl edilməlidir. Bu şərtlərdən biri də, ərizəçinin lazımi sənədləri ala bilməməsini, yaxud sənəddəki səhvlərin aradan qaldırılmasının mümkünsüzlüyünü təsdiq edən sübutların ərizəyə əlavə edilməsidir. Belə sübut qismində də hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin səhvlərin düzəldilməsinin mümkün olmaması barədə sənəd (məktub, arayış və s.) nəzərdə tutulur. Əgər hazırda həmin təşkilat mövcud deyildirsə, həmin təşkilatın hüquqi varisi olan və yaxud da sənədlərinin saxlanıldığı (balans saxlayan) orqandan müvafiq sənədlər əldə edilərək ərizəyə əlavə edilməlidir. Lakin hazıki mülki işdə qeyd olunan şərtlərə əməl olunması müəyyən edilmir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş və notariat ofisi tərəfindən də ona qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi isə hazırki ərizə ilə məhkəməyə ünvan 2 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Dekabr 1*61-ci ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair texniki pasportun 25.03.1*26-cı il təvəllüdlü və 11.11.1**6-cı ildə ölmüş X1 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün müraciət etmişdir. Halbuki Notariat ofisinin imtinasında belə bir hal göstərilməmişdir. Hətta göstərilmiş olsaydı belə, ərizəçi yuxarıda da qeyd edildiyi kimi, əvvəlcə həmin sənəddəki yalnışlığın aradan qaldırılması üçün aidiyyəti orqana müraciət etməli idi. Halbuki, ərizəçi ərizəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 1 saylı Bakı Ərazi idarəsini maraqlı şəxs qismində qeyd etsə də, iş materiallarında ərizəçinin həmin orqana müraciət etməsi və həmin orqan tərəfindən imtina edilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, hazrıki ərizə artıq icraata qəbul edildiyi üçün onun geri qaytarılması deyil, MPM-in 25*.0.1-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanması qanunauyğundur. MPM-in 25*.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə baxılmamış saxlandığından, ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, 631*063550*2 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə nəzərə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, ərizəçinin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 25*, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi idarəsi və 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat ofisi maraqlı şəxslər qismində cəlb edilməklə “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, 631*063550*2 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) AZN dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3616/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3616/2025
07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver