Məhkəmə qərarları › İş №2(003)-3634/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3634/2021

21.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3634/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçı, Cavabdeh Xəzər Rayon Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Xəzər Rayon Bələdiyyəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2rşı icarə müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Xəzər Rayon Bələdiyyəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2rşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Bələdiyyəsi ilə X7 adlı şəxs arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli 012/2010 saylı torpaq sahəsinin icarəyə verilməsi barəsində müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkündür. Həyat yoldaşı və iki azyaşlı uşağı ilə Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9 ünvanında yerləşən tərk edilmiş yarımtikilidə sığınacaq tapmışlar. X1 adlı işbaz və ona havadarlıq edənlər tamah məqsədi ilə, yəni yaşadığı evi, torpağı ələ keçirmək üçün onu şərləyiblər, barəsində mənzil toxunulmazlığını pozma maddəsi ilə cinayət işi açılıb. Xəzər Rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi onun barəmdə qərəzli qərar çıxarıb məhkum etsələr də, Azərbaycan Respublikasının Ali Məhkəməsi barəsində bəraət hökmü vermiş və şərləndiyi sübuta yetirilmişdir. Bundan sonra, X7 və ona havadarlıq edənlər, o cümlədən Rafiq Hüseynovun yanında qoçu kimi gəzən X9 öz tamahkar niyyətlərindən əl çəkmədilər. İndi də həmin şəxslər hansısa qanunsuz yollarla əldə etdikləri torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 dekabr 2010-cu il tarixli 012/2010 saylı saxta müqaviləni əllərində sübut kimi istifadə edib onu öz əli ilə tikib yaşadığı mənzildən çıxartmaq istəyirlər. Hesab edir ki, Buzovna Bələdiyyəsi ilə Hüseynov Vaqif adlı şəxs arasında bağlanıldığı iddia edilən həmin müqavilə qanunsuzdur. Onun yaşadığı torpaq sahəsinin başqa heç kimə aidiyyəti yoxdur. O, həmin torpaq sahəsində özünə xırda bir ev tikmişdir. Evin işığı, qazı, suyu yoxdur. Ailəsi ilə küçədə qalmamaq üçün başqa gedəcək yeri də yoxdur. X3, o cümlədən Rafiq Hüseynovun yanında qoçu kimi gəzən X9 öz tamahkar niyyətlərini həyata keçirmək üçün onu müxtəlif qanunsuz yollarla evindən çıxartmaq, sonra həmin torpağı torpaq dəllallarının əli ilə satmaq istəyir. Bu məqsədlə onlar onun mübahisələndirdiyi müqavilədən vasitə kimi istifadə edirlər. Onların qanunsuz hərəkətlərinə görə ailəsi, azyaşlı uşaqları ölüm təhlükəsi ilə üz-üzə qalırlar. Rafiq Hüseynov və Aydın Xİdırov, Buzovna Bələdiyyəsinin verdiyi həmin qanunsuz icarə müqaviləsindən sui-istifadə edərək, Azərişıq ASC və Azəriqaz İB-nin əməkdaşlarının da elə ələ alıblar ki, həmin idarələr onun mənzilinə işıq və qaz xətti çəkmir. Öz imtinalarını da onunla əsaslandırırlar ki, guya Buzovna bələdiyyəsi onun üzərində ev tikib yaşadığı torpağı Rafiq Hüseynova icarəyə verib. Həmçinin, Buzovna Bələdiyyəsi də dəfələrlə müraciətinə baxmayaraq, onun faktiki olaraq Buzovna qəsəbəsinin inzibati ərazisində, öz inşa etdiyi mənzildə yaşamağını təsdiq edən arayış verməkdən imtina edir və bu imtinanı onunla əsaslandırır ki, guya həmin torpaq sahəsini Rafiq Hüseynova icarəyə veribdir. Rafiq Hüseynov onu şərləməsi ilə əlaqədar verilmiş AR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25.06.2018-ci il tarixli 1(102)-895/18 saylı qərardan və həmin cinayət işinin materiallarından da görünür ki, bu icarə müqaviləsi ilə əlaqədar Hüseynov Rafiq hər hansı məlumat verməmiş, belə bir icarə müqaviləsinin olmasını, Xəzər Rayon Polis İdarəsinə, Xəzər Rayon Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və s. qurumlara bildirməmişdir. Bu da onu göstərir ki, həmin müqavilə saxtadır. Bundan başqa, Hüseynov Rafiqin hüquqmüəyyənedici sənədləri ilə torpağın icarə müqaviləsi qarşılaşdırılanda asanlıqla müəyyən etmək olar ki, torpağın cizgiləri bir-birinə ziddiyyət təşkil edir. Hüseynov Rafiqin mülkiyyətində olan evin texniki pasportuna əsasən ev üç tərəfdən qonşularla əhatə edilmişdir. Buzovna Bələdiyyəsinin icarə müqaviləsinə əlavə edilmiş cizgidə isə dalan qeyd edilmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Bələdiyyəsi ilə X7 adlı şəxs arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli 012/2010 saylı torpaq sahəsinin icarəyə verilməsi barəsində müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Xəzər Rayon Bələdiyyəsinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, X7 ilə torpaq sahəsinə dair müqavilənin olması barədə onlarda qeydiyyat var, lakin Əjdərə dair belə bir qeydiyyat yoxdur. Mübahisəli ərazi Rafiqə məxsusdur. Tərəflər arasında polisdə mübahisə də var. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 dekabr 2010-cu il tarixli 012/2010 nömrəli müqavilənin surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən X6 Ç.Mustafayev küçəsində 600 kv.m. torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 04.08.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı məcburi köçkün düşdüyü zaman Xəzər rayonunda məskunlaşmamış, ailə üzvləri ilə birlikdə vətəndaş X5 istifadəsində olan torpaq sahəsini bir neçə il bundan qabaq zəbt edərək qeyri-qanuni olaraq yaşayış evi tikmişlər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 23.02.2018-ci il tarixli məktubunun surətindən görünür ki, 25 saylı DNKnın 4Ə/1-75 reyestr nömrəli 08.09.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 11 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 torpaq sahəsi X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddia ərizəsinə və işin məhkəmə iclasında müəyyənləşdirilən hallarına əsasən iddia tərəfi özünün iddia tələbini ailəsi ilə birlikdə məskunlaşdığı torpaq sahəsinə dair cavabdeh tərəfindən qanunsuz icarə müqaviləsinin bağlanması ilə əsaslandıraraq qeyd olunan icarə müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmiş, lakin məhkəmə, yuxarıda qeyd olunan sənədləri tədqiq edib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, hazırki mübahisə araşdırılarkən iddiaçının özünə cavabdehin qeyriqanuni yolla öz adına rəsmiləşdirdiyini irəli sürdüyü torpaq sahəsi üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçının torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər olmadığından, onun torpaq sahəsinə dair müqavilənin etibarsız sayılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia təmin edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xəzər Rayon Bələdiyyəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2rşı icarə müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Xəzər Rayon Bələdiyyəsi və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2rşı icarə müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən:Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar