Məhkəmə qərarları › İş №2(003)-3655/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3655/2021

15.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3655/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X11, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ №0608704 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1722/2021 saylı, 06.08.2021-ci il tarixli qərardadına əsasən hazırki mülki iş ərazi aidiyyətinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-330/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri təmin edilmiş, onun tərəfindən "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmış, Həsənova (Kloçkova) Svetlana Qennadyevna və X4 adlarına X3 miras qalmış "Paşa Həyat sığorta” ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə 27.02.2015-ci il tarixli 2V-01-15 №li reyestr qeydiyyatı və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair 27.02.2015-ci il tarixli 2V-01-16 №li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş və X3 miras qalmış "Paşa Həyat sığorta” ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə 1/3 hissədə Həsənova (Kloçkova) Svetlana Qennadyevnanın, 1/3 hissədə X4 və 1/3 hissədə İddiaçı vərəsəlik payları müəyyən edilmiş və onların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi Bakı şəhər 20 saylı notariat kontoruna həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4738 saylı, 20 iyul 2017-ci il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-330/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.03.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən də ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə X4, 1/3 hissədə isə İddiaçı mülkiyyətindədir. Bundan sonra, paylı mülkiyyətçi olaraq torpaq sahəsinin naturada bölünməsi ilə bağlı danışıqlar aparılması üçün cavabdeh İddiaçı müraciət etdikdə və bu məsələ ilə bağlı torpaq sahəsinə baxış keçirdikdə ona məlum olmuşdur ki, ümumi paylı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsi Cavabdeh1 istifadəsindədir. Bununla bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, cavabdehlər İddiaçı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin 10.000 (on min) manata satılmasına dair notarial qaydada 15.04.2017-ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İlk növbədə qeyd edir ki, həmin alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair 27.02.2015-ci il tarixli 2V-01-16 №li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. İkinci növbədə həmin alqı-satqı müqaviləsi vərəsəlik şəhadətnaməsinin məhkəmədə mübahisələndirildiyi və həmin şəhadətnamələrin ləğv olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-330/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra bağlanmışdır. Bundan başqa, həmin müqavilə bağlanan zaman, eləcə də halhazırda da torpaq sahəsi paylara uyğun şəkildə naturada bölünməmişdir. Eyni zamanda bildirir ki, cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqavilə dəyəri cəmi 10.000 manat olmuşdur. Halbuki, həmin ərazidə torpağın 1 sotunun dəyəri 10.000 manatdan bahadır və alqı-satqının predmeti olan torpaq sahəsinin həmin hissəsində dəyəri 50.000 (əlli min) manatdan artıq olan tikili (villa) mövcud olmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan sənədlər məhkəmə qərarı ilə ləğv olunduğundan həmin müqavilə görünüş üçün bağlandığından uydurma əqddir və cavabdehlər arasında bağlanmış həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması və dəyişdirilməsi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ №0608704 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin X12 tərəfindən ona satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair, həmin torpaq sahəsinin onun mülkiyyətində olaraq dövlət qeydiyyatına alınmasına dair, bu torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə dair, İddiaçı iddia tələbinin evdən çıxarılma hissəsində təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3655/2021 saylı, 15.10.2021-ci il tarixli qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X16 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək edərək, izahatında göstərdi ki, onunla Cavabdeh2 Qennadiyevna arasında ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini uydurma əqd adlandırılması yersiz, lüzumsuz və əsassızdır. Müqavilənin görünüş üçün bağlanmasını, uydurma əqd olmasını və s. kənardan kimsə yox, müqavilə tərəfləri mübahisələndirə bilər. hazırki torpaq sahəsini və həmin torpaqda inşa edilmiş evi X5 90000 manata, Arifin tələbi ilə torpağın və evin sahibi olmuş mərhum X6 Svetlana Qennadiyevnaya isə alqı-satqı zamanı 10000 manat ödəməklə almışlar. Mübahisəli torpaq sahəsini X13 özünün deməsinə görə X9 90000 manat ödəməklə almış, ona 10000 manat borcu qalmışdır. Ödənişdən sonra X1 gedən əmlak üzərində sərəncam verməsinə dair Arif Həsənova Baş etibarnamə vermis, sonuncu da yuxarıda qeyd edildiyi kimi Marat Həsənovun ölümündən sonra həmin əmlakı ona satmışdır. Əmlakın bir neçə dəfə yəni öz adına rəsmiləşdirilməməsi üçün əmlakı birbaşa Cavabdeh2 Qennyadiyevnanın adından alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Cavabdeh2 Qennyadiyevna hələ ərinin sağlığı dövründə qeyd edilən əmlakın Arif Həsənova satdığını, 10000 manat borclu qaldığını bildiyindən Arif Həsənovun tapşırığı ilə onunla alqı-satqı müqaviləsi bağlamış, qalıq pulu 10000 manatı ondan qəbul etmişdir. Miras qalmış 0,12 ha torpaq sahəsinin Cavabdeh2 Qennyadiyevnaya düşən hissəsinin 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona satılmış hissəsinin Cavabdeh2 Qennyadiyevnaya miras qalaraq 10.03.2021-ci il tarixdə bu hüquqa dair Çıxarış verilmiş hissəsinin ona satılmış olmasına dair alqı-satqı müqaviləsinin bağlnmış hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. İşin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh2 Qennyadiyevnaya miras olaraq qalmış sahəsi 03.10.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və hazırda da yeni vərəsə İddiaçı da həmin torpaqdan miras pay verildikdən sonra belə vərəsə Cavabdeh2 Qennyadiyevnaya məxsus olmuş və ona satılmış torpaq sahəsi yenə də Cavabdeh2 Qennyadiyevnanın mülkiyyətinə verilmişdir. İddiaçı hazırki iddiası əsassızdır ona görə ki, Cavabdeh2 Qennyadiyevnaya məxsus mübahisəli torpaq sahəsinin iddiaçıya hər hansı bir aidiyyəti yoxdur, iddia üçün hüquqa malik deyil. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qennyadiyevnaya qarşı “cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Qennyadiyevna arasında ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, mərhum Maratla 2009-cu ildə ailə qurb. 2014-cü ildən Arif Həsənovu tanıyır. Mərhum həyat yoldaşı mübahisəli torpaq sahəsindən 0,045 ha olan hissəsini Arif Həsənova satmış, lakin torpağın rəsmi alqı-satqısı olmamış, şifahi razılaşma ilə olmuşdur. X21 sənədləşmə işlərinin aparılması üçün etibarnamə vermişdir. Mərhum həyat yoldaşı qeyd olunan torpağı onun razılığı ilə satmışdır. Arif Həsənov sonradan orada ev tikmişdir. X17 arasında Arif Həsənovun faktiki istifadəsində olan 0,045 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi olmuşdur. Lakin həmin alqı-satqı müqaviləsinə görə ona pul vəsaiti verilməmişdir. Həmin alqı-satqı ilə bağlı hər-hansı bir narazılığı yoxdur. Həmin yeri onun mərhum əri sağlığında satmışdı. Hazırda onların istifadəsində 0,075 ha torpaq sahəsi vardır. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, evlərin tikintisi ilə məşğuldur. O, Marat Həsənovu tanıyırdı. Təxminən 2014-2015-ci illərdə ünvan 2də 0,045 ha torpaqda olan evi o tikmişdir. Evin tikintisi başa çatanda Marat Həsənov sağ idi.Evin tikintisi üçün lazım olan pulu Arif Həsənov verirdi. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Arif Həsənov ilə qonşudur. Cavabdeh2 və Marat Həsənovu da tanıyır. Marat Həsənov özünə məxsus torpaq sahəsinin bir hissəsini Arif Həsənova satmışdır. ünvan 2də 0,045 ha torpaq sahəsində olan evi Arif Həsənov tikdirmişdir, ev ona məxsusdur. Marat torpağın bir hissəsini Arifə satdığını ona deemişdir. Hətta Marat qeyd olunan torpaq sahəsinin bir hissəsini Arifə satdığını ona deyəndə Marata demişdir ki, niyə ona satmamışdır. Mübahisəli torpaq sahəsində ev tikilərkən Arif suyu onun həyətindən götürmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31.01.2017-ci il tarixli, 2(103)-330/2017 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən “Paşa Həyat Sığorta ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət uzadılması, Həsənova (Kloçkova) Svetlana Qennadyeva və X4 adlarına X3 miras qalmış "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə 27.02.2015-ci il tarixli 2V-01-15 №-li reyestr qeydiyyatı və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə dair 27.02.2015-ci il tarixli 2V-01-16 №-li reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməsi, X3 miras qalmış "xxxx" ASC-də olan 655,50 manat məbləğində pul vəsaitinə və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə 1/3 hissədə, Həsənova (Kloçkova) Svetlana Qennadyevnanın, 1/3 hissədə X4 və 1/3 hissədə İddiaçı vərəsəlik paylarının müəyyən edilməsi və onların adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün Bakı şəhəri 20 saylı notariat kontoruna həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X2 23 iyul 2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şğbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 649 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26.08.2014-cü ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən və ərazisi 0,12 ha olan 141 saylı torpaq sahəsinə 1/3 hissədə Cavabdeh2 Qennadyevaya, 1/3 hissədə X10 və 1/3 hissədə İddiaçı müəyyənləşdirilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunda 15 aprel 2017-ci il tarixdə rəsmiləşdirilmiş ərizədən görünür ki, (alıcı) Cavabdeh1 (satıcı) Cavabdeh2 məxsus olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 141 saylı ünvanda yerləşən torpaq sahəsinin 10000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin, bununla bağlı bank xərclərinin ödənilməsi “Alıcı” öz üzərinə götürmüşdür. İş materiallarında olan 14.04.2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 “X24” ASC-yə 10000 manat pul köçürmüşdür. İş materiallarında olan “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”-nin surətindən görünür ki, (satıcı) Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 141 saylı Sahə ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 0,045 ha (alıcı) Cavabdeh1 mülkiyyətinə verir. Paylı mülkiyyət hüququ üzrə yerdə qalan 0,015 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində qalır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəlindirilən torpaq sahəsi (0,045 ha, ümumilikdə 0,12 ha paylı mülkiyyət) mərhum Marat Həsənovun mülkiyyətində olmuş, sonuncu öldükdən sonra dahha əvvəl arvadı Svetlana oğlu və oğlu Fərid arasında miras əmlak kimi hər birinə ½ pay olmaqla paylı mülkiyyətləri müəyyən edilmişdir. Bundan sonra digər övladı İddiaçı həmin miras əmlakda payının müəyyən edilməsi ilə bağlı məhkəm mübhisələri qaldırmış, sonda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin miras əəmlak üzərində Svetlana, Fərid və Səbinənin 1/3 hissədə paylı mülkiyyət hüquqları tanınmışdır.Hal-hazırda İddiaçı iddiası üzrə alqı satqı müqaviləsinin etibarsızlığı və həmin müaqavilə əsasında satılmış torpaq sahəsinin Nigar hadıyevanın qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsini iddia etdiyi torpaq sahəsi (0,045 ha torpaq sahəsi) ümumilikdə Marat Həsənovdan miras əmlak kimi qalmış ümuimi torpaq sahəsinin tərkib hissəsidir. Yəni, İddiaçı ümumilikdə ümumi torpaq sahəsinə (0,12 ha) münasibətdə paylı mülkiyyətçilərdən biridir. İşin mübahisə edilməyən halları ilə müyyən edilir ki, həmin torpaq sahəsi üzərində vərəsələrin yalnız 1/3 hisədə paylı mülkiyyətləri müəyyən edilməklə naturada kimin payının torpaq sahəsinin hansı hissəsində olması müəyyən edilməmişdir. Azərbayca Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi payçılar arasında natural qayda da bölünmədiyindən, yəni İddiaçı qeyd olunan torpaq sahəsi üzrə payının real bölgü əsasında hansı hissəsinə hüququnun yaranması müəyyən edilmədiyindən o, mövcud tələblə çıxış etmək hüququna da malik deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə müdafiəsi hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi qəbul olunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. “Eyrenin İrlandiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ yalnız bu halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqları (subyektiv hüquqları) pozulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hazırki iddia tələbinə münasibətdə müvafiq subyektiv hüquqa malik olması müəyyən edilmədiyindən məhz bu konteksdən yanaşmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisənin bu qaydada həll edilməsi iddiaçıya paylı mülkiyyətdə öz payının naturada ayrılması məsələsini digər mülkiyyətçilərlə razılaşdırmaq, onlar bu halla razılaşmadıqda isə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüqunun istisna etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,045 ha hissəsinin satılmasına dair 15.04.2017-ci il tarixdə bağlanmış AN-İ №0608704 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən alınması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar