Məhkəmə qərarları › İş №2(003)-368/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-368/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-368/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və ona əsassız hesablanmış 4000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 4000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamışdır. Bundan sonra yaşadığı ünvan 1 ünvanına qaz sayğacı quraşdırılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Lakin, Cavabdeh tərəfindən onun təbii qazdan istifadəyə görə 4000 manat borcunun olduğu bildirilmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Halbuki, o, heç vaxt sayğacdan kənar qaz xətti ilə təbii qazdan istifadə etməmişdir. Cavabdeh hansı formada, hansı qaz xətləri ilə sayğacdan kənar təbii qazdan istifadə etməyini sübuta yetirmədən və heç bir əsas olmadan ona cərimə hesablamışdır. Eyni zamanda bu hal artıq ikinci dəfədir ki, təkrarlanır. Belə ki, 2019-cu il tarixində Cavabdeh tərəfindən onun təbii qazdan istifadəyə görə 1177,1 manat borcunun olduğu bildirilmişdir. Tərtib edilmiş aktda göstərilmişdir ki, guya o, sayğacdan kənar qeyri-qanuni təbii qazdun istifadə etmiş, buna görə də borcu yaranmışdır. Bununla bağlı olaraq o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2(003)-2282/2019 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilmiş, Cavabdeh tərəfindən əsassız hesablanmış 1177,1 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2(003)- 2282/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(103)-12851/2019 nömrəli qətnaməsinə əsasən cavabdehin şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2019-cu il türixli 2(003)-2282/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi bu vəziyyət ilə artıq ikinci dəfədir ki, qarşılaşır və halhazırda cavabdehin hesabladığı 4000 manat məbləğindəki borc və tərtib etdiyi akt əvvəlki kimi əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı müəyyən edilmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 36720 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -İddiaçının adına olan **********00041 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2023-cü ilin yanvar ayında 4406,40 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın iddiaçının hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «Qazdan istifadə Qaydaları» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş aktlar əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 4000 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatadan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00041) hesablanmış 4000 manat məbləğində borc silinməli, cavabdehdən 60 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00041) hesablanmış 4000 (dörd min) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 60 (altmış) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar