Məhkəmə qərarları › İş №2(003)-3685/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3685/2024

26.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3685/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı üçüncü şəxs Bakı şəhəri 16 saylı Notariat Kontoru olmaqla Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı üçüncü şəxs Bakı şəhəri 16 saylı Notariat Kontoru olmaqla Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2023-cü il tarixdə mənimlə Cavabdeh arasında Bakı şəhəri ??? saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə işlərin görülməsi ilə bağlı tərəfindən çəkilmiş xərclərin - manat məbləğində pulun və 08 iyun 2024-cü il tarixli müqavilə üzrə ödənilməli olan 7000 (yeddi min) manat cəmi manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 08 iyul 2023-cü il tarixdə onunla Cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh qeyri-yaşayış sahəsinin sənədləşdirilərək çıxarışın alınması ilə bağlı kömək göstərilməsi barədə müraciət etmişdir. Qeyri-yaşayış sahəsinə müvafiq sənədlərin toplanması, müvafiq dövlət orqanlarından texniki sənədlərin əldə edilməsi, rəyin alınması və s. üçün aramızda şifahi razılaşma olmuşdur, o, həmin sənədlərin toplanması və sonda çıxarışın alınmasını üzərinə götürmüş və bunun müqabilində cavabdeh 7000 (yeddi min) manat məbləğində pul verəcəyini vəd etmişdir. Bununla bağlı olaraq cavabdeh 08 iyul 2023-cü il tarixdə bir il müddətinə qüvvədə olan etibarnamə vermişdir. O, həmin tarixdən başlayaraq qeyriyaşayış sahəsinə dair Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna müraciət edərək müvafiq sənədləri əldə etmiş, layihəsini çəkdirmiş və sənədlərin əldə edilməsi ilə bağlı tərəfindən ???? manat məbləğində pul xərclənmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, bütün çəkilmiş xərclər sonda ona ödənəcəkdir və zəhmət haqqı tam şəkildə veriləcəkdir. Bu səbəbdən qeyd edilən xərcləri o ödəmiş və cavabdeh tərəfindən ödəniləcəyinə inanmışdır. O şifahi razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və son mərhələyədək gətirib çatdırmışdır. Qeyd olunmalıdır ki, 2023-cü ilin iyul ayında müəyyən sənədlərin əldə edilməsi ilə bağlı 10.000 (on min) manat məbləğində pul verilməsi zərurəti yaranmışdır və o cavabdehə bunu bildirdikdə cavabdeh pulu müvafiq quruma verilməsi üçün ona yalnız borc müqaviləsi adı altında verəcəyini bildirmişdir o da işlərin dayanmaması və çəkdiyi zəhmətin boşa getməməsi üçün onun dediyinə razılıq verdi və Bakı şəhəri ??? saylı Notariat Ofisində 08 iyul 2023-cü il tarixdə kredit müqaviləsi bağlandı. Lakin işin mahiyyətindən göründüyü kimi həmin məbləğ ona faktiki olaraq borc verilməmişdir və müqavilə bağlandıqdan sonra dərhal həmin məbləğ müvafiq qurumun əməkdaşına verilmiş, müvafiq sənəd əldə edilmişdir və bunu cavabdeh özü də görmüşdür. Yəni cavabdehlə onun arasında faktiki olaraq heç bir borc söhbəti olmamışdır . O işlərin pozulmaması naminə bununla razılaşmış və cavabdeh tərəfin gələcəkdə ona qarşı hansısa məqsədlə istifadə edəcəyini düşünməmişdir. Direktoru olduğu "xxxx" Hüquq Firması ilə Cavabdeh Murad oğlu arasında 08 iyun 2024-cü il tarixdə müqavilə bağlanmışdır və Cavabdeh sifarişlə yerinə yetirilən işlərin müqabilində 7000 (yeddi min) manat məbləğndə pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Son mərhələdə cavabdeh ona bildirmişdir ki, obyektin sahibləri toplanmış sənədləri istəyirlər son mərhələ barədə özlərinin müraciət edəcəyini, buna baxmayaraq onun çəkdiyi xərcləri və zəhmət haqqını ödəyəcəyini bildirdi. O məcbur qalaraq topladığı müvafiq sənədləri qaytardı. Bir müddət sonra cavabdeh onunla əlaqə saxlayaraq 10.000 manat məbləğində pulu geri tələb etdi, o buna etirazını bildirdi, pulun ona faktiki olaraq borc verilmədiyini və hansı məqsədlərə xərcləndiyini xatırlatdı, onun çəkdiyi xərcləri və işlərin görülməsi ilə bağlı zəhmət haqqını tələb etdi. Cavabdeh həmin xərcləri və zəhmət haqqını verməkdən imtina etdi. Göründüyü kimi cavabdeh pis niyyətlə onunla razılığa gəlməklə onun üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur etmişdir. Bu əqd bağlandığı andan etibarsızdır. Cavabdeh ilə müqavilə bağlayaraq Rauf və Əliyev Pənahın sənədləşmə işlərini həyata keçirib əvəzində ona çatacaq 7000 min və xərclədiyi 3200 manat pulu zəhmətinin əvəzi olaraq alsın. Lakin cavabdeh bu pulu ona borc əvəzi olaraq notorial kontorunda 10000 manat borc müqaviləsi bağlayaraq vermişdir. Göründüyü kimi cavabdeh pis niyyətlə onunla razılığa gəlməklə onun üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur etmişdir. O götürdüyü öhdəiyi icra etmiş, ona görə də borc müqaviləsinin ləğv edilməsinə dair məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdiyi iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də 2023-cü ilin mart ayında cavabdeh onun Abşeron rayonu Dübəndi kəndində 4 hektar torpaq sahəsinin Rauf adlı şəxsin adına olduğunu və orada 2500 kv metr toyuq fermasını tikdirmək istəyini ona bildirmişdir. Ona görə də Raufun adından notariat kontorda etibarnamə aldırmışdır. Ondan orada gedən tikintinin sənədləşdirilməsini xahiş etmişdir. O ondan zəhmət haqqı olaraq 3000 manat pul istədi. O sənədləşməyə başlayan zaman Xəzər rayon İcra Hakiminin qəbulunda oldu. Qəbulda fikrini söylədi, lakin icazə verilmədi. Müavinin, memarın qəbulunda olsa da, rədd cavabı aldı. Sonra Abşeron rayon İcra Hakimiyyətində qəbulda olmuş, sənədləri göstərmişdir. Bildirdilər ki, layihə hazırlanmalıdır, aidiyyatı sənədlər toplanmalıdır. O sənədləri topladı, toyuq fermasının layihəsini çəkdirdi, bu 1000 manat etdi. Lakin cavabdeh pulu onun verməsini istədi. Bildirdi ki, onun haqqını verəndə üstündə verəcək. O razılaşdı, sənədləri hazırlayandan sonra Abşeron rayon İcra Hakimiyyətində dedilər ki, inzibati ərazi Xəzər rayonudur, o da icazə verməlidir. Lakin Xəzər rayon İcra Hakimiyyəti icazə vermədi. Sonra Azərbaycan Respublikası X2 üzrə köməkçisinin qəbulunda oldum. Köməkçi onu sahibkarlara kömək edən KOB-a göndərdi. KOB-da qəbulda oldu. KOB isə Xəzər rayon KOB-ə göndərdi. Köməklik göstərmək istəyirlər ki, bu vaxt Cavabdeh dedi ki, Əliyev Pənah adlı şəxs bu işləri özü edəcək. Cavabdeh isə onun Xətai rayonu İlqar Abbasov küçəsində yerləşən qeyri-yaşayış obyektini özəlləşdirməli idi. Pənah Əliyev cavabdehǝ notarial kontorunda etibarnamə vermişdi. Telman isə qeyri-yaşayış obyektini özəlləşdirilməsi üçün ona etibarnamə verdi. Zəhmətinin haqqını əvvəldən danışdıqları kimi 10.000 manat pulu borc müqaviləsi əsasında verdi. Bildirdi ki, iş qurtardıqdan sonra ləğv edəcək. O ona inandı. 10.000 niyə etmişdi, o zəhmət haqqı 7000 istəmişdi və şirkətinin müqaviləsində alacağı pulun miqdarını 7000 göstərmişdi. Lakin toyuq fermasının layihəsi 1000 manata qeyri-yaşayış sahəsinin layihəsi 1000 manat, qeyri-yaşayış sahəsinin tikintisinin lahiyələndirmənin ekspertizasına 1200 manat öz büdcəsindən pul xərcləmişdir. Ona görə 10.000 göstərmişdir və borc qismində ona vermişdir. O qeyri- yaşayış obyektinin bir ədəd icra hakimindən sərəncamı var idi. Yerdə qalan bütün sənədləri o hazırlamışdır. X4 nazirliyinin tikintidə X1 başlamışdır. Bundan sonra qeyri-yaşayış obyektinə layihə çəkdirdi. Sonra aidiyyatı orqanlarda akt, qərar və s. topladı. X5 Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyindən, eyni zamanda qeyri-yaşayış obyektinin layihəsinin disketini hazırlatdı. Azərbaycan Dövlət Layihə Baş İnistutundan rəy aldı, tikintinin standartlaşdırılmasından rəy aldı. 1200 manat dövlət rüsumu ödədi öz hesabından. X6 Nazirliyinin Tikintidə layihəyə uyğun sdandart tikilməsinin ekspertizasından rǝy aldı, Xətai rayon yanğından mühafizə idarəsindən rəy aldı, əmlakı sığortalaşdırdı. Sonra çəkdirdiyi layihənin disklərə köçürülməsi və liranın hazırlandırılmasını həyata keçirdi. Hər dəfəsində Pənah Əliyevin köməkçisi Hüseynqulu adlı şəxs ilə əlaqə yaradıb etdiklərini ona da söyləyirdi. Şəhərsalmaya sənədləri verib rəy almağa getdiyi zaman Hüseynqulu ondan idarənin qabağında bütün sənədləri aldı ki, bundan sonra özləri edəcəklər. Onun haqqını da özlərinin verəcəyini dedilər. Lakin bu günə kimi onu görməmişdir. Sonra onun adına və ünvanına həmin obyektlə bağlı rəy verilməməsi ilə bağlı məktublar gəlməyə başladı. Birini məhkəməyə təqdim etmişdir. Bu işlərlə bahǝm cavabdehin başqa işlərini həyata keçirmişdir. Cavabdeh hər dəfəsində ona deyirdi ki, onunla müqavilə bağlamış, o ona yardım etməlidir. Dediyinə görə ferma almaq istəyirdi. Ferma Şamaxıya yaxın ərazidə yerləşirdi. Cavabdeh onunla fermaya gedib fermadakı vəziyyətə baxmaq istǝyirdi. Onlar Şamaxı yolundan çıxıb torpaq yollarla gedib fermaya çatdılar. Yollar çox bərbad olduğu üçün onun maşınına 2000 manat ziyan dəymişdir. Çünki cavabdeh onun maşını ilə getməyi istəmişdir. O da razı oldu Fermanı ona orada telefonla çəkiliş etməyini istəmişdi. O da çəkiliş etmişdir. Onlar fermaya baxandan sonra bildirdi ki, fermaya sahibkarlığa kömək fondundan pul götürüb işləmək istəyir. O sahibkarlığa kömək fondunda qəbullarda olmuşdur. Fikrini söyləmişdir. Bildirdilər ki, bank tapıb danışın razılığa gəlin, onlar kömək edirlər. Bank axtarıb tapmışdır. Bankla danışıb razılığa gətirmişdir. Bank bildirdi ki. girov mütləqdir. Lakin cavabdehin heç bir girovu olmadığı üçün alınmadı. Sonra Siyəzən rayonunda onu müxtəlif şəxslərlə bir yerdə fermaya apardı. Dediyinə görə indi bu fermanı almaq istəyirdi. Çox böyük bir ferma idi. 40 dərəcə tempraturda üfunət iyi verən fermanı cavabdeh ona telefonla çəkiliş etməsini istədi. O çəkiliş edirdi. Qayıdandan sonra bildirdi ki, yenə sahibkarlığa kömək fondundan kredit götürsün. Yenə o sahibkarlıq fonduna getdi, qəbulunda olduğu şəxslərlə danışdı, çəkilişdəki fermanı göstərdi, onlar razılığa gəldilər. Bildirdilər ki, bankla razılaşın onlar bu fermaya da pul ayıra bilərlər. Yenə bankla gedib söhbət etmiş, razılığa gəlmişlər. Yenə də cavabdehin girovu olmadığı üçün pul götürə bilməmişdir. Bu qədər işlərin müqabilində o 7000 manat pul almış və öz büdcəsindən yuxarıda göstərdiyi yerlərə 3200 manat pul xərcləmişdir. Ona görə də pulun həcmi 10.200 manat etmişdir. Cavabdeh halal zəhmət haqqını ona borc müqaviləsi bağlatdıraraq vermişdir. Demişdir ki, iş bitəndə müqaviləni ləğv etdirəcək. Bu ǝqd bağlandığı andan etibarsızdır. Bu əqd başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Yalan ǝqd isə əhəmiyyətsizdir. Yalan ǝqd onun mahiyyəti üzrə alınmaqla tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (MM-nin 340.2 maddə). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili P.Ə.Əliyeva iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı iddia edir ki, cavabdeh onu icazə almaq məsələsində aldatmışdır. Lakin, cavabdeh tikintini aparmış, sonradan isə sökülmüşdür. Nəticədə cavabdehin özünə də maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən Cavabdeh 10000 manat məbləğində pulu borcalan İddiaçı verməyi, sonuncu isə müəyyən edilmiş vaxtda həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. -"xxxx" hüquqi servis firmasının direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 07 saylı podrat müqaviləsindən görünür ki, icraçı İddiaçı sifarişçi Cavabdeh 7000 manat məbləğində pul qarşılığında xidmət göstərməsi nəzərdə tutulmuşdur. -Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının ona qarşı olan iddiasını qəbul etmir. İddiaçı hazırkı iddianı ona vurduğu ziyanları ört-basdır etmək üçün qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, kredit müqaviləsinə əsasən iddiaçı 10000 manat məbləğində pulu notariusun kassasından götürmüşdür. Həmin kredit müqaviləsi hər iki tərəfin notariat orqanına gedərək öz iradələrini ifadə etmələri yolu ilə bağlanmışdır. Burada əqdin etibarsız hesab edilməsini güman etməyə heç bir əsas yoxdur. Belə olan halda, cavabdehin borcalanın iradə ifadəsinə zidd hər hansı hərəkət etməsi, həmçinin hər hansı əqdi pərdələmək məqsədi güddüyü müəyyən edilmir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı üçüncü şəxs Bakı şəhəri 16 saylı Notariat Kontoru olmaqla Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı üçüncü şəxs Bakı şəhəri 16 saylı Notariat Kontoru olmaqla Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəsini alır. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar