Məhkəmə qərarları › İş №2(003)-3723/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3723/2021

12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3723/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Tehran Hacıyevin iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 892.2 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına dair əsassız olaraq ******* saylı 30 aprel 2021-ci il tarixli və ******* saylı 31 may 2021-ci il tarixli akt tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında onun üçün 3517 manat məbləğində qaz borcu hesablanmışdır. Qeyd edir ki, aktlar tərtib olunmuş mənzildə heç vaxt təbii qazdan qanunsuz istifadə olunmamışdır. Lakin bütün bunlara baxmayaraq əsasssız olaraq borc hesablanmış və ümumilikdə 3517 manat borc yazılmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq 3517 manat məbləğində borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi, izahatında həmçinin təbii qazdan kənar xətt vasitəsilə heç vaxt istifadə etmədiyini, tərtib edilmiş aktlar barəsində məlumatının olmadığı, həmin aktlarının əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən dəfələrlə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçının abonent hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçının abonent hesabında göstərilmiş borc həmin aktlar əsasında hesablanmış borclardır. Hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından olan abonent saldosundan və 30.09.2020-ci il tarixli ******* nömrəli, 30.10.2020-ci il tarixli ******* nömrəli, 29.01.2021-ci il tarixli ******* nömrəli, 26.02.2021-ci il tarixli ******* nömrəli, 31.03.2021-ci il tarixli ******* nömrəli, 30.04.2021-ci il tarixli ******* nömrəli və 31.05.2021-ci il tarixli ******* nömrəli aktların surətlərindən görünür ki, abonent tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi halı aşkar edildiyindən, onun abonent hesabına ümumilikdə 2743,2 manat borc hesablanmışdır. Həmçinin iş materiallarında olan GASREP çıxarışdan görünür ki, iddiaçının abonent hesabına 2017-ci ilin may ayında 773,8 manat borc hesablanmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda yerləşdirilmiş sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edir. Odur ki, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilməmiş və ya həmin halların mövcüdluğu barədə cavabdeh tərəfindən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçının abonent hesabına borcun hesanlanmasına əsaslar cavabdeh qrum tərəfindən tərtib edilmiş aktlar olduğundan, məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki məhkəmə hesab edir ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Eyni zamanda məhkəmə araşdırılması zamanı iddiaçının abonent hesabına 2017-ci ilin may ayında hesablanmış 773,8 manat borcun nədən ibarət olması, hansı səbəbdən iddiaçından tələb olunması barədə sübutlar məhkəməyə təqdim edilməməklə həmin borcun əsaslı olaraq iddiaçıdan tələb edilməsi halı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında tərtib edilmiş aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış 2743,20 manat və iddiaçının abonent hesabına 2017-ci ilin may ayında hesablanmış 773,8 manat, cəmi 3517 manat məbləğində iddiaçının abonent hesabına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunmaqla, iddianın qiyməti də 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən İddiaçı abonent hesabına hesablanmış 3517 manat məbləğində borc silinməli və cavabdehdən 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********02820) hesablanmış 3517 manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar