Məhkəmə qərarları › İş №2(003)-3754/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3754/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3754/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, ərizəçi Alına Tverdoxlıbın hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi Alına Tverdoxlıb ərizə ilə məhkəməyə müraciət edərək, * saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində verilmiş AZ 234986 nömrəli nikah haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Belə ki, iş materiallarında olan Alına Tverdokhlıba ünvanlanmış * saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 2*.10.2022-ci il tarixli məktubundan görünür ki, qeydə alınmış xx.xx.2017-ci il tarixli 3*77 nömrəli nikah haqqında akt qeydinə əsasən nikahdan sonrakı soyadı “Salmanovadır”. Buna baxmayaraq, xarici pasportunda soyadı “Tverdokhlıb” qeyd olunmuşdur. Adına tərtib olunmmuş doğum haqqında şəhadətnamədə isə soyadı “Tverdoxleb”dir. Qeyd olunan ziddiyyətləri nəzərə alaraq bildirilmişdir ki, onun adına tərtib edilmiş nikah haqqında akt qeydində və qızı X1 doğum haqqında akt qeydində və qızının X1 doğum akt qeydində soyadının “Tverdokhlib”ə düzəliş edilməsi mümkün olmamış və düzəlişlə bağlı məhkməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra MPM) 307.1-ci maddəsin əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.*-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa həmin şəxsə məxsus olması faktını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə (faktlara) aid olmadığından həmin məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsin əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*3.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 1*3.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və əzirəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam şəkildə ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 1*2-ci maddəsini rəhbər tutaraq qərara aldı: Ərizəçi Alına Tverdoxlıbın * saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində verilmiş AZ 234986 nömrəli nikah haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Alına Tverdoxlıba aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə Alına Tverdoxlıb (MYİ seriyalı 0*32200 nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi) tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat (98*9167*9 nömrəli mədaxil qəbzi) məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qadyada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar