Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3756/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 9170,82 (doqquz min bir yüz yetmiş manat, səksən iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən onun yaşadığı ünvan 1 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 9170,82 manat məbləğində borc hesablanmışdır. O, vaxtlı-vaxtında qaz borcunu ödəmişdir. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 9170,82 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilənlərə əsasən, ünvan 2 ünvanına dair hesablanmış (**********00020 saylı abonent) 9170,82 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, akt tərtib edilərkən, yəni 2022-ci ilin noyabr ayında həqiqətən də, havaların soyuq olması səbəbindən, sayğacdan kənar xətt çəkməklə təbii qazdan qeyri-qanuni istifadə etmiş lakin, ondan sonra qaz xəttinə müdaxilə etməmişdir. Həmin vaxt ünvanda iki gözlü qaz avadanlığı və İran sobası istifadə edilmiş, suyu qızdırmaq üçün isə təbii qazdan deyil, elektrikdən istifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00020 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 73.440 m3 həcmində qaz itkisi hesablanmaqla 8812,8 manat (73.440 x 0,12 = 8812,80 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00020 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2023-cü ilin avqust ayınadək ümumilikdə 9170,82 (8812,80 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 358,02 manat (aparılmış ödənişlər nəzərə alınmaqla) manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək akt tərtib edilmiş, iddiaçıya ümumilikdə akt əsasında 8812,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı 2022-ci ilin noyabr ayında sayğacdan kənar qaz xətdindən istifadə etdiyini bildirir. Hazırda iddiaçı tərəf həmin akt əsasında tələb edilən borc da daxil olmaqla ümumilikdə 9170,82 manat hesablanmış borcun silinməsini tələb edir. İddiaçı həqiqətən də aktın tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında İddiaçı 8812,80 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada cavabdeh tərəf həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 8812,80 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, aktla əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 73.440 m3 həcmində sərfiyyat hesablanmaqla dəyəri 8812,80 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, ddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat və 360 gün götürülməklə idiaçıya zərər hesablanmışdır. Məhkəmə qeyd edir ki, qaz avadanlıqlarının orta günlük iş rejminin 24 saat və dəymiş zərərin 360 günə görə hesablanması ağlabatan hesab etmək olmaz. Belə ki, iddiaçı özüdə qaz xəttdindən qanunsuz istifadə etdiyini bildirsə də bu halın 2022-ci ilin noyabr ayında etdiyini bildirmiş, cavabdeh təşkilat isə bunun əksini sübut edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də və həmin an hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, məhkəmə orta günlük iş rejiminin PQ4 qaz avadanlığı üçün 8 saat, qənaətli su qızdırıcısı qaz avdanlığı üçün 8 saat, dəmir soba qaz avadanlığı üçün 16 saat, İran sobası qaz avadanlığı üçün 16 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti PQ4 qaz avadanlığı üzrə günlük orta iş rejimi 8 saat, QSSQ qaz avadanlığı üzrə günlük orta iş rejimi 8 saat, dəmir soba üzrə qaz avadanlığı üzrə günlük orta rejim 16 saat, İran sobası qaz avadanlığı üzrə günlük orta rejimi 16 saat olmaqla hesablanmalıdır. Odur ki, xx.xx.2022-ci il tarixli № ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0,12), QSSQ qaz avadanlığı üçün 3x8x30=720 kub metr olmaqla 86,40 manat (720x0,12), dəmir soba üçün 1,4x16x30= 672 kub metr olmaqla 80,64 manat (672x0,12), İran sobası üçün 1,5x16x30=720 kub metr olmaqla 86,40 manat (720x0,12) həmin akt üzrə cəmi 288 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00020 olan) hesablanmış 8524,8 (8812,8-288,0) manat məbləğində borc silinməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə iddiaçıya hesablanmış 9170,82 manat borcun 358,02 manatı (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iddia tələbini həmin hissəsinə qiymət verərək hesab edir ki, 358,02 manat borc abonentin istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00020 olan) hesablanmış 8524,80 manat (9170,82 - 288,0 – 358,02 = 8524,80) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 105,24 (bir yüz beş manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana (abonent kodu: **********00020) hesablanmış 8524,80 (səkkiz min beş yüz iyirmi dörd manat səksən qəpik) manat məbləğində borc silinsin. 105,24 (bir yüz beş manat manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3756/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3756/2023
05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver