Məhkəmə qərarları › İş №2(003)-379/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-379/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-379/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1 nümayəndəsi X5 və onun vəkili X6, İddiaçı və birgə iddiaçıların nümayəndəsi İddiaçı2, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 manat məbləğində kompensasiya ödəməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən və cavabdeh Cavabdeh2 6000 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi İddiaçı2 yenidən iddia tələbini dəqiqləşdirərək, İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 şəxsi mülkiyyətində başqa yaşayış yeri olduğu üçün onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən və cavabdeh Cavabdeh2 7200 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.07. 2017-ci il tarixli RX Siriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/19 saylı, 17 aprel 2017-ci 11 tarixli qərardadı ilə miras əmlakın bölünməsi tələbinə dair iddiaçılar arasında bağlanılmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: Cavabdeh İddiaçı1 bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 həqiqətən də 05.05.1990-cı ildə vəfat etmiş X7 vərəsələri olduğunu qəbul edir, cavabdeh İddiaçı1 atasından miras qalan, ünvan 3 ünvanda yerləşən evin faktiki olaraq bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 tərəfindən qəbul edildiyini nəzərə alaraq aralarında 1/5 payla (yəni bərəbər) bölünməsinə etiraz etmir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/19 saylı 17 aprel 2019-ci il tarixli qərardadı ilə evin mülkiyyət relimi dəyişmiş və həmin ev paylı mülkiyyət hüququ ilə iddiaçıların bərəbər payda mülkiyyətinə keçmişdir. İddiaçı1 övladları olan cavabdehlər həmin mənzildə doğulmuşlar, mənzil və mülki qanunvericiliyin müdəalarına görə mənzildən istifadə hüququna malikdirlər. Lakin, hazırda evin mülkiyyətçiləri ilə cavabdehlərin ailə münasibətlərinə xitam verilmişdir. Son zamanlar iddiaçılar ilə cavabdehlərin birgə yaşaması qeyri-mümkün olmuşdur. Cavabdehlər onların mülkiyyət hüquqlarını məhdudlaşdırır, onlara hədə-qorxu gəlib mənzilə buraxmırlar, ataları İddiaçı1 mütamadi olaraq döyüb psixi və fiziki işgəncələrə məruz qoyurlar, sonuncu dəfələrlə polisə şiklayət etmiş, həmin şikayətlər üzrə müvafiq araşdırmalar aparılmış, cavabdehlər inzibati məsuliyyətə cəlb edilmişlər. Lakin, cavabdehlər bundan nəticə çıxarmamışlar, islah olunmamışlar, mülkiyyətlərində olan əmlak barədə sahiblik , istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməklərinə imkan vermirlər. Bütün bunlar onu göstərir ki, biaim cavabdehlər ilə bir mənzildə yaşamağımız qeyrimümkündür. Ona görə cavabdehlərin evbdən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişlər. Cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüququ 01.09.2000-ci il tarixdən əvvəl yaransa da, AR Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 26.09.2007-ci il qərarının müddəaları baxımından mülki hüquq münasibətlərinin uzanan xarakter daşıması nəzərə alınmaqla cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar münasibətlər hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə tənzimlənir. Cavabdeh2 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi üçün ona ödənilməli olan pul kompensiyasının mərbləğini müəyyən edərkən nəzərə alınmalıdır, mülkiyyətlərində olan mənzil Bakı şəhərinin ucqar məkanı olan Şüvəlan qəsəbəsində yerləşir. Bu qəsəbədə olan mənzillər orta kirayə haqqı Bakını digər rayonlarında yerləşən mənzillərdən münsibətdən ucuzdur, oxşar yerdə olan və oxşar şəraitə malik olan iki otarlı mənzillin kirayə haqqı 150-200 manat civarındadır. Ona görə hesab edirlər ki, cavabdehin oxşar şəraitə malik başqa mənzildə davamlı surətdə uzun müddət yaşaması üçün 7200 manat kompensasiyanın verilməsi ağlabatan məbləğdir. İddiaçı və birgə iddiaçıların nümayəndəsi İddiaçı2 məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, istifadə hüququma xitam verilməsi tələbi irəli sürülən həmin ünvanda anadan olub və bu günə kimi yaşayır. İddiaçı1 artıq 5 ildir ki, həmin ünvanda yaşamır və ondan heç bir xəbər yoxdur. İddiaçı2 isə artıq 40 ildir ki, həmin ünvanda yaşamır. Hesab edir ki, onun həmin ünvandan başqa yaşayış yeri də olmadığından iddia tələbi təmin edilməməlidir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hüquqlarına xitam verilməsi tələb edilən həmin ünvanda anadan olub və bu günə kimi yaşayır. İddiaçı1 artıq 5 ildir ki, həmin ünvanda yaşamır və ondan heç bir xəbər yoxdur. İddiaçı2 isə artıq 40 ildir ki, həmin ünvanda yaşamır. Əlavə olaraq qeyd edir ki, iddiaçı tərəf onun mülkiyyətində daşınmaz əmlakın olmasına istinad etməklə ümumiyyətlə kompensasiya verilmədən onun istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Halbuki, reyestr qeydiyyatında onun mülkiyyətində daşınmaz əmlakın olması görünsə də, həmin qeydiyyat tamamilə formal xarakter daşıyır. Belə ki, həmin ev əslində dayısının əmlakıdır, sadəcə formal olaraq onun adına qeydiyyata alınmışdır. Onun başqa yaşayış yeri yoxdur dogulandan bu günə kimi də, həmin ünvanda yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 92/2, 11 saylı mənzil 23.08.2017-ci il tarixdə X8 oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu N.K.Gülməmmədova tərəfindən təsdiqlənmiş 2V-335 reyestr nömrəli 07.10.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı 01.07.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4439/2019 saylı 17.04.2019-cu il tarixli qərardadın surətindən görünür ki, iddiaçılar İddiaçı2, X3, İddiaçı4 və İddiaçı5 cavabdeh İddiaçı1 qarşı miras əmlakın bölünməsi tələbinə dair iddiaçılar arasında bağlanılmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: Cavabdeh İddiaçı1 bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 həqiqətən də 05.05.1990-cı ildə vəfat etmiş X7 vərəsələri olduğunu qəbul edir, cavabdeh İddiaçı1 atasından miras qalan, ünvan 3 ünvanda yerləşən evin faktiki olaraq bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 tərəfindən qəbul edildiyini nəzərə alaraq aralarında 1/5 payla (yəni bərəbər) bölünməsinə etiraz etmir. İş materiallarında olan 05.05.2021-ci il tarixli aktda qeyd olunur: "yazıb sizə bildirmək istəyirik ki, biz, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 3-də yaşayanlar təsdiq edirik ki, Cavabdeh1 və Cavabdeh2 həmin ünvanda anadan olub və bu günə kimi yaşayırlar. İddiaçı1 artıq 5 ildir ki, həmin ünvanda yaşamır və ondan heç bir xəbər yoxdur. İddiaçı2 isə artıq 40 ildir ki, həmin ünvanda yaşamır və bu iki qardaşlara 5 ildir ki, problem yaradır." Babayev Etibar, Enkin Denis, Mursukayev Azər, Baxşıyeva Radan, Abdullayev Teymur, Haşımov A.B. İmzalar var. İş materiallarında olan "xxxx" MMC-nin 08.05.2021-ci il tarixli LP-082/21 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, M.Müşviq küçəsində 0,1046 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırkı bazar qiyməti torpaq sahəsi 68000 manat, fərdi yaşayış evi 15000 manat, həmin mənzilin orta aylıq kirayə haqqı isə 200-250 manat məbləğində qiymətləndirilmişdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlər isə mübahisəli mənzilə istifadə hüququna malik olduqlarından, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən aşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin mənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 200-250 manat təşkil edir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 2400-3000 manat, iki il üçün 4800- 6000 manat təşkil edir. İddiaçı Cavabdeh2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 7200 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh2 təqribən 2 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilərr, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir və yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqının 200-250 manat təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində və oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o yaşayış sahəsi ilə təminatlı olacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 7200 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqlarına görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçıların bildirdiyi 7200 manat həcmində müəyyən edilməli və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna görə 7200 manat ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin iddianın “Cavabdeh1 kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır, təmin edilməməlidir. Ona görə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 92/2, 11 saylı mənzil 07.10.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən cavabdehlərdən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 adına yaşayış sahəsinin qeydiyyatdan keçməsinə baxmayaraq, Cavabdeh1 heç vaxt mülkiyyətində olan mənzildə yaşamamışdır. O, doğulduğu gündən hal-hazıradək mübahisəli mənzildə yaşayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 isə mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etdiyindən, bununla da mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan Cavabdeh1 yalnız kompensasiya verməsi yolu ilə onların mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 istifadə hüququna kompensasiya ödənilmədən xitamı üçün əsaslar yoxdur. Belə ki, istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 başqa yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınsa da, o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmadığından digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi halı müəyyən edilmədiyindən onun istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruru hesab edir ki, yuxarıda qeyd olunan Plenum qərarında məhz göstərilən halların olduğu təqdirdə kompensasiya ödənilmədən şəxsin istifadə hüququna “keçmiş” ailə üzvünə münasibətdə xitam verilməsi göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia tələbi "Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi" hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh2 İddiaçı1 tərəfindən 7200,0 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar