Məhkəmə qərarları › İş №2(003)-3811/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3811/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3811/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra “1 saylı Bakı Ərazi İdarəsi”) maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini; ünvan 1-ə dair verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli texniki pasportun X9 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırmışdır ki, ünvan 1 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli texniki pasportuna əsasən birgə mülkiyyət kimi iddiaçının babası X9 və atası X10 ayrılmışdır. Həmin texniki pasportda X7 atı adı “Əsəd” kimi yox, “Əli Əlövsəd” kimi göstərilmişdir. Amma iddiaçının babası ölüm haqqında şəhadətnaməsində və atamın doğum haqqında şəhadətnaməsində X3 qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 08 iyul 2025-ci il tarixli məktubundan görünür ki, müvafiq düzəlişin edilməsi barədə ərizəmin icrası mümkünsüzdür.

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (arvadı) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin izahatında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli texniki pasportunda olan yanlışlığın aradan qaldırılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edildiyini, lakin onlardan bununla bağlı imtina alındığını, hazırda iddiaçının babası vəfat etmiş olsa da, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli texniki pasportunda edilmiş yanlışlığa görə hələ də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsində iddiaçının babasının paylı mülkiyyətçi kimi qeyd olunduğunu bildirmiş və qeyd olunan problemin aradan qaldırılması üçün məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

6. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

7. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının:

8. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

9. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

10. 6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.

11. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır.

12. Belə ki, iş materiallarında olan 63 nömrəli ev dəftərindən görünür ki, həmin dəfərdə X12 və X8 doğum tarixi, milliyəti və harada doğulması barədə məlumatlar qeyd olunmuşdur.

13. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Mərdəkan, Artyomov rayonunda yerləşən 63 nömrəli evə dair X4 və X10 texniki pasport verilmişdir.

14. Doğum haqında şəhadətnamənin xx.xx.2013-cü il tarixli, 234 nömrəli surətindən görünür ki, X13 10 aprel 1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası X5r.

15. İİ-ИЕ seriyalı 361838 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1971-ci il tarixdə ölmüşdür.

16. V-ЖГ seriyalı 292671 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1998-ci il tarixdə ölmüşdür.

17. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda hüquq sahiblərindən biri olan X1 ata adı hissəsində düzəliş edilərək “Əsəd” kimi yazılması ilə bağlı müvafiq məhkəmıə qərarı əsasında həmin hissədə düzəliş edilə bilinəcəyi qeyd olunmuşdur. Bu səbəbdən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

18. 30.05.2024-cü il tarixli, ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1044, ünvan 2 ünvanında yerləşən 75.6 kv/m sahəsi olan fərdi yaşayış evi və 0.0270 ha sahəsi olan torpaq sahəsi ümumi birgə mülkiyyətlə Ərizəçi məxsusdur. Digər umumi birgə paylı mülkiyyətçi X2r.

19. Qeyd olunan sənədlərdən və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən X7 və X8 adına 1963-cü il tarixdə texniki pasport verilmişdir. Lakin bu faktı təsdiq edən hüquqmüəyyənedici sənədin surətindən görünür ki, X7 adı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən X6 (Мамедов Иззят Алиовсад) kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunan X8 doğum haqında şəhadətnaməsi, X7 ölüm haqqında şəhadətnaməsi və 63 nömrəli ev dəftəri iddiaçının babasının tam adının “X12” olması faktını təsdiq edir. Lakin hazırda qeyd edilən səhv səbəbindən iddiaçı Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini özünün xüsusi mülkiyyətinə keçirə bilmir. Çünki həmin sənəddəki yalnışlığın məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyil. Ona görə hüquqi əhəmiyyəti olan həmin faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsinə zərurət vardır.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli texniki pasportunda X7 adının yazılışında olan fərqliliyin texniki səbəblərdən yaranmış olduğu qənaətinə gəlməklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 63-ə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun X9 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi

Ərizə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 63-ə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun X9 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar