Məhkəmə qərarları › İş №2(003)-3819/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3819/2024

26.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3819/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yazılmış ünvan 1 ünvanı üzrə **********10091 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1015 manat məbləğində barmek borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azərişıq” ASC tərəfindən ünvan 2 ünvanı üzrə **********10091 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 1015 manat məbləğində barmek borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Həmin sayğaca bu qədər borcun əsassız hesablanması olduqca böyük çətinliklər yaratmışdır. Sayğac rəhmətlik oğlunun adına olmuşdur, hazırda həmin sayğacdan istifadə edir. Oğlunun ölüm haqqında şəhadətnaməsin ərizəsinə əlavə edir. Sayğacda bu məbləğdə pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X1 olan xx.xx.1985-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X2 adına olan **********10130 nömrəli abunə haqqında məlumata əsasən xx.xx.2011-ci il tarixə 1014,99 manat barmek borcu hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən elektrik sayğacına hesablanmış 1014,99 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən onun təqsiri müəyyən olmasının əsasları müəyyən edilmədən ona 1014,99 manat məbləğində borc hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Bakielektrikşəbəkə" Səhimdar Cəmiyyətini idarə etmək hüququna dair müqavilənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2001-ci il tarixli fərmanına əsasən Bakı şəhərinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasını, şəhər elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılmasını, elektrik enerjisindən istifadəyə görə yığımların yaxşılaşdırılmasını, bu sahədə xarici investisiyaların və yeni texnologiyaların cəlb edilməsini və “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin “Barmek Holdinq A.Ş.” şirkəti arasında bağlanmış “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqaviləni təsdiq etmişdir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh tərəfindən iddiaçıya 1014,99 manat barmek borcunun göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi borcu hesablamış orqanın, yəni cavabdehin üzərinə düşür. Hazırki işdən isə müyyən edilir ki, həmin borc sadəcə abuna haqqında məlumatda qeyd edilmiş, həmin borcun hansı səbəblərdən yaranması qeyd edilməmişdir. Cavabdeh tərəfindən həmin borcun yaranması barədə hər hansı bir sübut təqdim edilməmişdir.Eyni zamanda abonent saldosundan görünür ki, qeyd oluan borc 2011-ci ilin mart ayına qeyd edlmiş, həmin borc abonentin elektrik enerjisindən istifadəyə görə yaranmış borcuna əlavə olunmamış və ya aparılmış ödəmələr həmin borca yönəldilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 1014,99 manat barmek borcunun hansı (akt və sair) səbəblərdən hesablanmasını təsdiq etmədiyindən, iddia əsaslıdır və iddiaçıya barmek borcu kimi qeyd edilmiş 1014,99 manat borc hesabından silnməlidir. Məhkəmə iddianın 0,01 manat borcun silinməsi hissəsini araşdıraraq hesab edir ki, iddiaçı həmin borc barədə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 0,01 manat borcun iddiaçıya hesablanması və yaxud həmin borcun mövcud olmasını təsdiq edəcək hər hansı sübutlar təqdim edilmədiyindən, iddiaya həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə **********10091 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1014,99 manat məbləğində barmek borcu silinməli, iddia qalan hissədə təmin edilməməli, "xxxx" Açıq Səhmdarlar Cəmiyyətindən 30,15 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə **********10091 saylı abonent hesabına əsassız olaraq hesablanmış 1014,99 manat məbləğində barmek borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdarlar Cəmiyyətindən 30,15 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar