Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3843/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 2094,50 manat borcun 1944 manat hissəsinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına akt tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Qeyd edir ki, sözügedən aktla bağlı heç bir xəbəri olmamış və akt onun iştirakı olmadan tərtib edilmişdir. Ona heç bir xəbərdarlıq edilməmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağdan kənar xətt aşkar edilmiş və qaz itgisi kimi qiymətləndirilmişdir. Halbuki o, həmin evdə yaşamır və həmin evə təzə gəlmiş, cəmi 5 gün o, qazdan qeyri qanuni istifadə etməmişdir. Sözügedən akt əsasında onun üçün 2094.50 manat məbləğində qaz borcu hesablanmışdır. Akt tərtib olunmuş mənzildə cəmi 5 gün təbii qazdan qanunsuz istifadə olunduğunu nəzərə alınsa və hər günü ən çox 30 manatdan hesablansa onda cəmi 150 manat pul edir. Lakin bütün bunlara baxmayaraq əsasssız olaraq barəsində yüksək məbləğdə borc yazılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, o, yalnız 2022-ci ilin oktyabr ayının əvvəlində 5 gün ərzində sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə etmiş və hava soyuq olduğundan məcbur olub etmişdir. Buna baxmayaraq onun iştirakı olmadan akt tərtib edilmiş və 180 gün müddətində həmin xəttdən istifadə etməsini müəyyən etmişlər. Qeyd edir ki, ünvanına quraşdırılmış sayğac mexaniki sayğacdır və hər ay cavabdehin əməkdaşı həmin sayğacın göstəricilərini qeyd etməklə onlara qəbz təqdim edir. Tərəfindən çəkilmiş xətt şlanqdan ibarət olan xətt olmuş və sayğaca gedən xəttə qoşulmuşdur. Sayğaca baxış keçirildikdə də həmin xətti görməmək mümkün deyil. Ona görə də hesab edir ki, 180 gün müddətində hesablanması əsassız olmuşdur. Məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının ünvanına baxış keçirilər zaman qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli akt əsasında 180 gün müddətində 17280 m3 (4x24x180) həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının **********00520 nömrəli abonent hesabına 2022-ci ilin oktyabr ayında akt əsasında 2073,60 (17280 m3 x 0.12 manat) manat məbləğində borc hesablanmışdır. Həmçinin həmin abonent saldodan görünür ki, iddiaçının ünvanına xx.xx.2021-ci il tarixdə “Zenner G4T” markalı mexaniki tipli sayğac quraşdırılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların, o cümlədən aktda qeyd olunan müddətdə törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ünvanı ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin akt iddiaçının iştirakı və məlumatı olmadan tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında iddiaçı tərəfindən 180 gün müddətində qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etməsinə görə 17280 m3 həcmində dəymiş ziyan hesablanaraq iddiaçının abonent hesabına 2073,60 manat borc hesablanmışdır. Həmçinin işin müəyyən edilmiş hallarından (iddiaçının izahatından və iş materiallarından) görünür ki, iddiaçının ünvanına mexaniki tipli sayğac quraşdırılmış, iddiaçı həmin sayğaca gedən xəttə şlanq vasitəsilə sayğacdan kənar xətt qoşmaqla qazdan istifadə etmişdir. Lakin məhkəmə qeyd olunan halın müəyyən edilməsi barədə tərtib edilmiş akt bağlı qeyd edir ki, həmin akt yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riyaət olunmadan tərtib edilmişdir. Belə ki, aktın tərtib edilməsi zamanı istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktın surəti ona təqdim edilməməklə, istehlakçıya (iddiaçıya) müəyyən edilmiş halla bağlı öz mülahizə və etirazlarının bildirilməsinə imkan yaradılmamışdır. Eyni zamanda iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə 180 gün müddətinə qazdan istifadə edilməsi barədə məlumat (sübutlar) tərtib edilmiş aktda öz əksini tapmamaqla bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Baxmayaraq ki, iddiaçının ünvanına quraşdırılmış sayğac mexaniki sayğac olduğuna görə hər ayın sonu cavadbehin əməkdaşı tərəfindən göstəricilərinə baxış keçirilməklə istehlakçıya müvafiq qəbz təqdim edilməlidir. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada Cavabdehnə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakı təmin edilməməklə tərtib edilmiş akta müəyyən olunmuş bütün hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının verdiyi izahatından müəyyən olunur ki, onun tərəfindən 2020-ci ilin oktyabr ayının əvvəlində qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* akt əsasında iddiaçının abonent hesabına 2073,60 manat məbləğində borcun hesablanması əsassız olmuş və həmin məbləğ iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddət ərzində dəymiş ziyana mütənasib deyil. Həmçinin məhkəmə, iddiaçının qazdan sayğacdan kənar xətt vasitəsilə 5 gün müddətində istifadə etməsinə dair iddiasının əsasını əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən də bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə, iddiaçının etirafı və tərtib edilmiş aktın tarixi nəzər alaraq iddiaçı tərəfindən 14 gün müddətində (01 oktyabr – 14 oktyabr) qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 14 gün müddətində 1344 m3 (4x24x14= 1344 m3) həcmdə və 161,28 manat (1344 m3 x 0.12 manat) dəyərində qazdan istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə 161,28 manat dəyərində qazdan istifadə edilmişdir. Odur ki, iddiaçının abonent hesabına hesablanmış 2073,60 manat borcdan 1912,32 (2073,60 – 161,28) manat hissəsi silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci bəndində əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00520) hesablanmış 2073,60 manat borcun 1912,32 manat hissəsi silinməli və cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının abonent hesabına (abonent kodu **********00520) 2073,60 manat məbləğində borcun 1912,32 manat hissəsi silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3843/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3843/2022
20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver