Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3845/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair hesablanmış (abonent kodu: **********80174) 300 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatla müqavilə bağlamış (abunə kodu:**********80174) abunəçi kimi elektrik enerjisi ilə təhciz olunmuşdur. İşlətdiyi enerji sərfiyyatına görə hər ay haqqını ödəmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ona bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir ki, guya onun işlətdiyi enerjiyə görə 300.22 (üç yüz manat iyirmi iki qəpik) borcu yaranmışdır. Evinə gələn elektrik xəttinin kəsilməsi ilə xəbərdar olunmuşdur. Borcun yaranma səbəbi kimi guya ona aid sayğacın beyninin pozulması və bu səbəbdən onun səhv göstəriciləri olmuşdur. Elektrik sayğacı ona məxsus evin daxilində deyil, kənarda quraşdırılmışdır, həm də onun göstəricilərinə nəzarəti cavabdehi təmsil edən şəxslər həyata keçirməli, nöqsanlar varsa onu vaxtında aşkar edib aradan qaldırmalıdırlar. Lakin bu baş verməmiş, işığının kəsilməsi mesajı ilə hədələnmiş, qorxusundan əvvəlcə 20 (iyirmi) manat, daha sonra 280 (iki yüz səksən) manat borc alıb tələb olunan məbləği ödəmişdir. 220 manat müavinətlə dolanan yaşlı və kimsəsiz qadındır, ondan reket yolu ilə tələb olunan pulun ona qaytarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, sayğacdan kənar təxminən 120 manat məbləğimdə elektrik enerjisi sərf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "xxxx" ASC tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 3 akt əsasında cəmi 282,35 manat borc yazılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıdan enerji sərfiyyatına görə 282,35 manat tələb edən cavabdeh, məhkəmə araşdırması zamanı, həmin sərfiyyatı təsdiq edən aktı, həmin aktın tərtib olunmasına, istehlakçıdan tələb etdiyi enerji sərfiyyatına görə 282,35 manat borcun yaranma əsaslarına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən də etiraf edildiyi kimi, köhnə sayğac yararsız hala düşdükdən sonra o, yeni sayğac quraşdırılanadək müvəqqəti sayğacla elektrik enerjisindən istifadə etmişdir. Həmin məbləğ iddiaçının özü tərəfindən də 120 manat məbləğində qiymətləndirilmişdir. Bu səbəbdən həmin ünvanda sərfiyyatın iddiaçının bildirdiyi kimi 120 manat müəyyən edilməsi ağlabatan olmaqla, iddiaçının köhnə illər üzrə aylıq sərfiyyatına uyğun hesab edilməlidir. Ona görə də, aktlar əsasında hesablanmış 282,35 manatdan 120 manat sayğacdan kənar sərfiyyat kimi nəzərə alınmalı və həmin məbləğdən çıxılmalı, iddiaçının abonent hesabına yazılmış 162,35 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 18 saylı qərarının 1.3.-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma üçün elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi cavabdehin fəaliyyətini nizamlayan qaydalara əsasən aşkar olunan pozuntunun sənədləşdirilməsi qaydası dəqiq müəyyən olunsa da, cavabdeh istinad etdiyi halları, yəni iddiaçıdan tələb etdiyi borcun yaranma əsaslarını sübuta yetirə bilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. “Azərişıq ASC” tərəfindən İddiaçı məxsus **********80174 saylı abonent hesabına hesablanmış 162,35 (bir yüz altmış iki manat, otuz beş qəpik) manat borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3845/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3845/2024
27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver