Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-388/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 7983,36 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz“ İB tərəfindən yaşadığı ünvan 1 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 7983,36 manat məbləğində borc hesablanmışdır. ünvan 1 ünvanda 2009-cu üldən 2015-ci il tarixədək yaşayış olmamışdır. 2015-ci il tarixində həmin ünvan sökülərək yenidən tikilmişdir. 2019-cu ildən sonra ev yarımçıq vəziyyətdə hazır olmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac 4 dəfə dəyişdirilmişdir. Sayğac axırıncı dəfə dəyişdiriləndən sonra 7983,36 manat məbləğində borc hesablanmışdır. Guya sayğacda cızıqlar aşkar edilmişdir. O, vaxtlıvaxtında ödənişləri etmişdir. Sayğaca heç zaman müdaxilə olunmamışdır. Bu qədər borcun necə yaranması ona məlum deyil. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 7983,36 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********00000 saylı abonent hesabına hesablanmış 7983,36 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qaz sayğacı atası X2 adınadır. Atası 2018-ci ildə vəfat edib. Hal-hazırda 4 aydır ki, qaz sərfiyyatı dayandırılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Ə.Hacıyev iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının istifadəsində olan ünvana sayğac yerləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etməsi məlum olmuşdur. Bu barədə müvafiq aktlar tərtib edilmişdir. O, qazdan qeyriqanuni xətt vasitəsilə istifadə etmiş və cavabdehin əməkdaşları tərəfindən həmin hallar aşkar edilmişdir. Odur ki, tərtib edilmiş aktlar əsaslıdır və həmin aktlar əsasında dəymiş ziyan 7983,36 manat hesablanaraq iddiaçının abonent hesabına hesablanmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, X4 yaşadığı ünvanda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Həmin ünvanda PQ-4 və Kombi 32 işlədilmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X3 məxsus ünvana xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 40608 m3 həcmində dəymiş ziyan hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, X4 yaşadığı ünvanda sayğaca müdaxilə etmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X3 məxsus ünvana xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 25920 m3 həcmində dəymiş ziyan hesablanmışdır. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 972451 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 750 nömrə ilə qeyd edilmişdir. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, X3 məxsus ünvan 1 ünvanına mexaniki tipli **********7 saylı sayğac quraşdırılmışdır. - X2 adına olan **********00000 kodlu abonent saldosundan görünür ki, həmin abonent hesabına akt əsasında 2023-cü ilin yanvar və aprel aylarında 7983,36 manat məbləğində borc yazılmışdır. - İstehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə abonent İddiaçı mənzilində olan sayğaca baxış keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçının ünvanına keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Müayinə aparılan zaman ünvanda hər hansı qeyri-qanuni və sayğacdan kənar qaz xətti müşahidə edilməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qazın iddiaçının təqsiri ucbatından baş verməsini cavabdeh Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın iddiaçının hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «Qazdan istifadə Qaydaları» haqqında normativ aktın tələblərini pozmaqla iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktı tərtib etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərtib edilmiş akt əsassızdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərər cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktların tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 7983,36 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvanda abonent hesabına (abonent kodu **********00000) hesablanmış 7983,36 manat məbləğində borc silinməli və cavabdehdən 99,83 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) hesablanmış 7983,36 (yeddi min doqquz yüz səksən üç manat, otuz altı qəpik) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 99,83 (doxsan doqquz manat, səksən üç qəpik) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-388/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-388/2024
16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver