Məhkəmə qərarları › İş №2(003)-3891/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3891/2022

12.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3891/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən barəsində olan və ona məxsus **********3008A saylı abonent hesabına əsassız olaraq hesablanmış 1926,18 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********3008A saylı abonent hesabına qanunsuz və əsassız olaraq 1926.18 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Sözügedən borc məbləğindən onun heç bir xəbəri olmamışdır. Bu barədə cavabdeh təşkilata müraciət etdikdə onlar ona 1926,18 manat borcunun olduğunu desələr də, bunu ona sübut kimi təqdim edə bilməmişlər. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər hansı kənar müdaxilə olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0199/Ə-927/8371 saylı məktubda deyilir: “Sizin elektrik enerji sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (xx.xx.2022-ci il tarixli, Ə- 927 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********3008A nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, Sizin mənzildə xx.xx.2002-ci il tarixədək 1926,18 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödənişi aparılmamışdır. Qeyd edək ki, göstərilən məbləğin ödənişi yalnız, Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur.” İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına, cəmi 1926,18 manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanına, cəmi 1926,18 manat məbləğində borc hesablanmışdır ki, həmin borc sərfiyyata görə abonentə hesablanmış xx.xx.2002-ci il tarixədək olan dövrü əhatə edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, abonentə xx.xx.2002-ci il tarixədək hesablanmış borc müddətin keçməsinə görə abonetdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı təşkilat abonentə xx.xx.2002-ci il tarixədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən hesablanmış 1926,18 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********3008A olan) silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən hesablanmış 1926,18 (bir min doqquz yüz iyirmi altı manat on səkkiz qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********3008A olan) silinsin. Cavabdeh "xxxx" ASC-dən 30,0 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar