Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3932/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə əsassız hesablanmış 1920,9 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Sözügedən aktdan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Aktlar mərhum atası X1 adına yazılmışdır. Hazırda həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Məsələni araşdırdıqda sonradan ona məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında 1920,9 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçının borcunun 777,60 manatı sayğaca müdaxilə nəticəsində yaranmış borc, qalanı isə debitor borcudur. Cavabdeh nümayəndəsi R.V.Əliyev məhkəməyə etiraz ərizəsi ünvanlayaraq orada bildirmişdir ki, İddiaçı uzun müddət təbii qazdan qanunsuz istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə 1920,90 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşları tərəfindən 30 may 2018-ci ildə iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə edərək Cavabdehnə 1920,90 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Akta əsasən istehlakçıya 1920 manat 90 qəpik borc hesablanmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı qaz sayğacına müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 1920,90 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X6”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvanda quraşdırılmış sayğaca müdaxilə edilmişdir. -Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 3888 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, X2 məxsus ünvan 2 ünvanına G-4 tipli 1702A**********6564 saylı sayğac quraşdırılmışdır. -X1 adına olan **********00020 saylı abonentin saldosundan görünür ki, abonentin hesabına akt əsasında 2010-cu ilin noyabr ayında 52,5 manat, 2012-ci ilin mart ayında 1090,8 manat, 2018-ci ilin may ayında 777,6 manat məbləğində olmaqla, cəmi 1920,90 manat akt əsasında borc yazılmışdır. Ünvana xx.xx.2024-cü il tarixdə “ZENNER G4T SMART” tipli **********605 saylı sayğac quraşdırılmışdır. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 166923 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qaza müdaxilə nəticəsində qaz itkisinin yaranması faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərər cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 1920,9 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Hazırkı iddia qiyməti 1920,9 manat təşkil etdiyinə görə dövlət rüsumunun məbləği 39,2 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının sahibliyində olan ünvan 3 ünvanında yerləşən mənzilə (abonent kodu **********00020) hesablanmış 1920,9 manat məbləğində borc silinməli, cavabdehdən 39,2 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzilə (Abonent kodu: **********00020) hesablanmış 1920,9 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 39,2 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3932/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3932/2024
18.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver