Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3972/2021 17.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11, İddiaçının nümayəndəsi X15, Cavabdeh1 nümayəndəsi Cavabdeh4 Əbdülhüseyn qızının, Cavabdeh1 vəkili X12 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 7 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbdülhüseyn qızı, Cavabdeh4, Bakı şəhəri 7 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı evə dair Cavabdeh1 adına olan 02.11.2013-cü il tarixli çıxarışın ləğv edlməsi və onun Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı fərdi yaşayış evinin üzərində vərəsəlik hüququnun tanınması və tam hissədə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili X23 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbini Cavabdeh1, Bakı şəhəri 7 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hissədə müdafiə edərək, Bakı şəhəri 7 saylı DNK tərəfindən verilmiş 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, 12 saylı evin ½ hissəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınaraq miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,01197 ha olan torpaq sahəsindəki ev onun mərhum nənəsi X8 məxsus olmuşdur. Mərhum anasının anası X16, yəni evin mülkiyyətçisi 18.07.2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum nənəsi X16 mərhum babası X17 ilə rəsmi nikahda olmuş və onların birgə nikahından 2 övladları dünyaya gəlmişdir. Onların nikahından olan mərhum anası X18 09.11.1939-cu ildə anadan olmuş və xalası Cavabdeh1 xx xxxxxx 1941-ci ildə anadan olmuşlar. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı evin mülkiyyətçisi nənəsi Suriyyə Ağaverdi qızı olmuş və nənəsinin yeganə vərəsələri 2 qızı olmuşdur. O, 09.02.2008-ci il tarixdə X25 ilə rəsmi olaraq nikaha daxil olmuş və ərizəsində qeyd edilən Buzovna qəsəbəsi M.Əlyev küçəsi 59 saylı evə gəlin gəlmişdir. O, qeyd edilən evə gəlin gəldiyi zaman anası Nailə Hüseynqulu qızı onunla birlikdə gəlmiş, bir yerdə yaşamış və 30.07.2020-ci il tarixdə xəstələnərək vəfat etmişdir. Mərhum anası X18 vəfatından qabaq ona bildirmişdir ki, mərhum nənəsi X2 qalan Buzovna qəsəbəsi 8 Mart 12 saylı ev nənələrinin vəsiyyətinə görə X18 ilə Cavabdeh1 arasında bölünmüşdür. O da anası sağ ikən inanmış, həmçinin cavabdeh Əliyeva Nailə ilə münasibətləri yaxşı olmuş və elə hesab etmişdir ki, mərhum nənəsi Suriyyə Əliyeva sağlığında 2 övladı arasında miras qalmış mülkü onlara vəsiyyət etmişdir. Həmçinin, mərhum anası son günlərə kimi yataq xəstəsi olduğu halda ona bildirmişdir ki, anasından qalan miras mülkün bir hissəsi vəsiyyətnamə əsasında ona verilmişdir. Buna görə də hesab etmişdir ki, nənəsi Suriyyə Əliyeva sağlığında xüsusi mülkiyyətində olan Buzovna qəsəbəsi 8 Mart küçəsi,12 saylı evi qızları arasında payları müəyyən edilməklə vəsiyyətnamə vermişdir. Bütün bu qeyd etdiklərini nəzərə almaqla, mərhum anası Nailə Əliyevanın vəfatından sonra bir vərəsə kimi cavabdeh xalası Cavabdeh1 nənəsinin xüsusi mülkiyyətində olan miras mülklə bağlı vərəsəlik payını istəmişdir. Lakin cavabdeh və qızları ona bildirmişlər ki, sənə bu miras mülkdən heç bir pay düşmür. Bundan sonra o, qanunları lazımi qədər bilmədiyinə görə bütün bunlara əhəmiyyət verməmişdir. Nəticədə ona məlum olmuşdur ki, mərhum nənəsi Suriyyə Əliyevanın vəfatından sonra Cavabdeh1 hələ bacısı sağ ikən onlardan xəbərsiz Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və vərəsəlik şəhadətnaməsini aldığı zaman 7 saylı Dövlət Notariat Kontorunda yalan ifadə verməklə mərhum nənəsi X3 yeganə varisi olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh saxta vərəsəlik haqqında şəhadətnaməni əldə etdikdən sonra bunun əsasında nənəsindən qalan miras mülkə 02.11.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidməti tərəfindən öz adına çıxarış almışdır. Hal-hazırda cavabdeh mübahisəli miras mülkdə özü və qızları ilə birgə yaşayırlar. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili X23 iddia tələbini müdafiə edərək, Bakı şəhəri 7 saylı DNK tərəfindən verilmiş 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, 12 saylı evin ½ hissəsi üzərində İddiaçı vərəsəlik hüququ tanınaraq miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X25 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi Cavabdeh4 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, anası Cavabdeh1 qarşı xalasının qızı X9 iddia tələbi tamamilə əsasızdır. Belə ki, nənəsi baba yurdunda Buzovna qəsəbəsi 8 mart küçəsi ev 12 də yaşamış və nənəsi Surəyyənin 2 qız övladı olmuş, anası Naibə və xalası Nailə. Xalası Nailə 1977-ci ildə ailə həyatı qurmuş və həyat yoldaşının yaşadığı 6-cı mikrorayondakı evə köçüb getmişdir. 1980-ci xalasıın qızı Gülçin anadan olmuşdur. Anası, Cavabdeh1 isə baba yurdunda qalmış və ailə quraraq həmin ünvanda nənəsilə birlikdə yaşamışdır. Anasının 4 övladı olmuşdur. 1995-ci ildə bacısı Elnarə ailə quraraq Lənkaran şəhərinə köçüb getmişdir. Digər bacıları isə həmin ünvanda yaşamışlar . O, ailə quraraq həyat yoldaşının evinə köçməyinə baxmayaraq, demək olar ki, daimi anamın yanında olmuşdur. 18 iyul 2000-ci ildə nənəsi Sürayyə dünyasını dəyişmiş və həmin vaxtı nə Fərzəliyeva Gülçin, nə də Elnarə Bakıda olmamışlar . O zaman nənəsi Sürəyyənin yaş mərasimini nənəsinin bacısı oğlu Hacı Cahangir çəkib və baş daşını düzəltdirmişdir. 8 noyabr 2001-ci ildə bacısı Elnarə kiçik yaşlı qızı ilə birlikdə Moskva şəhərində yaşayan Poladın yanına getmişdir. Polad Rusiya vətandaşı olmuş və uzunmüddət orada yaşamışlar. 2006-cı ildə xalası Nailə 6-cı mikrorayondakı evini sataraq Xırdalanda ev alıb ora köçüblər və 2008-ci ildə isə Xırdalandakı yaşadıqları evi sataraq başqa bir ev alıblar. Həmin vaxtlarda xalasının qızı evdən 8000 manat pulu anasından gizlin götürərək Rza ilə birlikdə gizlin olaraq Moskva şəhərinə getmişlər və təxminən bir həftə Moskvada yaşayan Elnarənin evində qalıblar. Sonra nənəsinin bacısı nəvəsi Raufun yanına gediblər və iş istəyiblər. Həmin vaxtı Rauf Gülçin və Rzanın evdən gizlin 8000 min manat pul apardıqlarını öyrəndiyi üçün Gülçin və Rzaya iş yoxdur demiş və ona görə Gülçin və Rza Bakıya qayıtmışlar. Lakin xeyli müddət xalası qızı Gülçünün və Rzanın hərəkətlərini bağışlamamış və onları evə buraxmamışdır. Lakin sonradan anası və digər qohumların sayəsində xalası qızı Gülçini bağışlasa da, lakin onun əməllərini bağışlamamışdır. Həmin vaxtı xalası Rzanı görməyə gözü yox idi, lakin məcbur olaraq onların evlənməsinə icazə vermişdir. Bir müddət sonra bacısı və həyat yoldaşı Polad Bakı şəhərinə qayıtmışlar və 2012-ci ildə Polad evi Naibənin adına sənədləşdirilməsi adı ilə sonuncunu Notariat Kontoruna aparmışdır. Sonradan məlum olmuşdur ki, anasının adına keçirilməsi nəzərdə tutulan evin qiymətləndirilməsi aparılmış və Polad və Elnarə nənənin adına olan evi Banka Girov qoyaraq Kredit götürüb aradan çıxmaq istəmişlər. Lakin anası onların hərəkətini başa düşmüş və evin sənədlərini onlardan geri tələb etmişdir. Həmçinin Poladın hərəkətlərindən həm Gülçin, həm də xalasının məliumatı olmuşdur. O zaman Elnarə və Polad sənədləri özlərində saxlayaraq yenidən Moskvaya qayıtmışlar və bir müddət sonra Bakıya qayıdanda anası onlardan sənədləri istəmiş, lakin sənədlər onlarda olmadığı bildirmişdilər. Ona görə də onlar məcbur olub Polis orqanına müraciət etmiş və o zaman nənəsinin adına olan sənədlər Polis vasitəsi ilə anası Naibəyə qaytarılmışdır və anası 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və 02.11.2013-cü ildə nənəsinin evi anası Naibənin adına sənədləşdirilmişdir. Həmin vaxtlarda evi Naibənin adına sənədləşdirilməsini xalası özü təklif etmişdir. O zaman xalası nənəsinin evinə heç bir iddialı olmadığını bildirmiş və özü təşəbbüs göstərək evi anasının adına alınmasını təkid etmişdir. Xalası tərəfindən evin anasının adına sənədləşdirilməsi bildirdiyi üçün o zaman xalasının qızı Gülçin onun sözünə heçbir söz deyə bilməzdi. Çünki xalası öz qızını evdən pul oğurlayan kimi tanıyırdı və ona görə evin anası Naibənin adına keçməsini təkid etmiş, həmçinin, qızı Gülçinin əri Rzanın çox keyfiyyətsiz adam olduğunu bilirdi. Ona görə də xalası Nailənin ölümünə kimi həmin məsələni heç vaxt qaldırıla bilməzdir. 06.07.2020-ci ildə xalası Nailə vəfat etmiş və xalasından sonra xalası qızı Gülçin onunla söhbət əsasında heç vaxt nənəsinin miras evi barədə heç bir söz-söhbət olmamışdır. Sonradan Gülçünün əri Rzanın təkidi ilə ev barədə məsələ qaldjrılsa da, lakin onun sözlərinə əhəmiyyət verilməmişdir. Bir müddət sonra isə məhz Rza ilə əlaqəyə girən bacısı Elnarə və onun yoldaşı Polad anasına dəymək adı ilə evə gəlmişlər. Elnarə o zaman anasına və onlara qarşı pis fikirlər söylədiyindən anası ondan incimişdir və uzun müddət bağışlamamışdır. Sonradan Elnarə üzrxahlıq edərək güya anasına dəymək üçün evə gəlmişdir və evin sənədlərini gizli yola oğurlayıb aparmışdır. Onlar bunu bildikdə təcili 102 xidmətinə müraciət etmişlər. Xəzər Rayon Polis İdarəsinin Polis Əməkdaşları Elnarəni çağırmış və cinayət işi başlayacağını bildirmiş və bundan sonra Elnarə özü barəsində cinayət işi olmasın deyə evin sənədlərini polis vasitəsi ilə təqdim etmişdir. Sonradan onlara məlum olmuşdur ki, evin sənədlərini Elnarə vasitəsi ilə aparılması Rzanın təşəbbüsü ilə olmuşdur. Belə ki, Rza Elnarəyə söz vermişdir ki, evin vərəsəlik qaydası ilə Gülçinə çatası payı alacaqlar və həmin hissədən Elnarəyə də pay verəcəklər. Təsadüfi deyil ki, Elnarə məhkəmə prosesinə şahid kimi gələrək heç də miras əmlakdan Gülçinə çatası hissəni deyil, məhz həmin əmlakdan ona da pay verilməsini bildirmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 vəkili X24 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 8 Mart küçəsi 12 saylı ev ilkin olaraq ev kitabı ilə (Domovoy) X4 adına olmuş və 2000-ci ildə vəfat etmişdir. Mərhumun 2 övladı 1939-cu il təvəllüdlü X18 və 1941-ci il təvəllüdlü Cavabdeh1dır. X18 ailə qurandan sonra həmin evdən köçüb getmiş və heç vaxt həmin evdə yaşamamışdır. Cavabdeh1 ailə qursa da, daimi olaraq mübahisəli evdə qalıb yaşamışdır. 2000-ci ildə X19 vəfat etmiş və Əliyeva Sürəyyənin bütün dəfn, yas məsələlərini Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Belə ki, o zaman iddiaçının anası Nailə başqa evdə öz ailəsi ilə birlikdə yaşamışdır. Əliyeva Sürəyyənin vəfatından sonra Əliyeva Nailə heç vaxt bacısının evinə iddiasının olmayacağmı bildirmişdir. Həmçinin, o zaman ev “Domovoy” kitabı ilə qeydiyyatdan keçdiyindən bir müddət mübahisəli evə dair heç bir rəsmiləşdirmə aparılmamışdır. Sonradan Cavabdeh1 evin sənədləşdirilməsini bildirmiş və o zaman bacısı Nailəyə “get evi öz adına sənədləşdir ” demişdir. Çünki o zaman Nailənin özünün yaxşı evi olmuş və qızı Gülçin Fərzəliyeva anasının yığıb topladığı pulları gizli apardığı üçün, Nailə qızına heç vaxt etibar etməmişdir. 2012-ci ildə Nailənin təşəbbüsü ilə Cavabdeh1 kürəkəni Poladla birlikdə notariat kontoruna müraciət edərək babadan qalmış miras evə Vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. O zaman Cavabdeh1 bacısına bu barədə bildirmiş, lakin bacısı evə heç bir iddiasının olmadığını bildirmişdir. Ona görə də o zaman Cavabdeh1 miras əmlaka vərəsəlik şəhadətnaməsi almış və 2013-cü ildə həmin evə 02.11.2013-cü ildə Seriya RX N:0272896 saylı Çıxarış almışdır. Lakin bir müddət sonra Naibənin qızı Həmidova (Babayeva) Elnarə Əbdülhüseyn qızı iddiaçı Gülçin Feyzullayevanın tapşırığı ilə guya anasına dəymək adı ilə mübahisəli evə gəlmiş və gizli yolla evin Çıxarışını apararaq Gülçin Feyzullayevanın əri Rzaya vermişdir. Sonradan evin sənədinin evdən aparıldığını öyrənən ev sahibi Nailə Əliyeva sənədin qaytarılmasını bildirsə də, lakin Elnarə sənədi qaytarmadığı üçün Nailə şikayət ərizəsi ilə Polis orqanlarına müraciət edilmişdir. İlkin polis aradırılmasında evin sənədinin oğurlanması adı ilə iş qaldırılmasından qorxuya düşən Həmidova (Babayeva) Elnarə Əbdülhüseyn qızı evin sənədini Gülçin Feyzullayevanın əri Rzadan alaraq geri qaytarmışdır. Hazırda iddiaçı mübahisəli evə Cavabdeh1 adına Vərəsəlik Şahadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsini tələb etməsi qanunsuzdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X20 ifadəsində bildirmişdir ki, iddiaçının qohumudur. Ailə ilə gediş-gəlişləri olub. Mehriban ailə olublar. Suriyə xanımla qızlarının arası yaxşı olub. Onlar biraz aralı məhəllələrdə yaşayıblar. Nailə xanım anası vəfat edən zaman orada idi. Dəfn mərasimində iştirak edib. Ev Suriyə xanımın babasının evi olub, ona qalıb. Nailə xanım həmişə Naibə xanıma deyirdi ki, evi adına keçirt, mənə heçnə lazım deyil. Digər şahid X5 ifadəsində bildirmişdir ki, Nailə onun xalasıdır. Onlar 4 bacıdırlar. Mübahisəli evdə onun anası, xalası və nənəsi yaşamışdır. Nənəsi həmişə demişdir ki, evi Nailə və Naibəyə verəcək. Anası da öz payını ona verəcəyini demişdir. Ev onun anasının adınadır. O, 2013-cü ilə kimi orada yaşamışdır. Nənəsi rəhmətə gedəndə anası ilə çox mehriban olub. Xalaları anası ilə mehriban olublar. Vərəsəlik işindən onun xəbəri olmayıb. Vərəsəlik 2012-ci ildə olub. Xalası 2008-ci ilə kimi orada yaşayıb. Nənəsi tam sağlam olmuş və demişdir ki, ev iki qızınındır. Nənə öləndən sonra xalası bacılarından belə bir şey gözləmədiyinə görə notariusa getməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında arayışdan görünür ki, X21 18 iyul 2000-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X28 06.07.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli 02.11.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 02.11.1939-cu il təvəllüdlü X6 anası X13r. Məhkəmə sorğusu ilə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisindən alınaraq iş materiallarına əlavə edilmiş notariat işindən görünür ki, X2 miras qalmış ünvan 2-ə dair onun vərəsəsi Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik işindən görünür ki, Cavabdeh1 notariusa müraciət edərək, ondan başqa vərəsə olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 22.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı X7 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq barədə ərizəsinin icrasından imtina edilmiş, ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 mərhum X10 mülkiyyətində olmuş, sonuncu 2000-ci ildə vəfat etdikdən sonra həmin miras əmlaka dair Cavabdeh1 ərizəsi əsasında notariat işi açılmış, mərhumun yeganə vərəsəsi kimi Cavabdeh1 göstərilməklə, Nailə Əliyeva haqqında məlumat göstərilmədən, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı anası X6 barəsində isə həmin notariat işində qeyd olunmamış, o, qanun üzrə vərəsə kimi tanınmamışdır. Nailə Əliyeva vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etməsə də, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli evin mülkiyyətçisi olmuş X21 18 iyul 2000-ci ildə vəfat etdiyindən, hazırkı mübahisəyə baxılarkən hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 1964-cü il redaksiyalı Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Beləliklə, iddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüquqlarının tanınması onun anası tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır. Yuxarıda göstərilən maddədən isə göründüyü kimi miras əmlak iki üsulla qəbul edilə bilər – bu barədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə, yaxud miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə. İşin mübahisəsiz halıdır ki, iddiaçının anası notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. İddiada mirası faktiki surətdə idarə etməyə başlamaqla qəbul etdiklərini bildirmişlər. İş materiallarında iddiaçının anasının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsi, iddiaçı tərəfindən təqdim edilən fotoşəkillər və videodiskdə əks olunanlar miras qoyanın vəfatından sonra iddiaçının anası tərəfindən miras əmlakın faktiki qəbul edildiyinə dəlalət edir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 9 ədəd fotoşəkildən görünür ki, onun 6-sı mübahisəli ünvanda 2008-ci ildə iddiaçının toyunun baş tutması və anasının xalası ilə həmin evdə yaşadığı, iddiaçını ordan gəlin köçürüldüyünü təsdiq edir. Cavabdeh tərəfin nümayəndəsi də həmin fotoşəkillərdə olanları təsdiq etməklə iddiaçının mübahisəli evdən gəlin köçdüyünü etiraf etmiş, iddiaçının anası ilə birgə həmin ünvanda gəlin köçənə qədər yaşamadığı müəyyən olunmamışdır. Bundan başqa digər 3 ədəd fotoşəkillərdə iddiaçının anasının və xalasının birgə fotoşəkilləri olmuş, onların həmin evdə mehriban görüntüləri əks olunmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş 3 ədəd videodiskdəki görüntülərdə iddiaçının və anasının ünvan 2-də yaşadığı və iddiaçının toy şənliyinin həmin ünvanda keçirildiyi, onun anası və xalasının mehriban görüntüləri əks olunmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisindən alınaraq iş materiallarına əlavə edilmiş notariat işindəki 23.10.2012-ci il tarixli Cavabdeh1 ərizəsindən görünür ki, notariusa müraciət edərək ondan başqa vərəsənin olmadığını göstərmişdir. Cavabdeh tərəf isə iddiaçının anasının vərəsə olduğu aşkar olduğu halda notariat orqanında onun gizlədilərək başqa vərəsənin olmadığının göstərilməsinə dair ziddiyyəti aradan qaldıra bilməmişdir. Göründüyü kimi, 23.10.2012-ci il tarixdə mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, şəhadətnamə almış digər vərəsə həmin evdə faktiki yaşayırdı və mirası idarə edirdi. Lakin digər vərəsənin yazdığı 23.10.2012-ci il tarixli ərizədə iddiaçının mərhum anasının vərəsə olduğu qeyd edilməmiş və notarius digər vərəsələrin olması barədə müvafiq sübutlar (qeydiyyatda olanlar barədə arayış) tələb etmədən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının anası Nailə Əliyeva miras qoyanın vəfatından keçən 6 ay ərzində mübahisəli evdə yaşamaqla onu qəbul etmiş, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Oxşar yanaşma mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında 28.09.1979-cu il tarixli 5 nömrəli qərarının 10-cu bəndində də qeyd edilmişdir. Həmin bənddə əsasən miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Cavabdeh tərəfin iddia müddətinin ötürüldüyünə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdehin nümayəndəsi tərəfindən deyil, onun vəkili tərəfindən verilmişdir. Bununla belə, məhkəmə qeyd edir ki, 01 sentyabr 2000ci il tarixindək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 78ci maddəsinə, eləcə də hazırda qüvvədə olan Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı DNK-nın 22 sentyabr 2021-ci il tarixli 782 nömrəli məktubundan görünür ki, İddiaçı həmin tarixdə məlumat verilərək mübahisəli əmlaka dair 29.10.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri 7 saylı DNK tərəfindən verilmiş 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, ünvan 2 ünvanına dair Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 02.11.2013-cü il tarixli çıxarış ləğv edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, 12 saylı evə dair vərəsəlik hüququ tanınaraq, həmin evə ½ hissədə miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: İddia tələbi təmin edilsin. Bakı şəhəri 7 saylı DNK tərəfindən X14 dair verilmiş 29 oktyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. ünvan 2 ünvanına dair Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli 02.11.2013-cü il tarixli çıxarış ləğv edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, 12 saylı evə dair vərəsəlik hüququ tanınaraq, həmin evə ½ hissədə miras payı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3972/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3972/2021
17.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver