Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4012/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Əsassız hesablanmış borcun silinməsi və mexaniki tipli qazsayğacının smart tipli qaz sayğacı ilə əvəz olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və mexaniki tipli qaz sayğacının smart tipli qaz sayğacı ilə əvəz olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində fərdi yaşayış evinə (abonent kodu: **********01330) əsassız hesablanmış 177.60 manat borcun silinməsi və mexaniki tipli qaz sayğacının smart tipli qaz sayğacı ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, X1 yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən qazın alqısatqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. O xəstəliyilə bağlı əməliyyat olunmu, eyni zamanda uzun müddətdir ki, müalicədədir. Gözdən 3-cü qrup əlildir. Onun xəbəri olmadan, yəni o, əməliyyat olduğu zaman Azəriqaz işçiləri tərəfindən Smart qaz sistemi mexaniki qaz sistemi ilə əvəzlənib. Halbuki, Smart tipli qaz sayğacının nə problrmi olduğunundan məlumatı olmayıb. Hətta qaz sayğacını dəyişərkən balansında 5 manat dəyərində avans olmuşdur. Yəni Azərqaza hər hansi borcunun olduğu barədə ona məlumat verməmişlər. Bir müddət sonra onun 177 manat 60 qəpik borcu olduğu bildirilmişdir. O, bu borcu qəbul etmirə və əsassız sayır. Hesab edir ki, bu cavabdeh tərəfindən ona qarsı kobud pozuntudur.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, iddia ərizəsinin heç bir əsası olmadığını, borc məbləğinin istehlakçıya akta görə yazılmadığını, 177 manat 60 qəpik məbləğ özünün istifadə etdiyini, lakin dəyərini ödəmədiyini, sərfiyyatın məbləği olduğunu bildirmişdir. Abonent saldosundan da, görünür ki, iddiaçı 2022-ci il ərzində 183,04 manat həcmində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 55,76 manat ödəniş etmişdir. 2023-cü il ərzində 239,92 manat həcmində təbii qazdan istifadə etmiş, lakin 165 manat ödəniş etmişdir. 2024-cü il ərzində 284,32 manat həcmində təbii qazdan istifadə etmiş, cəmi 250 manat ödəniş etmişdir. Göründüyü kimi iddiaçının istifadə etdiyi təbii qaz üzrə ödənişləri tam olaraq yerinə yetirilmədiyində onun borcu yaranmışdır. Yuxarıda göstərilənləri əsas tutaraq iddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izhat verərəkl, tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında qaz sayğacının küçədə yerləşdiyini, onun iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən yoxlama keçirildiyini ona əvvəlcədən bu barədə məlumat verilmədiyini, onun əvvəl istifadə etdiyi smart qaz sayğacının cavabdeh qurumun əməkdaşları tərəfindən mexaniki qaz sayğacı ilə əvəz olunduğunu, daha sonra ona borc hesablanması ilə bağlı məlumat verildiyini, lakin özünün qaz sayğacı dəyişdirilərkən heç bir borcunun olmadığını ona hansısa akt üzrə borc hesablanmasının qanunsuz olduğunu bildirmişdir.
5. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. xx.xx.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent İddiaçı, abonent kodu **********01330, ünvan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu-0010-1330, ailə tərkibi 5 və həmin abonent koduna 09/2025-ci il tarixində 193.24 manat borc qeyd edilmişdir (debitor borc).
7. 01.06.2023-cü il tarixli qəbzdən görünür ki, **********01330 nömrəli abunə kodu üzrə yekun borc məbləği 177.60 manat məbləğindədir.
Tətbiq edilən hüquq:
8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. - 4.3-cü bəndinə əsasən, qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. - 4.4-cü bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmənin möqeyi:
10. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
11. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı hazırkı mexaniki qaz sayğacından əvvəl smart tipli qaz sayğacından istifadə etdiyini, smart tipli qaz sayğacının heç bir problemi olmadığı halda cavabdeh qurumun əməkdaşları tərəfindən onun dəyişildiyini, bu dəyişiklikdən sonra ona əsassız olaraq borc hesablandığını, özünün heç bir zaman qazdan qanunsuz olaraq istifadə etmədiyini, qeyd olunan səbəblərə görə qaz sayğacının əvvəlki smart tipli qaz sayğacı ilə əvəz olunmasını və əsassız hesablanmış borcun silinməli olduğunu bildirmişdir. Cavabdeh isə abonent saldosunda qeyd olunmuş borcun hər hansı akt əsasında yaranmış borc olmadığını, mövcud borcun iddiaçının təbii qazdan istifadəsi ilə əlaqədar olaraq yaranmış olan sərfiyyat (debitor) borcu olduğunu, bu səbəbdən hazırkı iddia tələbinin əsassız olduğunda rədd edilməli olduğunu bildiurmişdir.
12. Məhkəmə iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı silinməsini istədiyi 177.6 manat məbləğində borcun ona əsassız hesablandığını hesab etdiyini bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı dəlil və sübut təqdim etməmişdir. Cavabdeh İB-nin məhkəməyə təqdim etmiş olduğu etiraz ərizəsində isə mövcud borcun təbii qazdan istifadə əsasında yaranmış debitor borcu olduğu qeyd olunmuş (iddiaçı 2022-ci il ərzində 183,04 manat həcmində təbii qazdan istifadə etmiş, həmin ildə cəmi 55,76 manat ödəniş etmiş, 2023-cü il ərzində 239,92 manat həcmində təbii qazdan istifadə etmiş, lakin 165 manat ödəniş etmiş, 2024-cü il ərzində 284,32 manat həcmində təbii qazdan istifadə etmiş, cəmi 250 manat ödəniş etmişdir) və məhkəməyə bunu təsdiq edən abonent saldosunu təqdim etmişdir. xx.xx.2025-ci il çap tarixli abonent saldosunda da müəyyən edilir ki, İddiaçı akt əsasında borc məbləği hesablanmamış, onun yalnız təbii qazdan istifadə əsasında yaranmış sərfiyyat (debitor) borcu mövcuddur. İddiaçı həmin borcun əsassız hesablanmasını təsdiq edən hər hansı sübut təqdim etmədiyi kimi, məhkəmə araşdırması ilə də borcun əsassızlığını təsdiq edən hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesablanmış borcun silinməsi hissəsində əsassız olduğundan rədd edilməlidir.
13. Məhkəmə iddia tələbinin mexaniki tipli qaz sayğacının smart tipli qaz sayğacı ilə əvəz olunması ilə bağlı qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən qaz sayğaclarının işlək vəziyyət saxlanılmasına, onlara texniki-profilaktik baxışların həyata keçirilməsini, habelə onların dəyişdirilməsini məişət abonentləri üçün qaz paylayıcısı, yəni Cavabdeh İB həyata keçirir. İddiaçının izahatı əsasında da müəyyən edilir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və keçirilmiş baxışın nəticəsi olaraq, abonent İddiaçı adına olan smart tipli qaz sayğacı, mexaniki qaz sayğacı ilə əvəz olunmuşdur. Bu xüsusda qeyd olunmaldır ki, “Qazdan istifadə Qaydaları” ilə bağlı Nazirlər Kabinetinin qərarında qaz sayğaclarının texniki pasportda göstərilmiş müddətə uyğun olaraq, qaz paylayıcısı tərəfindən dəyişdirilməli olması, tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalı olması, tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarının qadağan olunması nəzərdə tutulsa da, qaz sayğaclarının mexaniki sayğacla əvəz olunması qanunvericiliklə qadağan edilməmişdir. Habelə, iddiaçı quraşdırılmış mexaniki sayğacın ona hansı formada problemlər yaratdığını və nə səbəbdən smart tipli sayğacla əvəz edilməsini istədiyini də əsaslandıra və sübut edə bilməmişdir. Qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, iddia tələbi mexaniki qaz sayğacının smart tipli qaz sayğacı ilə əvəz olunması hissəsində də əsassız olduğundan təmin edilməməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və mexaniki tipli qaz sayğacının smart tipli qaz sayğacı ilə əvəz olunması” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov