Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-402/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Qəyyumluqvə Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03.05.1986-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,X5 ilə 21 dekabr 1984-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Qızları 03.05.1986-cı il təvəllüdlü X6 ruhi xəstədir. O, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, hərəkətləri məhduddur, təhsil almamışdır. Uşaq vaxtında atdan yıxılaraq xəsarət əlmış və illər keçdikcə fəaliyyət qabiliyyətini itirmişdir. Qızı xəstəliyi ilə bağlı ağır dərmanlardan istifadə edir. X6 psixi və fiziki cəhətdən özünü idarə edə bilmir və kənar qulluğa ehtiyacı vardır. Anadan olduğu gündən ona baxır və qulluq edir. Qızı ilə əlaqədar hər hansı prosedurun yerinə yetirilməsi ilə bağlı olaraq dövlət orqanlarından həmişə onun gətirilməsini və iştirakını tələb edirlər. Lakin onu bir yerdən digər yerə aparmaq çox çətindir. Buna görə də, onlar əziyyət çəkirlər. Qeyd etmişdir ki, oğlu X4 o qulluq edir, qızı onunla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X10, nömrəsiz fərdi yaşayış evdə yaşayır. X6 daim evdə kiminsə nəzarətində olmalıdır. O özü müstəqil olaraq öz hərəkətlərini idarə edə bilmir. Ərizəçi məhkəmə iclasında 03.05.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi, izahatında əlavə olaraq bildirdi ki, qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ona qızı üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03.05.1986-cı ildə Bakı şəhərində anadan olmuş, atası X7, anası isə Ərizəçidır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 14.02.2022-ci il tarixli 374 saylı rəyindən görünür ki, X2 müəyyən edilən psixi pozuntu anadangəlmə deyildir, həmçinin onda ağıl zəifliyi əlamətləri müəyyən edilmir. O, hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmaması ərizəçinin izahatı, iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X6 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03.05.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-402/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-402/2022
07.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver