Məhkəmə qərarları › İş №2(003)-4127/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4127/2023

21.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4127/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********04020) hesablanmış 10281,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişdir. Cavabdeh təşkilat 31 yanvar 2023-cü il və 28 aprel 2023-cü il tarixlərdə akt tərtib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacadan kənar qeyri-qanuni istiafdə edilmiş və ona görə də 10281,60 manat borcu vardır. Həmin borcu əsassız hesab edir və bildirir ki, bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır və təbii qazdan hər hansı kənar xətt vasitəsi ilə istifadə edilməmişdir. Bundan başqa hal-hazıra kimi əsassız olaraq borca görə tutmalar davam etdirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, 5 ildir ki, təbii qazdan qeyri-qanuni istifadə edir. Yaşadığı ev bir otaqlıdır və qaz sayğacı 2 ay olar ki qoyulmuşdur. Evdə “iran sobası” və “ikigözlü qaz pilitəsi”ndən istifadə etmişlər. Həmin evdə isə son 3 ildir ki, yaşayış olmamışdır, həmçinin təbii qazdan istifadə etdiyi müddətdə “smart kart”la ödəniş etdikdə hər hansı borcu olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında əlavə olaraq bildirdi ki, abonentin saldosunda iddiaçının ata adı səhv yazılsa da, həmin saldo iddiaçıya məxsusdur. İddiaçı tərəf iddia tələbinin əsaslı olması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13 mart 2020-ci il tarixli, 03-801 nömrəli müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 73440 kub metr müəyyən edilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 6120 kub metr müəyyən edilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyan 6120 kub metr müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********04020 sayla qeydiyyata alınmış abonent koduna yanvar 2023-cü il üzrə 8812,80 manat, fevral 2023-cü il üzrə 734.40 manat, mart 2023-cü il üzrə 734.40 manat olmaqla, cəmi 10281.6 manat borc hesablanmışdır. Həmin saldodan eyni zamanda müəyyən edilir ki, təbii qazdan sərfin məbləği 2021ci il üzrə (yanvar 2021-ci il – dekabr 2021-ci il) 545.8 manat, 2022-ci il üzrə isə (yanvar 2022-ci il – dekabr 2022-ci il) 670.89 manat olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etmək, iddiaçı isə, cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, 31 mart 2023-cü il tarixli və 28 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan müvafiq olaraq dəymiş ziyan 73440, 6120 və 6120 kub metr müəyyən edilmişdir. verilən qaz xətti üzrə **********04020 sayla qeydiyyata alınmış abonent koduna yanvar 2023-cü il üzrə 8812,80 manat, fevral 2023-cü il üzrə 734.40 manat, mart 2023-cü il üzrə 734.40 manat olmaqla, cəmi 10281.6 manat borc hesablanmışdır. Həmin saldodan eyni zamanda müəyyən edilir ki, təbii qazdan sərfin məbləği 2021-ci il üzrə (yanvar 2021-ci il – dekabr 2021-ci il) 545.8 manat, 2022-ci il üzrə isə (yanvar 2022-ci il – dekabr 2022-ci il) 670.89 manat olmuşdur. Hazırda İddiaçı tələbində 10281.6 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibətdə aşağıdakı maddi hüquq normalarının tətbini mümkün hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı iddia ərizəsində təbii qazdan qeyri-qanuni istifadə etmədiyini qeyd etsə də, məhkəmə iclasında bildirmişdir ki, 5 ildir ki təbii qazdan qeyri-qanuni istifadə edir. Yaşadığı ev bir otaqlıdır və qaz sayğacı 2 ay olar ki qoyulmuşdur. Evdə “iran sobası” və “ikigözlü qaz pilitəsi”ndən istifadə etmişlər. Həmin evdə isə son 3 ildir ki, yaşayış olmamışdır. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın bərpası üçün aparılmış hesabat düzgün olmamışdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin yalnız yanvar ayı üzrə sərfin məbləği 8812.8 manat hesablanmış, lakin 2022-ci il üzrə sərfin ümumi məbləği 670.89 manat təşkil etmişdir. Bundan başqa itirilmiş qazın bərpası ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli akt üzrə 360 gün üçün hesablanmışdır. Göründüyü kimi abonent saldosunda sərfin məbləği 2022-ci ilin yanvar-dekabr ayları üzrə 670.89 manat olmuş və bu məbləğ 360 gün üçün hesablanmışdır. Məhkəmə qeyd edilənlərə münasibətdə hesab edir ki, saldodakı yanvar ayı üçün olan 59.28 manat sərfin məbləği 2022-ci ilin yanvar-dekabr ayları üzrə hesablanmış 670.89 manatdan çıxılmalı (670.89-59.28=611.61 manat) və 2023-cü il yanvar ayı üzrə tərtib edilmiş akt üzrə (2022 fevral-2023 yanvar) 611.61 manat hesablanmalı, yəni, nə qədər ki, yanvar 2023-cü il aktı üzrə itirilmiş qazın bərpası 360 gün üçün hesablanıb (611.61 manat; fevral -dekabr 2022-ci il) və 2023-cü il yanvar ayını əvvəlki qış aylarına nisbətdə hesablayıb 60 manat müəyyən edilməlidir. (611.61+60=671.61 manat) Belə olan halda məhkəmə hesab edir ki, 2023-cü il yanvar ayı üzrə tərtib edilmiş akta əsasən itirilmiş qazın bərpası üçün 671.61 manat müəyyən edilməlidir. Məhkəmə 2023-cü il üzrə mart və aprel ayları üzrə tərtib edilmiş aktlara münasibətdə isə qeyd edir ki, abonentin saldosuna əsasən təbii qazın sərfi 2022-ci ilin mart və aprel ayları üzrə üzrə 80 manat olmaqla hər iki aya münasibətdə cəmi 160 manat götürülməlidir. Beləliklə abonentin saldosunda göstərilmiş məlumatları, eləcə də tərtib edilmiş aktları araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün (671.61+160=831.61 manat) 831.61 manat ödənilməli olan məbləğ kimi müəyyən edilməlidir və həmin məbləğin iddiaçıdan tələb edilməsi üçün əsaslar mövcuddur. Bundan başqa məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən silinməsi tələb edilən 10280.6 manatdan 831.61 manat çıxılmaqla 9449,19 manat əsassız hesablanmış borc silinməlidir. Belə ki, cavabdeh tərəf itirimiş qazın dəyərini 9449,19 manatın hansı əsasla hesablaması barədə hər hansı sübut təqdim etməmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2023-cü il üzrə iddiaçının abonent hesabına hesablanmış 9449,19 manat borc silinməli, qalan hissədə isə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti təmin edilən hissədə 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 114,49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il, 31 mart 2023-cü il və 28 aprel 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında İddiaçı (abonent kodu: **********04020) hesablanmış 9449,19 manat (doqquz min dörd yüz qırx doqquz manat, on doqquz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 114,49 (yüz on dörd manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar