Məhkəmə qərarları › İş №2(003)-427/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-427/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-427/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, kirayə haqqı və kommunal borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində bağlanılmış kirayə müqaviləsi üzrə şəxsin ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, kommunal xərcləri ödəmədiyinə görə yığılmış 289 manat məbləğində su borcun və evə dəymiş zərərə görə 500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi, tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində Cavabdeh ilə kirayə müqaviləsi bağlayaraq ona məxsus ünvan 1 ünvanında yerləşən 33.26 kv.metr olan mənzilin kirayəyə verilməsinə dair kirayə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, yəni kirayə müqaviləsində nəzərdə tutulan mənzilin Cavabdeh verilməsi müqavilində hər ay 300( üç yüz) manat məbləğində kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da müqavilə üzrə öz üzərinizə götürdüyü öhdəlikləri lazımı qaydada yerinə yetirmir, müqavilə bağlandıqdan sonra növbəti 2 ay ərzində ödəniş edilsədə sonrakı aylarda ödənişdən yayınmış və kirayə haqqını ödənilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixin də öz əlyazması ilə etiraf etmişdir ki, kirayə haqqının yalnızca 2-3 ayı ödəniş həyata keçirilmiş və 4 ay ərzində ödəniş edə bilməmiş və 1300 manat borc yığılmışdır. Göründüyü kimi şəxsin hərəkətsizliyi yəni öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə ona ziyan dəymişdir. Həmin müqavilənin 11-ci bəndinə əsasən, yəni kirayə müqaviləsinə əsasən, kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. Lakin Cavabdeh bu müqavilənin 11-ci bəndidə pozulmuş və kommunal xərclər (qaz, su) cavabdeh tərəfindən ödənilməmişdir və buna görə də 258 manat məbləğində borc yığılmışdır (çeklər iddiaya əlavə edilmişdir). Bu barədə məlumat Cavabdeh xx.xx.2022-ci il tarixindəki əlyazmada əks olunub. Buradan da aydın olur ki, cavabdeh sözü gedən kirayə müqaviləsi üzrə öhdəliyini kobud surətdə pozaraq müqavilədə qeyd edilən kirayə haqqını və kommunal xərcləri ödəməmişdir. Cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən sözü gedən kirayə müqaviləsinin ləğv edilməsi və müqaviləsi üzrə hal- hazırda mövcud olan 1300 manat, ödənilməmiş kommunal xərclərə görə 258 manat və evi bərbat vəziyyətə saldığı üçün dəymiş zərərə görə 500 manat məbləğin ona geri qaytarılmasını tələb edir. Yuxarıda göstərilən hallar, xx.xx.2022-ci il tarixində kirayəçi Cavabdeh yazdığı əlyazma ilə sübut olunmuşdur. Belə ki, 1300 (min üç ) manat məbləğində borcunun olduğu, həmçinin 4 aydır kirayə haqqının ödəmədiyini etiraf etmişdir. Bunlarla yanaşı, kirayəyə verən İddiaçı qüvvədə olan xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, şəxsin ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, kommunal xərcləri ödəmədiyinə görə yığılmış 258 manat məbləğində su borcun və, 31 manat işıq borcu, evə dəymiş zərərə görə 500 manat məbləğin ona qaytarılması üçün pretenziya məktubu lazım olmadığı halda belə cavabdehə göndərilmiş və müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. Belə olduğu təqdirdə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, şəxsin ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, kommunal xərcləri ödəmədiyinə görə yığılmış 258 manat məbləğində su borcun və 31 manat işıq borcuna görə, evə dəymiş zərərə görə 500 manat məbləğində borcun ona qaytarılması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümid edir. Qanunvericiliyin tələblərindən də görünür ki, onun cavabdehə qarşı iddia tələbinə dair ərizəsi tam təmin edilməlidir və bunun üçün kifayət qədər əsaslar mövcuddur. Bundan başqa, tərəfindən məhkəmə üçün dövlət rüsumu qismində 40 manat məbləğində xərc çəkilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Bütün bunlara əsasən, o, cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, şəxsin ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, kommunal xərcləri ödəmədiyinə görə yığılmış 258 manat məbləğində borcun və evə dəymiş zərərə görə 500 manat, eyni zamanda tərəfimdən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi üçün son ümidi ilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində bağlanılmış kirayə müqaviləsi üzrə şəxsin ödəmədiyi 1300 manat məbləğində kirayə haqqı, kommunal xərcləri ödəmədiyinə görə yığılmış 289 manat məbləğində su borcunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbinin azaldılması barədə ərizəsini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini etiraf etdi və bildirdi ki, iddiada göstərilən bütün məbləğlərlə, ödənilməmiş kirayə haqqı və kommunal borcu ilə razıdır. Borcunu ödəyəcəkdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 33.26 kv.metr olan mənzil İddiaçı tərəfindən Cavabdeh kirayə verilmişdir. Həmin müqavilənin 3 və 4-cü bəndinə əsasən, kirayə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Kirayəyə verilən sahənin istifadəsinə görə kirayəyə götürən Cavabdeh kirayəyə verən İddiaçı aylıq 300 manat kirayə haqqı ödəyir. Həmin müqavilənin 11-ci bəndinə əsasən, yəni kirayə müqaviləsinə əsasən, kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli əl yazısından görünür ki, o, İddiaçı kirayə yaşamaq üçün müqavilə əsasında evi təhvil almış və 2-3 ayın pulu ödəmiş, qalan 4 ayın ödənişini ödəyə bilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarışdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 2 ünvanında **********20051 abonent kodu ilə qeydə alınmış işıq xətti üzrə ödənilməmiş borc 31,76 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abonent kartından görünür ki, **********510 abonent kodu ilə qeydə alınmış İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 2 ünvanında abonentin borcu 258,0 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh kirayə müqaviləsinin ləğvi və pul tələbinə dair pretenziya məktubu göndərmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanında yerləşən 33.26 kv.metr olan mənzili kirayə götürmüşdür. Həmçinin həmin müqaviləyə əsasən kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. Cavabdeh məhkəməyə müraciət edərək iddianı etiraf etmiş və onunla iddiaçı arasında bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi, həmin kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqı və kommunal borclarının ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, tərəflər arasında bağlanmış kirayə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi işin materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqı və kommunal borclarını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kirayə müqaviləsi üzrə aylıq ödənişlərinin və kommunal xərclərin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, ödənilməmiş 1300,0 manat məbləğində kirayə haqqı və 289,0 manat kommunal xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2.1-ci maddəsinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Həmçinin, cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatından görünür ki, o, iddianı qəbul edərək, kirayə müqaviləsinin ləğvinə etiraz etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində bağlanmış kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh 1300,0 manat məbləğində kirayə haqqı və kommunal xərclərə görə 289,0 manat, cəmi 1589,0 (bir min beş yüz səksən doqquz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar