Məhkəmə qərarları › İş №2(003)-441/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-441/2020

30.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-441/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında (qanunsuz olaraq) inşa edilmiş tikilinin sökülməsi” tələbinə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında (qanunsuz olaraq) inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldırım küçəsi, 832 b saylı bağ sahəsinin ərazisindən keçən İddiaçınə məxsus diametri 159 və 530 mm-lik qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş mağazanın (qanunsuz tikilinin) Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək kəmərin mühafizə zonasından çıxarılması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan 159 mm-lik aşağı və 530 mm diametrlik orta təzyiqli qaz kəmərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldırım küçəsi, 832 b saylı bağ sahəsindən ərazisindən keçən kəmər boyu 28 metr hissəsində, 0,5 metr məsafədə Cavabdeh tərəfindən mağaza kimi fəaliyyət göstərən tikili inşa edilmişdir. Cavabdeh tərəfindən, səlahiyyətli orqanın, yəni Xəzər rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Sərəncam (349 saylı, xx.xx.2003-cü il tarixli) alınsa da, qeyd edilən tikili, fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Eyni zamanda həmin ərazidə yaşayan sakinlər üçün mövcud vəziyyət ciddi təhlükə mənbəyidir. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Mövcud vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq müvafiq akt və sxem tərtib edilmiş foto şəkil çəkilərək, qaz kəmərinin mühafizə zonasının bərpası ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Sərəncam tərəfimizdən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırılaraq mübahisələndirildi və məhkəmənin 2- 1(82)-22/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək 349 saylı Sərəncam ləğv edilmişdir. Bu səbəbdən də hal-hazırda fəaliyyətdə olan mağaza artıq qanunsuz tikili hesab olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən ərazidə tikinti işləri aparması üçün Xəzər Rayon İcra Hakimiyyətindən razılıq və sərəncan almış, bunun əsasında orada tikili tikmişdir. Lakin hazırda həmin tikilini o başqa bir şəxsə satmışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək ərizə və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 mənzil 63 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ********* saylı qəbzdən aydın olur ki, iddiaçı hazırki iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldırım küçəsində Cavabdeh tərəfindən Xəzər QİS-in balansında olan diametri 530 mm-lik orta təzyiqli və 159 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərindən 0,5 sm aralı məsafədə 50 kv.metr sahəsi olan mağaza inşa edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-22/2018 saylı,xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər RİH-in xx xxxxxx 2003-cü il tarixli, 349 saylı sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4561 saylı, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan bağ sahəsinin və mağaza tikilisinin kimin mülkiyyətində olmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldirim küçəsi, 832 b saylı bağ sahəsindəki mübahisəli mağaza tikilisinin "İddiaçı” İstehsalat Birliyinə məxsus diametri 530 mm olan orta təzyiqli qaz kəmərlərinə bitişik və diametri 159 mm olan aşağı təzyiqli qaz xəttindən 0,5 m aralı məsafədə yerləşdiyini nəzərə alaraq həmin mağaza tikilisinin İddiaçınə məxsus diametri 159 və 530 mm olan qaz kəmərlərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldirim küçəsi, 832 b saylı bağ sahəsində inşa edilmiş mağaza Cavabdeh tərəfindən inşa edilmişdir. Həmin mağaza İddiaçı balansında olan yerüstü qaz kəmərlərinin mühafizə zonasının daxilində inşa edilmişdir. Cavabdehə həmin ərazi tikinti işlərinin aparılması üçün Xəzər RİH tərəfindən sərəncam verilmiş, lakin sözügedən sərəncam 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-22/2018 saylı,xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 13.2-ci maddələrinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.” Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, torpaq qanunvericiliyinə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilirtorpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir.” Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən “Dövlət mülkiyyətində dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar saxlanılır.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1 və 5.2-ci maddələrinə əsasən “Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.” Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən “Dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqları daxildir.” Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.” Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinə əsasən “Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 103 saylı, xx.xx.1999-cu il tarixli Qərarının 2.7 və 2.11-ci maddələrinə əsasən “Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır.” Məhkəmə araşdırması zamanı və həmçinin ekspert rəyindən müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldirim küçəsi, 832 b saylı bağ sahəsində inşa edilmiş mağaza Cavabdeh tərəfindən inşa edilmişdir. Həmin mağaza İddiaçı balansında olan yürestü qaz kəmərlərinin mühafizə zonasının daxilində inşa edilmişdir. Cavabdehə həmin ərazi tikinti işlərinin aparılması üçün Xəzər RİH tərəfindən sərəncam verilmiş, lakin sözügedən sərəncam 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-22/2018 saylı,xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı balans və istismarında olan 530 mm diametrli orta təzyiqli və 159 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərlərinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldirim küçəsi, 832 b saylı bağ sahəsindən keçən hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş mağaza cavabdehin hesabına sökülərək qaz kəmərinin mühafizə zonasından çıxarılmalı və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edildiyindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdeh X1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES massivi, A.İldırım küçəsi, 832 b saylı bağ sahəsinin ərazisindən keçən İddiaçınə məxsus diametri 159 və 530 mm-lik qaz kəmərlərinin mühafizə zonasında inşa olunmuş mağaza (qanunsuz tikili) Cavabdeh öz hesabına (əvəzi ödənilmədən) sökülərək kəmərin mühafizə zonasından çıxarılsın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilsin. Keçirilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar