Məhkəmə qərarları › İş №2(003)-447/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-447/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-447/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Təzə sahə ünvanına dair hesablanmış (abonent kodu: **********30314) 7279 manat borcun silinməsi, elektrik enerjisinin kəsildiyi müddət ərzində ona dəymiş bütün maddi ziyanın qarşılanması və buna səbəb olan cavabdeh şəxslər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Təzə sahə ünvanına dair xx.xx.2023-cü il tarixli aktla hesablanmış (abonent kodu: **********30314) 7279 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Təzə sahə ünvanında elektrik sayğacında (abonent kodu **********30314) qısaqapanma baş vermişdir. Həmin tarixdə şəxsi telefonu ilə "xxxx" ASC-nin 199 çağrı mərkəzinə dəfələrlə zəng vuraraq məlumat vermişdir. Amma həmin vaxt sayğaca heç bir baxış keçirilməmişdir. Daha sonrakı günlərdə ailə üzvlərinə məxsus telefon nömrələrindən dəfələrlə 199 çağrı mərkəzinə zəng vurub məlumat verməyinə baxmayaraq "xxxx" ASCnin heç bir əməkdaşı onun ünvanına gəlməmişdir. Elektrik sayğacı qısaqapanma nəticəsində yanmış, evində olan bütün elektrik avadanlıqları yanaraq sıradan çıxmışdır. xx.xx.2023-cü il tarixdə AKT NDM Ne 035027 əsasında "xxxx"ASC -nin əməkdaşları yaşadığı ünvanda olan elektrik sayğacını açmış, sayğacı açdıqları zaman sayğacın üzərində olan dövlət möhürlərində heç bir qüsurun olmadığını bildirmişlər. xx.xx.2023-cü ildə ona heç bir rəsmi xəbərdarlıq edilmədən evinin elektrik enerjisi kəsilmişdir. Elektrik enerjisinin kəsilmə səbəbini öyrənmək üçün "xxxx" ASC-nin nəzarət idarəsinə müraciət etmişdir. Ona məlumat verərək bildirmişlər ki, sayğacda yaranmış qüsurla əlaqədar ona 7279 manat cərimə yazılmışdır. O, işığın bərpa olunmasını və yaranmış vəziyyətin aydınlaşdırılması üçün müddət istəmişdir. Yaşadığı ünvanda körpə nəvələri var. Heç bir nəticə əldə etmədiyini görüb xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinə elektrik enerjisinin bərpa olunması tələbi ilə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin dərhal bərpa olunması ilə bağlı qərardad çıxarmışdır. Sonra İcra şöbəsi xx.xx.2023-cü ildə "xxxx" ASC -yə xəbərdarlıq göndərsə də elektrik enerjisi bərpa olunmamışdır. xx.xx.2023-cü ildə yenidən bildiriş göndərilmişdir. Amma elektrik enerjisi yenə də bərpa olunmamışdır. Xəzər Rayon Məhkəməsinin çıxardığı qərardada, İcra şöbəsinin bilidiriş və xəbərdarlıqlarına, Energetika nazirliyinə və Ədliyyə nazirliyinə müraciətlər olunmasına baxamayaraq elektrik enerjisinin bərpası "xxxx"ASC tərəfindən yerinə yetirilməmişdir. Sonradan elektrik enerjisi bərpa edilmişdir. Ona yazılmış cərimə məbləği ilə bağlı cavabdeh təşkilata bildirmişdir ki, elektrik sayğacına heç vaxt müdaxilə etməmiş, daim istehlak etdiyi işığa görə borcunu ödəmişdir. Cavabdeh təşkilat işıq sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Həmçinin, sayğac yararsız hala düşdükdən sonra onun ünvanına müvəqqəti sayğac yerləşdirilmişdir. O, həmin sayğacdan sadəcə 3-4 gün istifadə etmişdir. Onun ünvanının aylıq sərfiyyatı təxminən 100-150 manat təşkil edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi F.K.Abdullayev iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı mənzildə sayğaca baxış keçirilən zaman onun əridiyi məlum olmuş, həmçinin qanunsuz qoşulma halı müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin ünvana yeni, 3305833M2400151 saylı sayğac quraşdırılmıdır. Yeni sayğac quraşdırılan zamana qədər istehlakçı elektrik enerjisindən istifadə etmişdir. Bu səbəbdən orta sərfiyyat əsasında hesablama aparılaraq ona 7279,74 manat borc hesablanmışdır. İddiaçı tərəfindən borcundan heç bir ödəniş edilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə sayğaca baxış keçirilən zaman sayğacda ərimə olduğu, həmçinin qanunsuz qoşulma halı aşkar edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə akt əsasında 7279,74 manat borc yazılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıdan enerji sərfiyyatına görə 7279,74 manat tələb edən cavabdeh, məhkəmə araşdırması zamanı, həmin sərfiyyatı təsdiq edən aktı, həmin aktın tərtib olunmasına, istehlakçıdan tələb etdiyi enerji sərfiyyatına görə 7279,74 manat borcun yaranma əsaslarına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən də etiraf edildiyi kimi, köhnə sayğac yararsız hala düşdükdən sonra o, yeni sayğac quraşdırılanadək müvəqqəti sayğacla elektrik enerjisindən istifadə etmişdir. Həmçinin, bu müddət iddiaçının bildirdiyi kimi 3 gün deyil, 1 ay müddətində müəyyən edilmişdir. Belə ki, işin hallarından görünür ki, xx.xx.2023cü il tarixində həmin evə quraşdırılmış işıq sayğacı yararsız hala düşmüş, bu səbəbdən də müvəqqəti istifadə üçün yeni işıq sayğacı quraşdırılan tarixədək, yəni xx.xx.2023-cü il tarixinədək elektrik xəttinə sayğacdan kənar qoşulmaqla elektrik enerjisindən istifadə edilmişdir. Təxminən 1 ay 08 gün ərzində həmin ünvanda sərfiyyatın iddiaçının bildirdiyi kimi 150 manat müəyyən edilməsi ağlabatan olmaqla, iddiaçının köhnə illər üzrə aylıq sərfiyyatına uyğun hesab edilməlidir. Ona görə də, akt əsasında hesablanmış 7279 manatdan 150 manat sayğacdan kənar sərfiyyat kimi nəzərə alınmalı və həmin məbləğdən çıxılmalı, iddiaçının abonent hesabına yazılmış 7129 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 18 saylı qərarının 1.3.-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma üçün elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi cavabdehin fəaliyyətini nizamlayan qaydalara əsasən aşkar olunan pozuntunun sənədləşdirilməsi qaydası dəqiq müəyyən olunsa da, cavabdeh istinad etdiyi halları, yəni iddiaçıdan tələb etdiyi borcun yaranma əsaslarını sübuta yetirə bilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. “Azərişıq ASC” tərəfindən İddiaçı məxsus **********30314 saylı abonent hesabına hesablanmış 7129 (yeddi min yüz iyirmi doqquz) manat borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. "xxxx" ASC-dən dövlət rüsumuna görə 91,29 (doxsan bir manat, iyirmi doqquz qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar