Məhkəmə qərarları › İş №2(003)-460/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-460/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-460/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 1002.8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvan üzrə "xxxx" ASC-nin **********20001 saylı kodu ilə abonentidir. ünvan 1 ünvanına abonent kodu ayrılmış, lakin sayğac quraşdırılmamışdır. Eyni zamanda qeyd etmişdir ki, həmin ünvana işıq xətli belə çəkilməmişdir. Dəfələrlə "xxxx" ASC-yə müraciət etməsinə baxmayaraq şikayətinə baxılmamışdır. Həmin ünvanda bir neçə ailə yaşayırlar və bir həyətdə iki tikili var. X1 (abonent kodu **********20000) ayrılmış və onun adına quraşdırılmış sayğacdan uzun illər birgə istifadə etmişlər. O, öz evinin işıqlandırlması üçün "xxxx" ASC-yə müraciət etsə də 2008-ci il tarixdən 2011-ci il tarixə kimi **********20001 saylı kodu ilə abonentə əsassız hesablanmış 1002.80 manat borcun ödənilməsini tələb etmişlər. Həmin abonent kodlu sayğac istifadə olunmamış və mənzilə quraşdırılmamışdır. Yaranan bocun hansı əsasla və hansı istifadəyə əsasən hesablandığı onlara izah olunmamışdır. 2008-ci il tarixdən 2011-ci il tarixə kimi "xxxx" ASC-nin tərəfindən ona 1002.80 manat məbləğində borc yazılmışdır. Borcu araşdırdıqda müəyyən etmişdir ki, həmin 16713.32 kvts sərfiyatı ilə 1002.80 manat hesablanmışdır. Belə hesablanma ilə o, razı ola bilməz. "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən qanunsuz olaraq onun üzərinə yüksək məbləğdə cərimə yazmışdır. Hesab etmişdir ki, üzərinə qoyulmuş borc əsassızdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərə onun rədd olunmasını xahiş etmişdir. Həmçinin ərizə təqdim edərək, iddiaçının adına olan **********20001 saylı abunə haqqında məlumatın təhlilindən müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi 1002.80 manat borc xx.xx.2008-ci il tarixdən xx.xx.2011ci il tarixədək abonentin elektin enerjisinin işlətmə gücünə görə orta sərfiyyatına əsasən hesablandığından iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AKT NDM 018809 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının hesablama tablosu oxunmur. İş materiallarından görünür ki, iddiaçının **********20001 saylı abunə hesabına 1002.8 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 148395 saylı, xx.xx.2010cu il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77-ci maddəsinin tələbləri baxımından aktların qəbul edilməsi üçün əsas olmuş halları və qanuniliyini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisələndirilən həmin akt əsasında hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 3 il üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 1002.8 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir. Məhkəmə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyriəmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İstehlakçı hüquqlarının pozulması da şəxsi qeyri-əmlak hüquqlarına aid edildiyindən iddia müddətinin tətbiq barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 3 ünvanına (abonent kodu **********20001) hesablanmış 1002.8 manat borc silinsin. "xxxx" ASC-dən 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar