Məhkəmə qərarları › İş №2(003)-469/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-469/2023

02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-469/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona (abonent kodu: **********02260) əsassız hesablanmış 749,8 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir müddət əvvəl müəyyən etmişdir ki, istifadə etdiyi qazın dəyəri üçün ödənişlərindən tutulmalar aparılır. Səbəbini araşdıranda ona məlum olmuşdur ki, guya ünvanına quraşdırılmış sayğaca müdaxilə edilməsi səbəbindən akt tərtib edilmiş və həmin akt əsasında abonent hesabına 749,80 manat məbləğində borc yazılmışdır. Qeyd edir ki, tərtib edilmiş akt əsassızdır. Belə ki, o heç vaxt ünvanına quraşdırılmış sayğaca müdaxilə etməmiş və sayğaca müdaxilə olunması barədə məlumatı olmamışdır. Ünvanıma quraşdırılmış sayğac xəbəri olmadan çıxarılıb aparılmış, sonradan yenə də onun iştirakı olmadan guya labaratoriyada yoxlanılmış və sayğacın hesablama mexanizminin dişli çaxları kənar təsir nəticəsində kəsildiyi aşkar edilmişdir. Bu barədə ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt əsassızdır və onun əsasında hesablanmış borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 idia tələbini qəbul etməyərək məhkəmədən iddanın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “element qapağının ətrafının zədəli olduğu və elementin dövriyyədən çıxarılması” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 518,4 manat (4320 m3 x 0,12 manat = 518,4 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan və Gasrep proqramından çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********02260 sayla qeydiyyata alınmış abonent koduna 749,8 manat qaz sərfiyyatına görə borcu vardır. İş materiallarında olan Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı ünvan 1 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 4320 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda “Smart” tipli “G 4” markalı qaz sayğac quraşdırılmışdır. İş materiallarında olan əlavə edilmiş xx.xx.2022-ci il tarixli MSK-29/1710-00760-1 saylı “qaz sayğacının yoxlanılması” barədə aktın sürətindən görünür ki, sayğaca baxış keçirildi, element qapağının ətrafının zədəli olduğu və elementin dövriyyədən çıxarılması” müəyyən edilərək və istismara yararsız hesab edilmişdir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, sayğacın element qapağının ətrafının zədəli olduğu və elementin dövriyyədən çıxarılması, sayğacın istismara yararsız olması müəyyən olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla (akt əsasında) 518,4 manat məbləğində zərər hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 518,4 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca və ya elektrik xəttinə hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu (sayğacın qoşulma ardıcıllığının pozulması) və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Tərtib olunmuş aktda əks olunan nasazlıq, yaxud pozuntunun abonentin təsqiri üzündən yaranması sübuta yetirilmir. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda və ona qoşulma sxemində müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. xx.xx.2022-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış 518,4 manat cərimə silinməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbbi qazdan istifadəyə görə iddiaçıya hesablanmış 231,4 (749,8 manat -518,4 manat) manat borcu (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iddia tələbini həmin hissəsinə qiymət verərək hesab edir ki, 231,4 manat borc abonentin istifadə etdiyi təbii qaza görə sayğac göstəricisinə əsasən hesablandığından iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********02260 olan sayğaca) hesablanmış 518,4 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc silinsin. 30,0 (otuz)” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar