Məhkəmə qərarları › İş №2(003)-48/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-48/2022

05.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-48/2022 05.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi və aparılan tikinti işləri zamanı ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20 000 (iyirmi min) manat məbləğində zərər məbləğinin, məhkəməyə müraciət üçün hüquqi xidmətlərlə bağlı ödədiyi 800,00 (səkkiz yüz) manat məbləğində xidmət haqqının, 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 19 saylı ev onun mülkiyyətindədir. Uzun müddətdir ki, ailəsilə birlikdə bu evdə yaşayır. 2019-cu ilin yay aylarında həyətin yan qonşuluğunda yerləşən torpağın sahibi Cavabdeh həmin ərazidə tikinti islərinə başlamışdır. Cavabdeh tikintini onların evinin hasarının, qarajının və damının üzərində aparırdı. Tikinti aparılan müddət ərzində evə ciddi zərər dəymişdir. Evdəki divar kağızları qopmuş, divarlarda nəmişlik və çatlar yaranmışdır. Divarın üstü ilə evin içinə sular axır. Qanunvericiliyin tələbinə əsasən qonşu həyətdəki tikinti ilə onun evi arasında müəyyən məsafə olmalıdır. Lakin Cavabdeh tərəfindən aparılmış tikinti ilə ev arasında nəinki məsafə saxlanılmışdır, həmin tikinti evin hasarında, dam örtüyündə aparılmışdır. Cavabdehdən evin hasarında tikinti aparmağı dayandırmasını tələb etsə də, buna məhəl qoymayaraq işinə davam etmişdir. Bütün bunların əks olunduğu fotoşəkillərin və videogörüntülərin əlavə olunduğu CD-ni hazırkı məktubla təqdim edir. Xəzər rayon İcra Hakimiyyətinə, AR DİN-in 102 qaynar xəttinə çoxsaylı şikayətlər etdikdən sonra qanunsuz aparılan tikinti işləri dayandırılmışdır. Tikilmiş qanunsuz tikintinin sökülməsi üçün tərəfindən 2020-ci ilin sentyabr ayında Xəzər rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq ona göndərilmiş AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 oktyabr 2020-ci il tarixli, 05/09-S-49-4481 saylı məktubunda sözügedən ünvanda inşa olunan tikinti obyekti ilə bağlı Tikintilərin Dövlət reyestrində hər hansı məlumat olmadığından onun qanunsuz tikili olması qeyd olunmuşdur. Həmçinin sözügedən məktub Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanaraq özbaşına tikili barədə qanunvericilikdə əks olunmuş zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Xəzər rayon İcra Hakimiyyətindən isə ona göndərilmiş məktubda tikinti işlərinin dayandırıldığı, lakin artıq tikilmiş hissənin sökülməsi üçün məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi və aparılan tikinti işləri zamanı ona məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20 000 (iyirmi min) manat məbləğində zərər məbləğinin, məhkəməyə müraciət üçün hüquqi xidmətlərlə bağlı ödədiyi 800,00 (səkkiz yüz) manat məbləğində xidmət haqqının, 30,00 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, evini 2017-ci ildə almışdır. Evi bərbad halda olduğundan təmir etmiş, sonradan hüzürləri olduğundan təmir yarımçıq qalmışdır. 2019-cu ildə fəhlənin yanında qonşu ilə razılaşmışdır ki, ən yüngül daş ilə tikinti aparacaq orada. Həmin tikinti aparılanda iddiaçı özü fəhləyə nəzarət edirdi. Qonşu ilə şərikli hasar istifadə edirlər. Ara məsafəsi qoymaq mümkün deyil. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına Bakı şəhəri, ünvan 1, ev 19-a dair İddiaçı verilmiş texniki pasportun surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Müavininin 22.10.2020-ci il tarixli məktubunun surətindən görünür ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şüvəlan qəsəbəsi, Nizami küçəsində İddiaçı qonşusu tərəfindən aparılan tikinti işləri artıq 2019-cu ilin dekabr ayında Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən dayandırılmış və hal-hazırda həmin ünvanda tikinti işləri aparılmır. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi vətəndaşa tövsiyyə olunmuşdur. Məhkəmə tərəfidən 16 aprel 2021-ci il tarixdə İddiaçı vəsatəti əsasında tərəflərin və onların vəkillərinin iştirakı ilə mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1, ev 19-a yerli baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, ev mirmərtəbəlidir, evin hasarına ara məsafəsi qoyulmadan qonşu ilə şərikli istifadə olunur, tikinti iddiaçıya məxsus evin hasarı, qarajı və damının üzərində aparılmış, evdəki divar kağızları qopmuş, divarlarda nəmişlik və çatlar vardır. Cavabdeh məxsus ünvan 3ndəki ev ikimərtəbəli yarı tikilidir, evin hasarına ara məsafəsi qoyulmadan qonşu ilə şərikli istifadə olunur, tikinti iddiaçıya məxsus evin hasarının, qarajının və damının üzərində aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 774.80 manat təşkil edir. İş üzrə alınmış "xxxx" MMC-nin 29 dekabr 2021-ci il tarixli 527/Mi/21 saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus pay sahəsində və İddiaçı ilə ortaq divarının üzərində inşa etdiyi ikinci mərtəbənin divarı Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan ara məsafəsinin müəyyən olunması və inşası normalarının pozmuşdur. Bundan əlavə, Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin xarici divarının sərhədi ilə İddiaçı məxsus birmərtəbəli tikilinin dam örtüyünün kəsişmə hissəsində tollanma və nəmədavamlı izolyasiya işləri düzgün aparılmamışdır. Bu səbəbdən yağan yağışın boşluqlardan içəri daxil olaraq İddiaçı məxsus otaqların tavanında və divarlarında qopmalar əmələ gətirməsi müşahidə olunur. Əmələ gələn qüsurların sahəsi 100 kv.m. təşkil edir. Bu hissənin yenidən təmir bərpa işləri üçün hesablamalar hazırkı tikinti materialları bazarındakı qiymətlər üzrə hesablanmışdır. Sözügedən təmir-bərpa işlərinə divarların qaşınması, astar alçı ilə işlənməsi, hamarlanması, üzlük alçının vurulması, divar kağızının vurulması, tavanın boyanması və dam örtüyünün sərhəd hissəsinin izaolyasiya və tol materialları ilə yenidən işlənməsi aiddir. Hesablanmalar nəticəsində aparılacaq təmir-bərpa işlərinə 850 manat tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərtib edilmiş ekspert və mütəxəssis rəyinə sübut növü kimi qiymət verərək qeyd edir ki, ünvan 3 ünvanında Cavabdeh tərəfindən inşa edilən ikinci mərtəbənin Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının pozulması ilə inşa olunması, həmçinin həmin tikintinin İddiaçı məxsus otaqlarda qüsurların yaranmasına səbəb olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh tikinti norma və qaydalarını pozmaqla, iddiaçıya məxsus birmərtəbəli tikilinin dam örtüyü və hasarı ilə kəsişən ikinci mərtəbə tikməklə evin yararsız vəziyyətə düşməsinə səbəbiyyət yaradır. Bununla da iddiaçı öz evindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı öz qanuni sahibliyində olan evin yararsız vəziyyətə düşməsinə səbəb olan tikilinin sökülməsini məhkəmədən tələb etməyə haqlı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına sökülməlidir. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydalarından görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıqplanlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülməlidir. İddiaçı həmçinin, ünvan 1 ünvanında yerləşən 19 saylı evə dəymiş 20 000 manat məbləğində zərərin cavabdehdən tutulmasını xahiş etmiş, dəymiş zərərin tələb olunan məbləğdə olmasına dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, dəymiş zərərin müəyyən edilməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2024 nömrəli, 05 oktyabr 2021-ci il tarixli rəyini əsas götürərək, dəymiş ziyanın 774.80 manat olmasını ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı həmçinin, hüquqi xidmətlərlə bağlı ödədiyi 800 manat və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, hüquqi xidmətlərlə bağlı ödənilmiş pul vəsaitinin 31 manatı, dövlət rüsumunun 1 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikilinin ikinci mərtəbəsi cavabdehin vəsaiti hesabına sökülsün. Cavabdeh dəymiş ziyana görə 774.80 (yeddi yüz yetmiş dörd manat səksən qəpik) manat, hüquqi xidmətlərlə bağlı çəkilmiş xərclərə görə 31 (otuz bir) manat, ödənilmiş dövlət rüsumuna görə 1 (bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar