Məhkəmə qərarları › İş №2(003)-484/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-484/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-484/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********96631 olan Xiaomi Mi A3 markalı telefon üçün 266,3 manat ödənilməmiş hissə, 26 manat cərimə borcu, cəmi 292,3 manat və 30 manat dövlət rüsumu, cəmi 322,3 manat alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 09.01.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh alqı-satqı qiyməti 748,8 manat olan İMEİ Kodu **********96631 olan Xiaomi Mi A3 markalı telefon almış, 482,5 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 266,3 manat borcu qalmışdır. Hazırda mövcud olan 292,3 manat borcdan 266,3 manat ödənilməmiş hissə, 26 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-cü bəndinə əsasən, ödənişlərdən gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində “müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09.01.2020-ci il tarixdə 20023240 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən, dəyəri 748,8 manat olan İMEİ Kodu **********96631 olan Xiaomi Mi A3 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 62,4 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 266,3 manat ödənilməmiş borcu və 26 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 266,3 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 266,3 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 26 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 5 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.01.2020-ci il tarixli 20023240 saylı müqaviləyə əsasən ümumilikdə ödənilməmiş 266,3 manat əsas, 5 manat dəbbə pulu və və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-29, 227, 233, 284-5.3, 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********96631 olan Xiaomi Mi A3 markalı telefon üçün 266,3 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, cəmi 271,3 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 291,3 (iki yüz doxsan bir manat otuz qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar