Məhkəmə qərarları › İş №2(003)-4862/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4862/2025

11.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(003)-4862/2025 11.03.2026 BAKI ŞƏHƏRI XƏZƏR RAYON MƏHKƏMƏSI Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, Söyziyev Elşah İlham oğlunun iclas katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh İstehsalat Birliyinə (bundan sonra – Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən əsassız olaraq hesablanmış 777 manat 60 qəpik məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, faktiki olaraq ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ünvan *************** saylı kodla təbii qazla təchiz edilmişdir. Bildirmişdir ki, quraşdırılmış sayğac mərhum atası Əliyev Qafur Ağalar oğlunun adınadır. Atası ##.##.2024-cü il tarixdə dəqiqləşdirilməmiş, ağciyər-ürək çatışmalığı xəstəliyindən rəhmətə gedib. Atasının vəfatından sonra sayğacı onun adında qalmışdır. Lakin daima faktiki olaraq onun istifadəsində olmuşdur. Cavabdeh təşkilatdan ona bildirdilər ki, 777 manat 60 qəpik sayğaca cərimə yazılmış, nəticədə 777 manat 60 qəpik qaza görə borcu vardır. Həmin cərimənin hardan yaranmasını araşdırmaq üçün qaz idarəsinə müraciət etmiş, ona bildirmişdirlər ki, guya qaz sayğacının klapanı işlək deyildir. Ona görə də cərimə olunubdur. Lakin bu tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmənin baxış iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, hazırda akt tərtib olunmuş ünvanda yaşadığını bildirmiş, həmin ünvana yazılmış 777,60 manat borcun silinməsini tələb etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə iddia tələbinə dair etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Cavabdeh İB-nin nümayəndəsi baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. “Qaz sayğacının yoxlanılması barədə” ## #### 2023-cü il tarixli, MSK – **/****-***** nömrəli rəydən görünür ki, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın yaddaş arxivi oxunmuş, sayğacın istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, sayğacda xətaların normadan artıq olması və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı Əliyev Qafura məxsus ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 29/1710-04507-cü il tarixli rəyə əsasən, ****AZ************ saylı sayğacın işlək olmaması müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir.

7. ## #### 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Əliyev Qafur Ağalar oğluna məxsus (abonent kodu – 100301400505631) ünvan 1 ünvanında yerləşən sayğacda olan qüsura görə 6480 m3 həcmində dəymiş zərər hesablanmışdır.

8. 100301400505631 kodlu abonentin saldosundan görünür ki, abonentə 2023-cü il üçün “qalıq və aktlar”a əsasən 777,60 manat məbləğində borc hesablanmışdır.

9. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən ## #### 2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Qafur Ağalar oğlu ##.##.2024cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. 10.Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Qafur Ağalar oğlu iddiaçı İddiaçı atasıdır.

11. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır.

İşin faktiki halları.

12. İddiaçı İddiaçı 100301400505631 kod qazla təchiz edilmiş fərdi yaşayış evinin sakini və mərhum abonentin oğludur. Cavabdeh Cavabdeh İstehsalat Birliyi iddiaçının yaşadığı ünvanı təbii qazla təchiz edir.

13. Cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı İddiaçı mərhum atası Əliyev Qafur Ağalar oğlunun abonent olduğu ünvan üzrə sayğac yoxlamadan keçirilmiş, ## #### 2023-cü il tarixli, MSK – 29/1710-04507 rəyə əsasən hesablanmış ##.##.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın yaddaş arxivi oxunmuş, sayğacın istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, sayğacda xətaların normadan artıq olması və sayğacın istismara yararsız olduğu – aşkar edilmişdir.

14. ## #### 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bu akta əsasən 6480 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 777 manat 60 qəpik məbləğində borc abonentin hesabına yazılmışdır.

Tətbiq edilən hüquq.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

19. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

20. İşin hаllаrındаn göründüyü kimi, cavabdeh Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilərək sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar sayğaca istehlakçı tərəfindən olunan müdaxilə kimi qiymətləndirilərək, dəymiş zərər akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz.

21. Belə ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...

22. Göründüyü kimi, qaz paylayıcısı (cavabdeh Cavabdeh İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə sayğaca müdaxilədə istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair ##.##.2023-cü il tarixli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 3 ünvanına (abonent kodu – 100301400505631) 25 ##.##.2023-cü il tarixli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 3 ünvanına (abonent kodu – 100301400505631) ##.##.2023-cü il tarixli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar