Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-52/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı və onun nümayəndələri X8 və X5, Cavabdeh və onun vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikintinin dayandırılması və tikintinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin üstündə (damında) özbaşına tikili aparmasını dayandıraraq, həmin özbaşına tikilinin Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə salınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndələri Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üstündə (damında) Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən həyət evi atası X6 məxsus olub. Atası həmin mənzili 1956-cı ildə tikmişdir. Atası 1985-ci ildə rəhmətə getmişdir. 2008-ci ildə anası rəhmətə gedəndən sonra, atasına məxsus olan ev onların arasında faktiki olaraq bölünmüşdür. Hazırda Cavabdeh ona məxsus olan evin üstündə (damında) özbaşına tikinti aparır. Onların evi qəza vəziyyətindədir, uçmaq təhlükəsi altındadır. Cavabdeh özbaşına tikinti aparmaqla evlərini tamamilə yararsız vəziyyətə salır. Cavabdeh ona məxsus evin üstündə apardığı qanunsuz tikilini dayandırması barədə bir neçə dəfə xəbərdar etsə də cavabdeh qanunsuz hərəkətlərinə son qoymamışdır. Cavabdehin qanunsuz tikili aparması barədə Xəzər Rayon İcra Hakimiyyətinə, Qəsəbə sovetinə, polis idarəsinə etdiyi şikayətlər heç bir nəticə vermir. Cavabdeh qanunsuz tikiliyə son qoymur, tikilini davam etdirir və artıq tikinti başa çatmaq üzrədir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus evin üstündə (damında) özbaşına tikili aparmasını dayandıraraq, həmin özbaşına tikilinin Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə salınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, əmisi oğlu Cavabdeh qəza vəziyyətində olan evlərinin damında qanunsuz tikinti işləri aparır və bununla da evi tamamilə yararsız vəziyyətə salaraq uçmaq təhlükəsi yaradır. Xəzər Rayon İcra Hakimiyyəti də bu tikilinin qanunsuz olduğunu xx.xx.2019-cu il tarixli sənədində təsdiq etmişdir. Həmin sənəddə qeyd olunur ki, “Vətəndaş Cavabdeh tikinti işlərinin aparılmaması barədə xəbardarlıq olunmasına baxmayaraq, o, tikinti işlərini davam etdirmişdir. Bununla əlaqədar olaraq vətəndaş Cavabdeh özbaşına tikinti işləri apardığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən cərimə olunmuşdur”. Müraciətləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi xx.xx.2019-cu il tarixli məktubla Xəzər Rayon İcra Hakimiyyətinə məktub göndərərək bildirmişdir ki, “Mütəxəssislərimiz tərəfindən mənzilə baxış keçirərkən qanunsuz tikintinin və mənzilin divarlarında çatların yaranması aşkarlanmışdır. Bildiririk ki gələcəkdə baş verə biləcək hərhansı xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizliyinin təmin edilməsi üçün müraciət məktubunu Sizə göndəririk” Məhkəmə tərəfindən təyin olunan Məhkəmə Ekspertizası Mərkəzi də bir daha bu tikilinin qanunsuz olduğunu təsdiqləmişdir. Həmin sənəddə qeyd olunur ki, Cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 № li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları ”na riayət olunmadığı müəyyən edilir. Eyni zamanda bu sənəddə qeyd olunur ki, tikilinin bir tərəfi pilləkən marşının üstünə, digər tərəfi isə iddiaçıya məxsus tikilinin divarının üstünə oturdulmuşdur. Bu sənəddə tikilinin onlara məxsus evin damına birbaşa aid olduğu aydın şəkildə öz əksini tapmışdır. Bu tikili inşa edildikdən sonra mətbəxin divarında çatlar yaranmışdır. Tikili özbaşına olaraq birbaşa onların evinin üstündə (damında) tikilib, ağırlığı evin üstünə düşür. Bu səbəbdən evin divarlarındakı çatlar günü-gündən genişlənir və təhlükəli şərait yaradır. Bunu AR FHN Tikintidə X4 Agentliyinin mütəxəssisləri mənzilə baxış keçirərkən Xəzər Rayon icra Hakimiyyətinə məktub göndərərək bildirmişdirlər. Qanunsuz tikinti dam qoyulsa da istifadəyə yararlı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, digər nümayəndənin izahatındakı xüsusatları təsdiq etmiş, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iki mərtəbəli evin birinci mərtəbəsində iddiaçı, ikinci mərtəbəsində o yaşayır. O, özünə şərait qurur, iddiaçı isə buna mane olur. Tikili balaca otaqdan ibarətdir və iddiaçının zirzəmisinə heç bir təhlükə yaratmır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin vəkili X7 iddia tələbini qəbul etməmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2013-cü il tarixli xx/xx-08325 saylı məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X3 məxsus fərdi yaşayış evinin damının üzərində vətəndaş Cavabdeh qanunsuz tikinti işləri aparılması barədə agentliyə xx.xx.2019-cu il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Mütəxəssisləri tərəfindən mənzilə baxış keçirərkən qanunsuz tikintinin və mənzilin divarlarında çatların yaranması aşkarlanmışdır. Gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizliyinin təmin edilməsi üçün müraciət məktubu Xəzər Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Müavininin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və vətəndaş Cavabdeh tərəfindən Şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti işlərinin aparılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq olunmasına baxmayaraq, o, tikinti işləri apardığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi vətəndaşa tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsi X8 və Cavabdeh iştirakı ilə ünvan 1 ünvanına yerli baxış keçirilmiş, müəyyən olunmuşdur ki, İddiaçı məxsus evin giriş hissəsindəki şüşəbənd tikilişində və həyətə tərəf olan yardımçı tikililərdə tavan və divarların üzərində suvaq və boya qatları qopub tökülmüşdür. Cavabdeh məxsus yaşayış evinə keçirilən yerli baxış zamanı həmin evin ikinci mərtəbədə yerləşdiyi, həmin evin giriş hissəsində əlavə tikili inşa edildiyi, həmin tikilinin iddiaçıya məxsus yaşayış evinin həyətə tərəf olan hissəsindəki yardımçı tikililərin üzərində, damda yerləşməklə, divarlarının kərpiclə hörülməsi, üstünün şiferlə örtülməsi, tikilinin alt hissəsinin betondan inşa edilərək bir tərəfinin pilləkən marşının üstünə, digər tərəfinin isə iddiaçıya məxsus yardımçı tikilinin divarının üstündə oturduğu, bundan əlavə zirzəminin divarlarında çoxlu sayda çatlar olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3071 nömrəli, xx xxxx 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinin ikinci mərtəbəsində Cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin inşa edilməsinə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. Lakin həmin tikilinin İddiaçı məxsus evin qəza vəziyyətinə düşməsinə, yararsız hala salınmasına və ya bu kimi hər hansı zərər vurulmasına səbəb olub-olmaması tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin ev üzrə aidiyyatı təşkilat tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh heç bir icazə sənədi olmadan, tikinti norma və qaydalarını pozmaqla, dəfələrlə edilmiş xəbərdarlıqlara və cərimə olunmasına baxmayaraq, iddiaçıya məxsus evin damında əlavə tikili tikməklə evin yararsız vəziyyətə düşməsinə səbəbiyyət yaradır. Bununla da iddiaçı öz evindən sərbəst istifadə imkanından məhrum olmuşdur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, mübahisəli evlər tərəflərin xüsusi mülkiyyətində olmasa da, onlar həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə hesab edir ki, iddiaçı öz qanuni sahibliyində olan evin yararsız vəziyyətə düşməsinə səbəb olan tikilinin sökülməsini məhkəmədən tələb etməyə haqlı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına sökülməlidir. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydalarından görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıqplanlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üstündə (damında) Cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üstündə (damında) Cavabdeh tərəfindən tikilmiş özbaşına tikili cavabdehin vəsaiti hesabına sökülsün. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-52/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-52/2021
05.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver