Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-535/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhləmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC -nin xx.xx.2013-ci 11 tarixli 006874 №-li aktın ləğv olunması, cavabdeh ”Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvana (Abonent kodu **********80000) qanunsuz hesablamış 495,54 (dörd yüz doxsan beş manat 54 qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvana üzrə ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin **********80000 saylı kodu ilə abonentidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona bildirildi ki, onun 495,54 manat borcu var. Borcu araşdırdıqda müəyyən etdi ki, xx.xx.2013-ci il tarixdə ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən 006874 №-li akt tərtib olunub. Güya ünvanında elektrik eneryisindən istifadə qaydaları yoxlanılarkən sayğacın dövlət möhürünün simi qırıq olmasını muəyyən edilib. Bildirmək istəyir ki, sayğaca baxış keçirlərkən o iştirak etməmişdir. Sadəcə ünvanında quraşdırılmış sayağac yenisi ilə əvəz edilərkən həmin akt tərtib olunub və ona akta imza etməyə təklif olunub. Təbiyi, sayğacın dövlət möhürünün simi qırıldığını görmədiyinə görə o imza etməmiş və yerində ”Azərışıq” (Bakı ELEKTRİKŞƏBƏKƏ) Açıq Səhmdar Cəmiyyətinin işçilərinə narazılığını bildirərək mübahisə etmişdir. Bu günə kimi borc barədə onun məlumatı olmayıb, istifadə etdiyi eneryisinin pulunu ödəmişdir. xx.xx.2022-ci il tarixdə "”Azərışıq” Açıq Səhmdar Cəmiyyətini tərəfindən ona xəbərdarlıq göndərilib və artıq doqquz il müddət keçəndən sonra ona borcu olduğunu bildirir. Bununla əlaqədar bildirir ki, 2013-cü ildə tərtib edilmiş aktını ”Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin işçiləri ilə mübahisələndirdiyinə görə və bu günə kimi borc barədə hecnə bildirmədiklərinə görə hesab edib ki, həmin aktı özləri ləğv etmişlər və eyni zamanda ” Azərışıq” Açıq Səhmdar Cəmiyyəti qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüşdür . Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun tərəfindən heç vaxt sayğaca müdaxilə edilməmişdir. Belə ki, həmin sayğaca onun iştirakı olmadan akt tərtib olunmuşdur. Bundan başaqa sözügedən akt 2013-cü ildə tərtib edilmiş. Ona görə də hesab edir ki, tərtib edilmiş uydurma aktdır və həmin akt əsasında ona hesablanmış borc silinməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin baxış zamanı sayğaca müdaxilə olduğu məlum olmuşdur. Ona görə də hesab edir ki, iddia tələbini əsassızdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli, AKT SN №006874 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə ünvan 2 ünvana yoxlama keçirilən zamanı məlum olmuşdur ki, sayğacın dövlət möhürünün simi qırıqdır. İş materiallarında olan iddiaçının adına olan **********80000 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə iddiaçının abonent hesabına 495,54 manat borc hesablanmışdır. İş materiallarında olan 077454 saylı vəsiqənin sürətindən görünür ki, İddiaçı 1-ci qrup əlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına akt əsasında cəmi 495,54 manat borc hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, abonentə hesablanmış həmin borc 2013-cü il tarixinədək olan dövrü əhatə edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb edilən akt əsasında hesablanmış 495,54 manat borc xx.xx.2013-cü il tarixə hesablanmış borcdur. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, abonentə xx.xx.2013-cü il tarixinədək hesablanmış borc müddətin keçməsinə görə abonetdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə xx.xx.2018-ci il tarixinədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixinədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus **********80000 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 495,54 manat borc silinməli "xxxx" ASC-dən 30,0 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1210,02 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********80000 olan) silinsin. "xxxx" ASC-dən 30,0 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-535/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-535/2023
17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver