Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-54/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Məmmədov Tahir Əli oğlunun, Cavabdeh X3, X2 iştirakı ilə İddiaçı cavabdeh X6 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özbaşına inşa edilmiş eyvanın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanında yerləşən daşınmaz əmlakın üzərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 13 ünvanında yerləşən evin mülkiyyətçisi Cavabdeh tərəfindən inşa edilmiş açıq eyvanın cavabdehin hesabına, onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanında yerləşən daşınmaz əmlaka ziyan vurulmadan sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Cavabdeh əsl cavabdeh X7 ilə əvəz edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanında yerləşən qeyri yaşayış sahəsi, xx.xx.2012-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. Lakin o, öz mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etmək, öz mülkiyyətində olan əmlaka sahiblik etmək və həmin əmlaka dair istədiyi kimi sərəncam vermək hüququndan məhrum olmuşdur. Çünki ona məxsus qeyri-yaşayış sahəsinin arxasında, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh tərəfindən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktların tələbinə məhəl qoymadan, ara məsafəsi ilə, təhlükəsizlik qaydaları və digər məsələlərlə əlaqədar imperativ tələblərə riayət etmədən inşa edilmiş eyvan onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin düz üstündə - demək olar ki, dam örtüyünə bitişik olduğundan, bu eyvan onun hüquqlarını pozur. Belə ki, onun mülkiyyətində olan daşınmaz əmlakın dam örtüyü uzun illər bundan qabaq tikilib-quraşdırıldığı və artıq demək olar ki, yararsız vəziyyətə düşdüyü üçün, həmin daşınmaz əmlakın dam örtüyünün yenilənməsinə, daha effektiv və müasir dam örtüyü ilə əvəz olunmasına ciddi ehtiyac yaranmışdır. Lakin Cavabdeh inşa etdiyi açıq eyvan onun mülkiyyətində olan daşınmaz əmlakın dam örtüyünə həddindən artıq yaxın olduğu üçün, həmin daşınmaz əmlakın dam örtüyünün nəinki yenisi ilə əvəz olunması, heç təmir edilib yararlı vəziyyətə gətirilməsi belə mümkün deyildir. Bundan əlavə, Cavabdeh inşa etdiyi açıq eyvanın onun mülkiyyətində olan daşınmaz əmlakın dam örtüyünə həddindən artıq yaxın olması, həm də həmin daşınmaz əmlakın dəyərini də xeyli itirməsinə səbəb olmuşdur. Belə ki, o, bu özbaşına və hər hansı bir tikinti norma və qaydalarına riayət edilmədən inşa edilmiş açıq eyvanın ucbatından öz mülkiyyətində olan daşınmaz əmlakı icarəyə vermək, ondan bəhər götürmək, yaxud da satmaq hüquqlarından da məhrum edilmişdir. Belə ki, həmin qeyriyaşayış sahəsini icarəyə götürmək istəyən bir neçə nəfər şəxs olsa da, onlar qeyri-yaşayış sahəsinə yerində baxış keçirərkən, cavabdeh tərəfindən onun üzərində inşa edilmiş açıq eyvanın təhlükəli olması, yaxud da qeyri-yaşayış sahəsinin təmir edilərək, istifadə ediləcək təyinata uyğun dəyişikliklər edilməsinin mümkün olmaması səbəbindən qeyri-yaşayış sahəsini icarəyə götürməkdən imtina etmişlər. O, Bakı şəhərinin Yasamal rayonunda yaşadığından və işləri ilə əlaqədar olaraq müəyyən müddət Buzovna qəsəbəsində yerləşən mülkiyyətində olan qeyri-yaşayış sahəsinə baş çəkə bilmədiyindən, cavabdeh tərəfindən açıq eyvanın tikinti işlərinin aparılmasından xəbərsiz olmuşdur. O, yalnız cavabdehin inşa etdiyi açıq eyvanın tikinti-quraşdırma işlərinin başa çatmasından sonra bundan xəbər tutmuşdur. Lakin dəfələrlə Cavabdeh inşa etdiyi açıq eyvanın sökülərək, onun mülkiyyətində olan daşınmaz əmlakdan istifadə, sahiblik və sərəncam vermək hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etsə də Cavabdeh bu xəbərdarlıqlara heç bir əhəmiyyət verməmişdir. Bu səbəbdən də İddiaçı başqa çıxış yolu olmadığından, öz hüquqlarının bərpa edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən, onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanında yerləşən daşınmaz əmlakın üzərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 13 ünvanında yerləşən evin mülkiyyətçisi Cavabdeh tərəfindən inşa edilmiş açıq eyvanın cavabdehin hesabına, onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanında yerləşən daşınmaz əmlaka ziyan vurulmadan sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərmişdir ki, iddiaçı onun bibisinin nəvəsidir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanında yerləşən ev iddiaçının ata-baba evidir. İddiaçı həmin evin mülkiyyətçisidir. Ev əvvəllər bir ara idarə olub, ola bilsin balkon həmin vaxt tikilib. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyev məhkəməyə bildirmişdir ki, mübahisəli eyvan tikinti norma və qaydalarına uyğun tikilmişdir. Lakin iddiaçının evində gələcəkdə təmir işləri gedərsə, ola bilər ki həmin eyvan çətinlik törətsin. Qeyd olunanlara əsasən, iddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən evi X1. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 13 ünvanında yerləşən evi X4 bağışlamışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4562 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 13 saylı yaşayış evinə dair xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edildiyini, mübahisəli eyvan tikilisinin texniki pasportda əks olunduğunu nəzərə alaraq, həmin eyvan tikilisinin tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən olunur. Lakin mübahisəli eyvan tikilisinin ümumi sahəsi və ölçüləri texniki pasportda qeyd olunan ölçülərə uyğun deyildir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 9C ünvanda yerləşən yaşayış evinin tikililərində yaranmış qüsurları, o cümlədən evin dam hissəsinin istifadəyə yararsız vəziyyətə düşdüyünü, eləcə də mübahisəli eyvan tikilisinin birbaşa 9C saylı evin dam hissəsinin üstündə yerləşdiyini nəzərə alaraq, həmin eyvan tikilisi 9C saylı evin dam hissəsinin təmir olunmasına maneə yarada bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iddiaçının öz tələbini əsaslandırdığı halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, bununla bağlı məhkəmə ekspertizası təyin edilmiş, müəyyən olunmuşdur ki, mübahisəli eyvan tikinti norma və qaydalarına uyğun tikilmişdir, lakin həmin eyvan tikilisi 9C saylı evin dam hissəsinin təmir olunmasına maneə yarada bilər. Məhkəmə, ekspertizanın rəyini, eyni zamanda işin məhkəmə iclasında araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən tikinti norma və qaydalarına uyğun olmaqla tikilmiş eyvanın sökülməsi onun mülkiyyətçi kimi hüquqlarının pozulması demək olacaqdır. Eyni zamanda, həmin eyvanın gələcəkdə 9C saylı evin dam hissəsinin təmir olunmasına maneə yarada bilmək ehtimalı iddanın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən (sahibliyində olanlardan - posessions) maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 150 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində məhkəmə xərci İddiaçı aid edilməlidir Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X6 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özbaşına inşa edilmiş eyvanın sökülməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X6 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özbaşına inşa edilmiş eyvanın sökülməsi tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-54/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-54/2021
17.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver