Məhkəmə qərarları › İş №2(003)-552/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-552/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-552/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Maraqlı şəxs2 (əvvəlki adı: Əzizbəyov rayon X6 İcraiyyə Komitəsi) xx.xx.1989-cu il tarixli 23 saylı qərarının AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlədiyi “Artemneftqaz” NQÇİ tərəfindən fərdi yaşayış evi tikmək üçün Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Maraqlı şəxs2 (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet İcraiyyə Komitəsi) xx.xx.1989-cu il tarixli 23 saylı qərar verilmişdir. Maraqlı şəxs2 tərəfindən verilmiş qərar əsasında halhazırda onun tərəfindən torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə aidiyyatı qurum olan Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, xx.xx.2023-cü il məktubla bildirilmişdir ki, sərəncamda adının düzgün yazılmadığı səbəbindən qərar əsasında ayrılmış torpaq sahəsinə ilkin qeydiyyata alınmaqla çıxarış alınması mümkün deyildir. Belə ki, qərar latın qrafikalı Azərbaycan Əlifbasında tərtib edilmişdir. “Qərara aldı” hissəsinin 1 və 2-ci qrafasında “X2” kimi qeyd edilmişdir. Əslində isə düzgün ad yazılışı “Balə-Əmi” olmalı idi. Adının səhv olaraq qeyd edilməsi hal-hazırda ciddi problemlər yaradır. Həmin səhv səbəbindən Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin ona ayrılmasını müəyyən edə bilmədiyindən çıxarış verməkdən imtina edir. Ona məxsus doğum haqqında şəhadətnamədə Azərbaycan dilində (kiril qrafikalı əlifba ilə) soyadı “ƏлиjeВ”, adı “Балаəми”, ata adı “Əлиага” kimi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində isə soyadı “Əliyev”, adı “Bala-Əmi”, ata adı isə “Əliağa” kimi qeyd edilmişdir. Maraqlı şəxs2 (əvvəlki adı: Əzizbəyov rayon X6 İcraiyyə Komitəsi) xx.xx.1989-cu il tarixli 23 saylı qərarında adının “Balaəli” kimi qeyd edilməsi onun Zirə qəsəbəsində istifadəsinə ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin çıxarış əldə edə bilməməyinə səbəb olmuşdur. Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o ərizəçinin qonşusudur. Ərizəçini hər zaman Bala-Əmi olaraq tanımışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o ərizəçi ilə eyni kənddə yaşayır. Ərizəçini Bala-Əmi olaraq tanımış və elə o cür də müraciət etmişlər. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-ИЕ seriyalı 359400 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. - Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 23 saylı qərarın təsdiq edilmiş surətindən görünür ki, X1 Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-71416-8/2023 saylı məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair qərarın arxiv arayışı və torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəddə hüquq sahibinin adı “Ərizəçi” qeyd olunsa da, təqdim edilmiş Əzizbəyov Rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 23 nömrəli qərarında hüquq sahibinin adı “X2” kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 23 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 23 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar