Məhkəmə qərarları › İş №2(003)-583/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-583/2021

18.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-583/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbi"nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətində iş növbəsində olan zaman səhər saat 11 radələrində ağır çəkisi olan yük iddiaçının sol baldırının (dizinin) üzərinə düşmüş və iddiaçı istehsalatda xəsarət almışdır. Aldığı xəsarət ağır olduğundan işçi kollektivin köməkliyi ilə Bakı şəhərində yerləşən Travmotologiya İnstitutuna aparılmış və həkim müayinəsindən keçmişdir. Eyni zamanda xəsarət aldığı hissə rentgendən keçirilmişdir. Müayinə əsasında müəyyən olunmuşdur ki, sol diz qapağı və vətər əzələlər əzilmiş, nəticədə şişmə baş vermişdir. Yeriyə bilmədiyindən taksi ilə evə yola salınmışdır. Bir gün sonra iş yerindən zəng edilərək səhhətinin necə olduğunu soruşmuş və həkimlə danışmağını xahiş etmişlər. Nəticə etibarilə xəsarətdən dolayı işə çıxa bilməmiş və iş yoldaşlarının vasitəsilə maaşdan əlavə müalicə üçün 70-100 manat arası xərclər ona göndərilmişdir. Lakin bir müddət sonra ondan xahiş edildi ki, mümkünsə işə çıx. O da cavabında ayağının daha da pisləşdiyini və kənar şəxsin köməyi olmadan yeriyə bilmədiyini bildirmişdir. Belə ki, Travmotologiya İnstitutunda ona müalicə yazan həkimin müalicə kursu heç bir fayda vermirdi. Əksinə ayağında olan ağrılar daha da artırdı. Səhhətinin ağır olduğunu və artıq ağrılara dözə bilmədiyindən başqa həkimə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin həkim də onu müayinə etdikdən sonra bildirdi ki, diz nahiyənə maye yığılıb. Həm də ayaqda sınıq olmaya-olmaya ayağına gips qoyulub ki, bu da əzilmənin bərpasını çətinləşdirib. Nəticədə gips əzilmiş damarları, əzələləri sıxıb və səhhətində olan problem daha da ağırlaşıb. Eyni zamanda MRT müayinəsindən keçmək üçün həkim tərəfindən istiqamətləndirilmədiyindən, sadəcə rentgen müayinəsi ilə kifayətlənmişdir. Bu barədə məlumatı işlədiyi müəssisəyə mütəmadi bildikdən sonra müalicə xərcləri mart ayının axırında dayandırıldı və ona bildirildi ki, ancaq maaş veriləcək. Eyni zamanda 2 və ya 3 dəfə overtime də yazılacağı bildildi. Yəni onun müalicə xərcləri qarşılanmayacaq, ancaq maaş və overtime pulu alacaq. Halbuki 2 və yə 3 dəfə overtime pulu alacağı bildirilsə də ona ancaq 1 overtime üçün pul verildi. O da məcbur qalaraq bütün müalicə xərclərini aldığı maaş hesabına həyata keçirmək məcburiyyətində qalmışdır. Qeyd edilən pul, yəni maaş ona 2020-ci ilin iyun ayınadək ödənildi. Eyni zamanda işlədiyi Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cənab Teymur Məmmədova müraciət ünvanlamış, müraciət işlədiyi müəssisəyə daxil olmuşdur. Müraciətində bildirmişdir ki, iş vaxtı istehsalat xəsarəti almağı ilə bağlı fəhlə heyətindən tutmuş rəhbərliyə qədər hamı məlumatlıdır. Hətta işçi kollektivdən olan şöbə müdirinin müavini Azər Abdulla ev dəfələrlə onunla əlaqə saxlayıb. Səhhətində olan problemlə bağlı maraqlanmışdır. İstehsalat xəsarəti ilə bağlı səhhətində olan ciddi problemlə bağlı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci tarixli və xx.xx.2020-ci il tarixli müraciətlərlər bunun sübutudur. Yəni işlədiyi müəssisənin rəhbərliyi də onun işə çıxa bilməməyinin səbəbini aldığı xəsarətdən dolayı olduğunu bilmişlər. Məhz bunu bilərək ona 2020-ci ilin iyul ayınadək maaş verilmişdir. Əlavə olaraq bildirir ki, xəsarəti istehsalat zamanı yarandığından dəfələrlə işlədiyi müəssisənin rəhbərliyinə müraciət etmiş və “istehsalatda baş vermiş bədbəxt hadisə aktı"-nın verilməsini xahiş etmişdir. Lakin müəssisənin kadr və hüququ şöbəsindən ona bildirilmişdir ki, belə bir akt qanunvericilikdə ümumiyyətlə yoxdur və onlar mövcud olmayan aktı verə bilmir. Nəticə etibarilə Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti şikayətini icraata qəbul etmiş və **********0 saylı xx.xx.2020-ci il tarixli cavabla xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparıldığını və təhqiqat barədə ona məlumat veriləcəyini bildirmişdir. Araşdırmanın və şikayətinin nəticəsi olaraq 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı”-na əsasən, onun xx.xx.2020ci il tarixində istehsalatda xəsarət almağı sübut olunmuş (aktın 14.4-cü bəndi) və xx.xx.2020-ci ildə təhqiqat aktı tərtib edilmişdir (aktın 13-cü bəndi). Lakin xx.xx.2020-ci il tarixli 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı” tərtib edildikdən sonra ona bildirilmişdir ki, o, xx.xx.2020-ci il tarixli 62/A saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu azmış kimi əmək müqaviləsinə xitam verilmə üçün əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi). Hesab edir ki, işəgötürən Cavabdeh onunla əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin bu norması onunla işəgötürən arasında əmək müqaviləsinin əsası kimi çıxış edə bilməz. Çünki onun tərəfindən qeyd edilən qanunvericilik normasının kobud pozulması ilə nəticələnəcək hərəkətlər edilməmişdir. Nəticə etibarilə məhkəmə tərəfindən aşağıdakı hallara xüsusi diqqət yetriməsini xahiş edir: 1. xx.xx.2020-ci il tarixində əmək funksiyalarını yerinə yetirən zaman istehsalat xəsarəti almışdır, 2. Aldığı xəsarət barədə işəgötürən məlumatlandırılmışdır, 3. Xəsarət almağı ilə bağlı işə çıxa bilməmiş, işəgötürən bu halı nəzərə almış və 5 (beş) ay ərzində ona maaş ödənilmişdir: 4. xx.xx.2020-ci il tarixində istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01/2020 saylı akt tərtib edilmişidir. 5. xx.xx.2020-ci il tarixli 62/A saylı əmrdə işdən çıxarılmağının səbəbi olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “c" bəndi deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi əsas götürülmüşdür. Qanunvericiliyə əsaəsn işçi ilə işəgötürən şəxs arasında əmək müqaviləsinə xitam verilməsinin əsası kimi, işçinin heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir. Qanunvericilik eyni zamanda əmək vəzifələrinin kobud pozulmasını istisna edən halları konkret göstərərək qeyd edirək ki, bu istisnalar işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsidir. Əmək funksiyasını icra edərkən istehsalatda aldığı xəsarət, tibb müəssisəsinə aparılmağı, işəgötürəni işə çıxa bilməməyinin səbəbləri barədə mütəmadi məlumatlandırmağı (müraciətlər və poçt xəbərnamələri) sübut edir ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən deyil, ən azından həmin məcəllənin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilməli idi. Belə ki, onun işə çıxmamağının üzrlü səbəbi iş zamanı aldığı uzunmüddətli ciddi xəsarətdir. Qanunvericiliyə əsaəsn, işəgötürən əmək müqaviləsini ləğv edərkən bunu əsaslandırmalıdır. İddiaçı isə dəfələrlə müraciət etməyinə baxmayaraq nəinki, işdən çıxmağı əsaslandırılmamış eyni zamanda əmək kitabçasını almaq hüququndan da məhrum edilmişdir. Eyni zamanda, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar mövcud olmalıdır. Təbii ki, onun bu maddə ilə işdən azad olmağı üçün belə əsaslar yoxdur. Buna görə də, cavabdehin ayrıseçkiliyi və qanunsuz hərəkətləri nəticəsində işdən çıxarılmağını əsassız hesab edir. qeyd olunanlara əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş əmrin ləğv edilməsi; məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi; İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində göstərilən halların (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar İşçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi X2 məhkəmədə iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixində iş növbəsində olan zaman iddiaçı xəsarət almışdır. Həmin vaxtdan iddiaçıya müalicə xərcləri ödənilmişdir. Sonra 2020-ci ilin iyul ayında iddiaçıya işə çıxmağı, hətta başqa işə keçirilməsi təkif olunmuşdur. İddiaçı həmin vaxt əmək məzuniyyətinə çıxmışdır və daha sonra işə gəlməmişdir. Bir neçə dəvət ona izah edilmişdir ki, işə gəlməməsi barədə sənəd təqdim etsin, lakin o, bu barədə heç bir sənəd təqdim etməmişdir və bu səbəbdən o, işdən azad edilmişdir. Həmçinin bildirmişdir ki, iddiaçıya 2020-ci ilin fevral ayından iyun ayınadək əmək haqqı ödənilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixdək "Cavabdeh” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Rasim Babacan oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 482/AD saylı məktubdan aydın olur ki, iddiaçı tərəfindən Aviaşirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cənab Teymur Məmmədova müraciət ünvanlamış müraciət iddiaçının işlədiyi müəssisəyə daxil olmuş və ərizə ilə bağlı araşdırılma aparılacağı və nəticəsi barədə ərizəçiyə məlumat veriləcək. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin 62/Anömrəli, xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, "Cavabdeh” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Rasim Babacan oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 654/AD saylı məktubdan aydın olur ki, "xx.xx.2020-ci il tarixindən Siz çalışdığınız iş yerinə gəlməmisiniz və işə gəlməməyinizin səbəbini təsdiq edən heç bir sənəd təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, Sizdən işə gəlməməyinizin səbəbini bildirməyinizi və təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunur." İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Bakı şəhər Baş Səhiyyə şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 653/AD saylı məktubdan aydın olur ki, "müəssisəmizdə qablaşdırma üzrə operatoru İddiaçı xx xxxx 2020-ci il tarixindən bu günədək işə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcudluğu barədə məlumat verməyinizi xahiş edirik." İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Sumqayıt şəhər Səhiyyə şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 653/AD saylı məktubdan aydın olur ki, "müəssisəmizdə qablaşdırma üzrə operatoru İddiaçı xx xxxx 2020-ci il tarixindən bu günədək işə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcudluğu barədə məlumat verməyinizi xahiş edirik." İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 01/2020 saylı “İstehsalatda baş vermiş bədbəxt hadisə aktı”na əsasən İddiaçı xx.xx.2020-ci il tarixində istehsalatda xəsarət almağı təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Rasim Babacan oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 705/AD saylı məktubdan aydın olur ki, "xx.xx.2020-ci il tarixindən Siz çalışdığınız iş yerinə gəlməmisiniz və işə gəlməməyinizin səbəbini təsdiq edən heç bir sənəd təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, Sizdən işə gəlməməyinizin səbəbini bildirməyinizi və təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunur." İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin Sumqayıt şəhər Səhiyyə şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 653/AD saylı məktubdan aydın olur ki, "müəssisəmizdə qablaşdırma üzrə operatoru İddiaçı xx xxxx 2020-ci il tarixindən bu günədək işə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin mövcudluğu barədə məlumat verməyinizi xahiş edirik." İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Rasim Babacan oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubdan aydın olur ki, Cavabdeh MMC-də xx xxxxxx 2020-ci il tarixdə iş vaxtı aldığınız xəsarətlə bağlı hüquqlarınızın bərpa olunmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq X3 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən xəsarət almağınızla nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılır. Təhqiqatın gedişində komissiya üzvləri Sizinlə görüşərək sosial hüquqlarınızı qanunvericiliyin tələblərinə müvafiq olaraq izah edəcəkdir. İş materiallarına əlavə edilmiş Aviayük xidməti üzrə Departamentin rəisinin ”xxxx”MMC-nin GHC” filialının Direktoru cənab Fəxri Əhmədova ünvanlanmış xx.xx.2020ci il tarixli işçinin iş vaxtında olmaması haqqında raportdan aydın olur ki, "yazıb nəzərinizə çatdırıram ki, Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı xx xxxx 2020-ci il tarixindən bu günədək iş yerində olmamışdır. İddiaçı işə çıxmadığı günlər üçün heç bir rəsmi sənəd təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm." İş materiallarına əlavə edilmiş “Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli 388 saylı əmrin surətindən aydın olur ki, ” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) Anbar işləri üzrə xidmətin qablaşdırma üzrə operatoru İddiaçı (tab.No0268) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən ləğv edilməsi, Qablaşdırma üzrə operator İddiaçı imzası alınmaqla əmrlə tanış edilməsi, Anbar işləri üzrə departamentin rəhbərliyi tərəfindən struktur bölmənin daxilində əmək və nizam-intizam qaydalarının ciddiləşdirilməsi ilə bağlı tədbirlər görülməsi əmr edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətində iş növbəsində olan zaman səhər saat 11 radələrində iddiaçı istehsalatda xəsarət almışdır. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin fevral ayından iyun ayınadək əmək haqqı ödənilmişdir. 2020-ci ilin iyul ayında iddiaçıya işə çıxmağı təkif olunmuşdur. İddiaçı xx xxxx 2020-ci il tarixindən iş yerində olmamışdır. İddiaçı işə çıxmadığı günlər üçün heç bir rəsmi sənəd təqdim etməmişdir. "Cavabdeh" MMC-nin 62/Anömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə "Cavabdeh” MMC-nin “GHC” filialının Aviayük xidməti üzrə departamentinin Anbar işləri üzrə xidmətinin qablaşdırma üzrə operatorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçı əmək vəzifəsini kobud şəkildə pozduğuna görə onun əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən, iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanuni və əsaslı olaraq ləğv edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir. Odur ki, iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edildiyindən, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması hissəsində əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan əlavə, iddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində göstərilən halların (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar İşçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) olması əsası ilə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edirki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Əvvəla, iddiaçının əvvəlki tələbi üzrə- yəni cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsnə xitam verilməsi əsası ilə bağlı işə götürənin əmri qanuni və əsaslı olduğundan iddia tələbi hissədə təmin edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab dir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə uyğun olaraq xitam verilməsi işəgötürənin səlahiyyətinə aid olmaqla məhkəmənin səlahiyətinə aid deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi tələbi"nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar