Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-592/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdarlar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdarlar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərişıq“ ASC tərəfindən Mirzəyeva Badam qızına məxsus ünvan 1 ünvanına (**********60006 saylı abonent) 2012-ci il tarixdən Mirzəyeva Badam qızının adına qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı 2012ci ildən X2 istifadəsində olmuşdur. “Azərişıq“ İB tərəfindən ünvan 1 ünvanında qaz (**********60006 saylı abonent) itkisinin yarandığı müəyyən edilmiş, 570,19 manat məbləğində borc hesablanmışdır. X4 vəfat etmişdir. Hal-hazırda ünvan 1 ünvanına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi xx.xx.2022-ci il tarixli ********** saylı reyestrlə onun adına Çıxarış verilmişdir. Bundan başqa sözü gedən ünvanda saygac “Azərişq“ ASC əməkdaşları tərəfində çıxrılmışdır. Dəfələrlə “Azərişıq“ ASC-ə müraciət etsə də, ona cavab verilməmişdir. Bundan sonra, Xəzər rayon Polis İdarəsinə müraciət etmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Xəzər Yolçuyev tərəfindən araşdırma aparılmış. Aparılmış araşdırma zamanı X5 izahat verərək bildirmişdir ki, 1998-ci il tarixdən “Azərişıq“ ASC-də işləyir. Hal-hazırda Xəzər RETSİ-də aparıcı mühəndis işləyir. İddiaçı məxsus olan Mərdəkan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin 10 il bundan qabaq sahibinin borcu olduğu üçün onu Asan Əmlaka müraciət etməsini məsləhət görmüşdür. X5 həmin sayğacın çıxarılmasının qeyri-qanuni olduğunu bildirmişdir. Bundan başqa saldoda adı çəkilən şəxs X4 ölmüşdür. Ölmüş şəxsin adına akt tərtib olunduğundan həmçinin həmin akt da etibarsız hesab olunmalıdır. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Evdən kənarda quraşdırılmış sayğacın qısaqapanma nəticəsində yanmasına görə məsuliyyət enerii təchizatı müəssisəsinin üzərindədir. Odur ki, ünvan 2 ünvanına dair hesablanmış (**********60006 saylı abonent) 570,19 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 3 ünvanına 570,19 manat məbləğində borc hesablanmışdır (224,88 manat barmekə olan köhnə borca görə, 345,31 manat isə 2008-ci ilin aprel ayına olan borc) İş materiallarında olan abonent haqqında arayışdan görünür ki, sonuncu borcun hesablanması xx.xx.2008-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanına işıq sayğacı çəkdirmək istəsə də, torpağın keçmiş sahibinin borcu olduğu üçün işıq idarəsinin sayğac çəkmədiyi ilə əlaqədar Xəzər RPİ-nin 1-ci PŞ-yə müraciət etmişdir. İş materiallarında olan Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, kompüter bazasında ünvan 4 ünvanında yerləşən evin **********60006 abonent kodu ilə X2 adına qeydiyyata alındığı, elektrik enerjisinə görə aylar üzrə AMPY markalı, 5219A tipli, A180832720 zavod nömrəli hesablaşma elektrik sayğacının göstərişlərinin xx.xx.2013-cü il tarixinədək qeydə alındığı... bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ünvan 4 ünvanına cəmi 570,19 manat borc enerjidən istifadəyə görə borc hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, sərfiyyata görə abonentə hesablanmış həmin borc abonent hesabının başqa istehlakçı olan X2 adına olduğu dövrü, yəni xx.xx.2011-cü il tarixinədək olan dövrü əhatə edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə qeyd edir ki, iddiaçıdan tələb edilən sərfiyyata görə hesablanmış 570,19 manat borc xx.xx.2008-ci il tarixinədək hesablanmış borcdur. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, abonentə xx.xx.2013-cü il tarixinədək hesablanmış borc müddətin keçməsinə görə abonetdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə xx.xx.2008-ci il tarixinədək hesablanmış borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2008-ci il tarixinədək hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus **********60006 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 570,19 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdarlar Cəmiyyəti tərəfindən İddiaçı məxsus **********60006 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 570,19 manat borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-592/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-592/2023
01.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver