Məhkəmə qərarları › İş №2(003)-608/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-608/2025

09.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-608/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış məbləğin borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1296,0 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azariqaz” İstehsalat Birliyi qaz paylayıcısı ilə onun arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış, yaşadığı ünvan 1 ünvanında qaz sayğacı quraşdırılmış və **********00010 nömrəli abonent kodu verilmişdir. Hazırda ona məlum olmuşdur ki, qazdan qanunsuz istifadə haqqında barəsində əsassız olaraq akt tərtib edilmişdir. Akt tərtib edilərkan onun iştirakı təmin edilməmiş va həmin akt əsasında ona 1296,00 məbləğində borc hesablanmışdır. Cavabdehə müraciət edərək aktın surətini tələb etmişdir. Surəti ona təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş aktın məzmununda "sayğacda bütlərin və impuls dişlərin aşkara alınmaması, alt panelin yapışqan vasitəsi ilə yapışdırılması" müəyyən edildiyi qeyd edilmişdir. Eyni zamanda sayğacın üstündəki surqucun yerində olduğu göstərilmişdir. Bu halda biri digərini təkzib edən dəlillər, sayğaca müdaxilə edildiyi və nasaz hala salınmasında yetərincə şübhəli olduğuna dəlalət edir. Belə ki, sayğac cavabdeh tərəfindən gətirilib quraşdırılmış va sorquclanmışdır. Sayğacın qaz xəttinə quraşdırılmamışdan əvvəl lobaratoriyadan yoxlamadan keçirildiyi, onun üzərindəki qapağı açılmadan içərisinə müdaxilə edilməsinin mümkün olmadığı, eləcə də qapaq açıldığı halda üzərindəki surqucun pozulacağı hamıya bəllidir. Digər hallar da bunu aşkar şəkildə rədd edir. Belə ki, mübahisəli aktın yazıldığı ünvanda ona məxsus bağ evi yerləşir. Əvvəllər ayda yalnız şənbə və ya bazar günləri gəlib qalırdılar. Sonra daimi qalmaq qərarını verəndə, köçməmişdən əvvəl elektrik və qaz məsələsini yoluna qoymaq məqsədi ilə "quraşdırılmış sayğac kiçik həcmli olduğundan, daha böyük həcmli sayğacla əvəz edilməsi üçün cavabdehə müraciət etmişdir. Əgər sayğacı qaz məsrəfini az qeydə alırdısa və bunu o, bilirdisə də, onda sayğacı niyə dəyişirdi. Sayğacın nasaz olduğuna və qaz sərfiyyatı az qeydə aldığına dair cavabdeh "Azariqaz" İB-nin gəldiyi nəticə tamamilə yanlış və məntiqsizdir. Hesablama üçün də əsas götürdüyü halların özü də heç bir məntiqə söykənmir. Belə ki, cavabdeh əvvəllki aylarda məsrəf göstəricinin az olduğu, sayğac dəyişdiriləndən sonra məsrəfin artırıldığına istinad edərək, əlavə ödəniş tətbiq etmişdir. Halbu ki, əvvəllər yalnız şənbə və bazar günləri olmaqla, ayda 4-5 gün bağda qalmışlar, qaz və elektrik məsələsini həll edib, qaz sayğacını quraşdırılandan sonra baş evində daimi yaşamağa başlamışdırlar. Ona məxsus sayğac çöldə yerləşir. O, sayğaca müdaxilə edə bilməz. İddianln təmin edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh İB-nin AKT-0079 saylı rəyinə əsasən 0805AZ13561872 nömrəli sayğacda bütlərin və impuls dişlərin aşkara alınmaması, alt panelin yapışqan vasitəsi ilə yapışdırılmışdır. -xx.xx.2024-cü il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı aid **********00010 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 10800 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00010 sayla qeydiyyata alınmış abonent koduna 2024-cü ilin fevral ayında 1296,0 manat məbləğində akt üzrə borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.1.2. məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1296,0 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmədə müəyyən olundu ki, iddiaçının sayğacı cavabdeh tərəfindən dəyişdirilmiş, sayğaca müdaxilə olunması müəyyən olunmuş və borc hesablanmışdır. Halbuki iddiaçının sayğacı çöldə yerləşir və iddiaçı tərəfindən bu sayğaca müdaxilə olunması cavabdeh tərəfindən sübuta yetirilmədi. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 1296,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus İddiaçı məxsus mənzildə yerləşən (abonent kodu **********00010 olan) sayğaca hesablanmış 1296,0 manat məbləğində borc silinməli, 32,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus İddiaçı məxsus mənzildə yerləşən (abonent kodu **********00010 olan) sayğaca hesablanmış 1296,0 manat məbləğində borc silinsin. Cavabdehndən 32,96 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar