Məhkəmə qərarları › İş №2(003)-634/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-634/2022

01.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-634/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh2 Tofiq qızının və Cavabdeh3 Tofiq qızının nümayəndə və vəkili Nümayəndə2, Cavabdeh, eyni zamanda Cavabdeh4 qəyyumu Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofiq qızına, Cavabdeh3 Tofiq qızına və Cavabdeh4 qarşı buraxılmış mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması və hər birinin miras əmlaka 1/6 payına vərəsə tanınması tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofiq qızına, Cavabdeh3 Tofiq qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2019-cu il tarixdə vəfat etmiş ataları X1 miras qalmış Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4a 19 saylı ümumi sahəsi 95,04, yaşayış sahəsi 59,84 kv.m olan 5 otaqlı mənzilə buraxılmış mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması və hər birinin miras əmlaka 1/6 payına vərəsə tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək, tərəflər arasında barışığın əldə edildiyini bildirdi və barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 Tofiq qızının və Cavabdeh3 Tofiq qızının nümayəndə və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh4 qəyyumu Cavabdeh1 ərizə ilə məhkəməyə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 24.02.2022-ci il tarixli barışıq sazişindən görünür ki, iş üzrə tərəflər arasında olan mübahisə üzrə iş üzrə tərəflər arasında barışıq əldə edilmiş və tərəflər ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum olmadığından tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina edilir və həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofiq qızı, Cavabdeh3 Tofiq qızı və Cavabdeh4 arasında 24.02.2022-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: - Mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 01.01.2019-cu ildə rəhmətə getmiş ataları X1 miras qalmış, Dövlət Reyestrində 30.05.1996-cı ildə 30/93763 nömrə ilə qeydə alınmış ünvan 1 ünvandakı 19 nömrəli mənzilə münasibətdə vərəsə tanınması və miras əmlakda vərəsə kimi pay tələb etmək hüquqlarından imtina edirlər. - X2 adına Dövlət Reyestrində 30.05.1996-cı ildə reyestr kitabında 625 səhifə 93763 qeydə alma 30/83763 nömrəsi ilə Seriya №016313 nömrəli qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyəti olmuş miras əmlakda aşağıda adları göstərilən tərəflər (övladları), miras qalmış əmlaka münasibətdə Cavabdeh1, Cavabdeh2 Tofiq qızına, Cavabdeh3 Tofiq qızına və Cavabdeh4 vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmirlər. - Fəaliyyət qabiliyyətsiz hesab edilmiş Cavabdeh4 üzərinə qəyyum təyin edilmiş Cavabdeh1, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 istədikləri vaxt, məhdudiyyət qoyulmadan Cavabdeh4 ilə ünsiyyətdə olmaq, hər hansı formada maddi və mənəvi qayğı göstərmək və zərurət olan vaxt xəstə qardaşı özlərinin faktiki olaraq yaşadıqları evlərə aparıb, ona qulluq göstərmək və bununla əlaqədar hərəkətlərə etiraz etməyəcəyini Cavabdeh1 öhdəlik götürür. Bu sazişə uyğun olaraq, hüquq və vəzifələrdən irəli gələn öhdəliklər pozulduğu təqdirdə, hüququ pozulan tərəf (bacı) qəyyumun qəyyumluğunu mübahisələndirmək (RİH-in sərəncamın ləğvi, yaxud dəyişmək və s.) hüququna malik olur. - Miras açılana qədər 1990-cı illərdən miras qoyanla birlikdə yaşamış, miras əmlakı faktiki qəbul etmiş və mənzil (yaşayış) sahəsində istifadə hüququ olan Cəbrayılova X3 Rayon İcra Hakimiyyəti Başçısının 18.08.2021-ci il tarixli 165 saylı Sərəncamı əsasında Cavabdeh1 qəyyum təyin olunması haqqında sərəncamını mübahisələndirməkdən, digər tərəf isə qəyyum statusundan qəyyumluğa götürülənin payı hesabına əmlak, yaxud əmlak hüququ əldə etməklə mənzildən istifadə hüququ olan tərəfə qarşı, tamah məqsədilə hər hansı formada pay və əmlak tələblərdən bir-birlərinə qarşı imtina edirlər. - Bütün tərəflər bu sazişin şərtlərinə əməl etməklə, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilən Cavabdeh4 mənafeyinə zidd hərəkət etməyəcək, yaxud onun statusundan öz şəxsi və əmlak mənafeləri üçün bir-birilərinə qarşı istifadə etməyəcəklərini öhdəlik götürürlər. Fəaliyyət qabiliyyətsiz hesab edilən Cavabdeh4 münasibətdə tərəflərdən kimsənin üstünlük hüququ olmur. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tofiq qızına, Cavabdeh3 Tofiq qızına və Cavabdeh4 qarşı buraxılmış mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması və hər birinin miras əmlaka 1/6 payına vərəsə tanınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar