Məhkəmə qərarları › İş №2(003)-642/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-642/2025

05.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-642/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım 51 ünvanına (abonent kodu **********40000) hesablanmış 3.110,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, Bakı şəhəri,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım 51 ünvanında ona məxsus olan **********40000 saylı abonent hesabına sayğacda qüsur olduğuna görə akt yazılmış və 3.110,4 manat məbləğində borc yazılmışdır. Sayğac evdən kənarda, 150 metr aralıda yerləşdiyinə görə onda olan hər hansı qüsura görə heç bir təqsiri yoxdur. Əlavə olaraq qeyd etdi ki, 3.110,4 manat məbləğində borc sayğac dəyişdirildikdən sonra məlum olmuşdur. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki,iddia əsassızdır. xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, qaz sayğacının giriş-çıxış borusunda deşilmə var. İddiaçı qaz sayğacına müdaxilə edərək ona zərər vurmuşdur.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı Bakı şəhəri,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım 51 ünvanına 2023-cü il üçün 3.110,4 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bundan başqa, 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacına müdaxilə etdiyi göstərilir.Lakin Cavabdeh İB tərəfindən zərərin hesablanmasına əsas olmuş akt birtərəfli qaydada tərtib edilmiş, aktın İddiaçı tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş, aktın bir surəti iddiaçıya təqdim edilməmişdir. Bundan əlavə, 3.110,4 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Sayğac iddiaçının ünvanından kənar sahədə, küçədə quraşdırıldığına görə sayğaca digər şəxslər tərəfindən müdaxilə edilməsi mümkündür.Bu səbəblərdən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmalı, Cavabdeh İB tərəfindən hesablanmış 3.110,4 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 3.110,4 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 51,1 manat təşkil edir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım 51 ünvanına (abonent kodu **********40000) hesablanmış 3.110,4 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. 51,1 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar