Məhkəmə qərarları › İş №2(003)-671/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-671/2021

06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-671/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Tofiq oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” MMC və Cavabdeh2 qarşı ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın yekunları barədə 10 iyul 2019-cu il tarixli Y-187 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmadan saxlanılması barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın yekunları barədə 10 iyul 2019-cu il tarixli Y-187 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 iyul 2019cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “xxxx” MMC və Cavabdeh2 hazırkı iş üzrə cavabdehlər siyahısından çıxarılması, cavabdeh Xəzər rayon İcra şöbəsi tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddiaçının nümayəndəsi və vəkili olan Nümayəndə hazırkı mərhələdə iddia ərizəsinin predmetinin və əsasının dəyişdirilməsi barədə ərizəsinə kəskin şəkildə etiraz etdiyini, mülki iş üzrə kifayət qədər çox məhkəmə iclaslarının keçirildiyini nəzərə alaraq işin yekunlaşdırılmasını məhkəmədən xahiş etmiş, bundan əlavə, cavabdeh tərəfin məhkəmə iclaslarına dəfələrlə gəlibgetməsini, iddiaçı tərəfin isə iş üzrə heç bir əsaslı sübutun təqdim edilməməsini, iddianın formal olaraq vaxtın uzadılması məqsədi ilə verildiyini, süründürməçiliyə yol verildiyini, məhkəmənin də əsassız yerə süni şəkildə işinin çoxaldılmasını nəzərə alaraq ərizənin qəbul edilməməsini və məhkəmə iclasının yekunlaşdırılaraq, iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi və vəkili olan Nümayəndə ərizəsini qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xəzər rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində pul, 120500 ABŞ dolları məbləğində əsas kredit borc, 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın X4 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin X1 alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, evin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250000 manat müəyyən edilməsi, evin satışından əldə edilmiş vəsaitdən 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində borc, bundan başqa 120500 AB, dolları məbləğində kredit borcu, 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər İddiaçı və X4 ən geci 1 ay ərzində həmin evdən çıxarılmaları qət edilmişdir, iddianın qalan hissəsi təmin edilməmişdir. Həmin qətnamənin icrası Cavabdeh1nə həvalə edilmişdir. Bundan sonra Cavabdeh1 sifariş məktubuna əsasən X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi 10.07.2019-cu il tarixində açıq hərracdan satışa çıxarılmış və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqaviləyə əsasən alıcı Cavabdeh2 satılmışdır. Əmlakın son satış qiyməti 212500 (iki yüz on iki min beş yüz) manat olmuşdur. Hesab edir ki, 10 iyul 2019-cu il tarixli hərracın yekunları barədə protokol və 10 iyul 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi tamamilə qanunsuz və əsassızdır. “xxxx” MMC tərəfindən ipoteka predmetinin dəyəri düzgün qiymətləndirilməmişdir. Belə ki, əmlakın ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmuş, təkrar hərrac zamanı “xxxx” MMC tərəfindən 15% endirimlə 212500 (iki yüz on iki min beş yüz) manat kimi müəyyənləşdirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədə göstərilənlərə əsasən təkrar hərrac zamanı AR “ipoteka haqqında” Qanununun 43.5-ci maddəsinə əsasən əmlakın ilkin satış qiyməti 15% azalmışdır. “İpoteka haqqında" Qanunun 43.1.2-cü maddəsində göstərilən müddəaya əsasən hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərrac qiymətindən 15% aşağı satıla bilər. Lakin hərracın keçirilməsinə dair yekun protokolda ilkin hərracın hansı səbəblərə görə baş tutmaması göstərilməmiş, öz mülahizələrinə əsasən əmlakın ilkin satış qiyməti 15% azaldılmışdır. Halbuki “İpoteka haqqında” qanunun 43.1.1,43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişdirilmədən saxlanılmalı idi. Beləliklə, təkrar hərrac zamanı əmlakın ilkin satış qiyməti 250000 manat olmalı idi. Bundan başqa hərracın keçirilmə yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Odur ki, bütün qeyd olunanlara əsasən hərracın nəticələri haqqında protokulun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın əsasını və predmetini dəyişdirilmiş həcmdə müdafiə edərək, bildirmişdir ki, cavabdeh Xəzər rayon İcra şöbəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi üzrə icra tədbirlərini həyata keçirən zaman iddiaçıya lazımi məlumat verməmişdir. İcra hərəkətlərinin aparılması nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Odur ki, cavabdeh həmin maddi ziyanı ödəməlidir. Qeyd olunanlara əsasən, cavabdeh Xəzər rayon İcra şöbəsi tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh Xəzər rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş Hərracın nəticələri haqqında 10 iyul 2019-cu il tarixli Y-187 saylı protokolun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi Cavabdeh1 tərəfindən 250000 manat ilkin satış qiyməti ilə satışa çıxarılmış, 212500 manata satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.3-cü və 414.4-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddianın mahiyyətindən görünür ki, iddiaçı 10 iyul 2019-cu il tarixli hərracın keçirilməsinə əsas olmuş Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli qətnaməsi üzrə icra tədbirlərini həyata keçirən zaman ona dəymiş ziyanın Xəzər rayon icra şöbəsindən tutulmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi 10 iyul 2019-cu il tarixində keçirilən hərrac vasitəsilə Cavabdeh2 satılmışdır. İcra tədbirlərinin həyata keçirilməsi zamanı iddiaçıya zərər dəyməsinə dair hallar iş üzrə sübuta yetirilməmiş, həmin hallar işin məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xəzər rayon icra şöbəsinə qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdeh Xəzər rayon icra şöbəsinə qarşı maddi ziyanın ödənilməsinə dair dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar