Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-717/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçıMMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2017-ci il tarixli müqaviləyə əsasən o, Hoffmann markalı 2 ədəd televizor, paltaryuyan və soyuducu almış və nəticədə 264,0 manat borc yaranmışdır. 08.02.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2885,0 manat (yəni 12 ay x 229,0 manat+137,0 manat ilkin ödəniş) olan Hoffmann markalı 2 ədəd televizor, paltaryuyan və soyuducu üçün cəmi 264,0 manat olmaqla ondan 196,0 manat əsas borc və 68,0 manat cərimə (dəbbə) hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2689,0 manat təşkil edir. Cavabdehin 08.02.2017-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 13.06.2020-ci ildir. Həmçinin müqavilənin təminatı olaraq 08.02.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 196,0 manat əsas borc, 68,0 manat cərimə və 30,0 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddi ərizəsiniin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2017-ci il tarixli 30995 saylı müqavilədən aydın olur ki, Hoffmann markalı 2 ədəd televizor, paltaryuyan və soyuducu üçün ilkin ödəniş 137,0,0 manat olmaqla hər ay nağd qaydada 229,0 manat ödəməklə, 12 ay müddətinə 2885,0 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 08.02.2017-ci il tarixli müqavilədən görünür ki, Zamin borclu Cavabdeh kreditor qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh öhdəliklərini vaxtında icra edilməsinə təminat vermişdir. İş materiallarına əlavə olunmuş 08.02.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən Hoffmann markalı 2 ədəd televizor, paltaryuyan və soyuducu tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.02.2017-ci il tarixli müqaviləyə əsasən 06.03.2017-ci il tarixdən 06.02.2018-ci il tarixədək İddiaçı MMC-yə hər ay 229,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 26.07.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borclulardandan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.02.2017-ci il tarixli müqavilə bağlanmışdır. 08.02.2017-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2885,0 manat olan Hoffmann markalı 2 ədəd televizor, paltaryuyan və soyuducunu 137,0 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 229,0 manat ödəmək şərti ilə almışdır..Cavabdeh müqavilə üzrə ümumilikdə 2689,0 manat ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit borcunu qaytarmağı üzərinə götürmüşdür. Həmin müqaviləyə görə Zamin “borclu” Cavabdeh kreditor qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilələr üzrə öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan əşyaların almasına dair hüququndan istifadə etmiş, müqavilələr üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas borcun ödənilməsinə dair hissəsi əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 08.02.2017-ci il tarixli müqaviləyə əsasən 196,00 manat məbləğində əsas borca münasibətdə 68,0 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz, tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 08.02.2017-ci il tarixli müqaviləyə əsasən 15,0 manat cərimə (dəbbə) pulu tutulmalıdır. İddia tələbinin tələbdə qeyd edilən məbləğin həmçinin müştərək qaydada Zamin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Zamin arasında bağlanmış 08.02.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2017-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 12 ay ərzində, yəni 08.02.2018-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı 08.02.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 08.02.2017-ci il tarixli müqavilə üzrə 196,0 manat əsas, 15,0 manat dəbbə (cərimə) və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 241,0 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229,0- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 08.02.2017-ci il tarixli müqavilə üzrə 196,0 manat əsas, 10,0 manat dəbbə (cərimə) və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 241,0 (iki yüz qırx bir manat) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-717/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-717/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver