Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-72/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızına qarşı “kompensasiya verməklə fərdi yaşayış yerindən istifadə hüququna xitam verilməsi, evdən çıxarılma, əşyaların boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evlə bağlı cavabdeh X4 istifadə hüququnun itirilməsi, Cavabdeh1 6.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə evdən çıxarılması, evin tam boşaldılması baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 avqust 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8163/20-21 saylı qətnaməsinə əsasən o, ailəsi ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi təmin olunmalı idi. Təəssüflər olsun ki, Cavabdeh1 özünün yenə də çirkin əməllərindən əl çəkməyərək, müddəti uzatmaq üçün sonuncu günündə Ali Məhkəməyə kassasiya şikayəti vermiş, məhkəmə qərarıyla Bakı Apellyasiyada xx.xx.2021-ci ildə qərarı ilə şikayət geri qaytarılmışdır. Buna baxmayaraq, o, cavabdehlə bir damın altında yaşamaq məcburiyyətində davam etmək qeyri-mümkündür. Çünki, onun yaşayış sahəsini polun patalokunu söküb, ona məxsus sanitar qovşağı təmiz ləğv edib, imkansızlıq yaradıb. Bundan əlavə, cavabdeh Yeganə xanım özünü dəfələrlə polis idarələrində, məhkəmə iclaslarında, notariat kontorunda, ümumiyyətlə ictimai yerlərdə qeyri-davranışlarla rəftar etməyi, söyüş, təhqirlə danışmağı, həmçinin onun ailəsinə qarşı birlikdə görüşəndə qadına yaraşmayan söyüşlər ifadə edir, təhqirə məruz qalır. Həmçinin, Həsənova (Adıgözəlova) Solmaz Elşən qızı artıq uzun müddətdir öz həyatını Ağdaş şəhərinin sakini ilə qurmuş, artıq onda olan məlumata görə övladları da dünyaya gəlib. Təəssüflər olsun ki, bu günə kimi öz hüquqlarını pozaraq, onun fərdi yaşayış evində qeydiyyatda qalır. Yuxanda qeyd etdiklərini sübuta yetirmək üçün, işin içərisində məhkəmə qətnaməsində də öz mövqeyini tapır, həmin məhkəmə qətnamələrini oxumaq üçün ərizəyə əlavə edir. Cavabdeh Adıgəzəlova Yeganə evə müxtəlif vaxtlarda gəlir, evdən qaz və elektrik sayğacından istifadə edir. Günlərlə evə qayıtmağı naməlum olur. Evin təhlükəsizliyi üçün maneə yaradır, yanma, partlayış və qəza şəraitinin yaranmasına ehtimal yaranır. Yuxarıda göstərdiyi səbəblərdən onlarla bir damın altında yaşamaq qeyri-mümkün olduğundan və qorxulu olduğuna görə qeydiyyatdan istifadə hüququna xitam verilməsi məqsədəuyğundur. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8163/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-414/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı, X7 və X5 ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X3 və X9 iddia tələbi qismən təmin edilmiş, 20 may 1970-ci il tarixdə vəfat etmiş X6 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh İddiaçı adma verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında İddiaçı adına həmin evə və torpaq sahəsinə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və 30 aprel 2021 -ci il tarixli çıxarış etibarsız hesab edilməsi; cavabdeh İddiaçı ilə cavabdeh X10 arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış 16 iyun 2021 -ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməsi; cavabdeh X5 adına verilmiş ünvan 3 ünvanında yerləşəri 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və 25 iyun 2021-ci il tarixli çıxarış etibarsız hesab edilməsi; cavabdeh İddiaçı adına verilmiş 08 iyul 2021-ci il tarixli 0,0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi; iddiaçılar Cavabdeh1 və X9 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq 1/2 hissədə payları müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 4 saylı Xüsusi Notariat X2 ilə X11 arasında bağlanmış 28 yanvar 2022-ci il tarixdi daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsi ümumi mirsa əmlakdan çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022- ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərək həmin vaxt mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə dair kompensasiya verilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə işinin gedişində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə həmin əmlaka dair iddiaçının adına verilmiş çıxarış etibarsız hesab edilmiş, eyni zamanda Cavabdeh1 və X9 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq 1/2 hissədə payları müəyyən edilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızının Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq 1/2 hissədə payları müəyyən edildiyindən, həmin məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, cavabdehlər Cavabdeh1 və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızının mübahisəli evdə və evin yerləşdiyi torpaq sahəsində paylarının olması məhkəmə üçün məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırkı münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğunu əsas gətirərək, cavabdehlərlə aralarında istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığından bu hüquqa müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini xahiş etmiş, lakin iş üzrə müəyyən edilmişdir ki, mübahisəli əmlaka dair iddiaçının adına verilmiş çıxarış etibarsız hesab edilmiş, cavabdehlərin həmin evə və onun yerləşdiyi torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq 1/2 hissədə payları müəyyən edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş qətnamə ilə cavabdehlər mübahisəli evə və onun yerləşdiyi torpaq sahəsinə pay hüququ əldə etmişlər, iddiaçı artıq mübahisəli əmlakın mülkiyyətçisi deyildir. İddiaçının hazırkı iddia tələbi cavabdehləri öz qanuni mülkiyyətində olan əmlakdan məhrum etməklə bağlı olmuşdur. Beləki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, onun mübahisəli əmlakı üzərində olan mülkiyyət hüququları ləğv edilmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi əmlaka dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Hazırkı iş üzrə iddiaçının mübahisəli əmlaka dair hüquqlarının olmadığı müəyyən edilir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə həmin əmlaka dair iddiaçının adına verilmiş çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Həsənova (Adıgözəlova) Solmaz Elşən qızına qarşı “kompensasiya verməklə fərdi yaşayış yerindən istifadə hüququna xitam verilməsi, evdən çıxarılma, əşyaların boşaldılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-72/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-72/2023
20.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver