Məhkəmə qərarları › İş №2(003)-72/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-72/2024

25.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-72/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X1maqla Cavabdeh qarşı “mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun həyata keçirilməsində maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 2, mənzil 42-nin balkonunda qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, bununla da maneələrin aradan qaldırılması, cavabdehdən onun xeyrinə 1000 (bir min) manat maddi və 1000 (bir min) manat mənəvi ziyan üçün olmaqla, cəmi 2000 (iki min) manat ziyanın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 2 mənzil 44-də ailə üzvləri ilə bilrikdə yaşayır. Cavabdeh onunla qonşuluqda 42-ci mənzildə yaşayır. Həyat yoldaşı işlə əlaqədar olaraq ezamiyyətdə olan zaman, təxminən iki-üç ay əvvəl cavabdeh qanunsuz olaraq balkonu artırıb və qeyd edilən “qanunsuz artırma” onun mənzilinin balkonunun alt hissəsinə düşür. Gələcəkdə hər hansı bir fövqəladə hadisə baş verərsə (yanğın və sair) ailə üzvlərinin həyatı üçün təhlükə yarada bilər. Bundan əlavə, qaz borusu “qanunsuz tikilinin” içərisindən keçir, bu da olduqca təhlükəlidir. Həmçinin onlar balkona çıxanda onun “qanunsuz artırmasının” örtüyünün üzərində zibil görmüşlər. Bu isə sanitar normalarının pozulması deməkdir və hər hansı xəstəliyin yaranması və yayılması üçün zəmin yaradır. Bundan başqa, cavabdehin balkonundan onların mənzilinə istənilən şəxs daxil ola bilər. Nəticə etibarı ilə oğurluq hadisəsinin baş verməsini asanlaşdırır. Odur ki, qanunsuz tikili cavabdehin hesabına sökülməli və maneələr aradan qaldırılmalıdır. Cavabdehin qanunsuz hərəkətləri zamanı o, dəfələrlə stress keçirmiş, xəstələnmiş, 1000 ( bir min) manat civarında müalicəsi ilə bağlı xərc çəkmişdir. Bundan əlavə, cavabdehin ona mənəvi iztirablar verməsi nəticəsində hesab edir ki, ona 1000 manata yaxın mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, həmin tikilini ailə sayı və evin darlığını nəzərə alaraq kənd sovetindən şifahi icazə alınmışdır. X4 yalan ifadə verərək əri İddiaçı ezamiyyətdə olduğunu bildirmişdir. Halbuki, tikili hər iki şəxsin razılığından sonra aparılmışdır. İddiada göstərilən tikili öz şəxsi hesabına sökülüb və bu tikili zamanı 8000 manata yaxın ziyana düşmüşdür. Həmçinin, iddiada göstərilən qaz borusu FHN-nin müstəntiqi tərəfindən tikilinin sökülməsi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən baxışdan keçirilmiş və problemin aradan qaldırıldığı bildirilmişdir. Həmçinin, iddiada vurğulanan tikili üzərindəki zibil iddiaçının özü tərəfindən atılmışdır. Bu problem hələ də qalmaqda davam edir. Hal-hazırda da iddiaçının evindən aşağıya zibil və digər əşyalar atılır. İddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin mövqeyini tədqiq edib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 596 saylı məktubdan görünür ki, ünvan 1 ünvanı ünvan 2hibi Cavabdeh tərəfindən binanın arxa hissəsində ona məxsus mənzilə bitişik sahədə aylar öncə əlavə tikinti işləri aparılmışdır. Cavabdeh aparılmış əlavə tikintinin özləri tərəfindən sökülməsi bildirilərək xəbərdarlıq edilmişdir. - Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavininin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvana keçirilən baxış zamanı ünvan 3n arxa tərəfinə bitişik 6 kv.m sahədə inşa etdiyi tikintini sökməsi tövsiyə olunmuşdur. Ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2550 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində yerləşən, 2 saylı evə bitişik olan, Cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşa edilməsi üçün müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər olmadığından, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Tədqiq olunan tikililərin mövcudluğunun iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadəsi üçün hər hansı bir maneə və ya təhlükə yaradıb yaratmaması, eləcə də həmin tikililərin sökülməsinin binanın dayanıqlığına təsir edib etməməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq müayinə işləri aparıldıqdan sonra müəyyənləşdirilə bilər. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-6490/2023 saylı məktubundan görünür ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X2 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəflərindən hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli UNİ/F 17-132/24 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikililərin mövcudluğu iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən iddiaçının istifadəsi üçün maneə və ya təhlükə yaratmır. - Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. - "xxxx" MMC-nin mütəxəssis rəyi üçün xərcə dair məktubundan görünür ki, şirkət tərəfindən mütəxəssis rəyi verilməsi üçün göstərilən xidmət haqqı 300 manat təşkil edir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun öz yaşayış sahəsindən istifadəsi üçün hər hansı maneə və ya təhlükə yaratmır. Bu səbəbdən, həmin tikili özbaşına tikinti kimi müvafiq qurumların iddiası əsasında sökülməsi qərara alına bilər. Həmçinin, həmin qanunsuz tikilinin mövcudluğunun iddiaçının yaşayış sahəsindən istifadəsinə hər hansı maneə yaratmadığı məhkəmə araşdırması zamanı təsdiq olunduğuna görə, iddiaçını bu iddianı qaldırmaq üçün maraqlı tərəf hesab etmək olmaz. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, İddiaçı cavabdehin inşa etdiyi tikilinin onun yaşayış sahəsindən istifadəsinə maneə yaratdığını bildirərək iddia qaldırmışlar. Lakin, məhkəmə araşdırması zamanı həm mütəxəssis rəyi ilə, həm də sübutları tədqiq etməklə cavabdehin inşa etdiyi tikilinin iddiaçının yaşayış sahəsindən istifadəsinə mane olmadığı, onun hüquq və mənafeyinə hər-hansı qaydada toxunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının yaşayış sahəsindən istifadəsinə maneə yaradıb-yaratmaması və dolayısı ilə oranın sökülüb-sökülməməsi məsələsi məhz mütəxəssis rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin mütəxəssis rəyi əsas götürülməli və mübahisə predmeti olan tikili iddiaçının yaşayış sahəsindən istifadəsinə mane olmadığından iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X1maqla Cavabdeh qarşı “mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyinə görə ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat və mütəxəssis rəyinin hazırlanması xərci olan 300 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə X1maqla Cavabdeh qarşı “tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). İş üzrə verilmiş mütəxəssis rəyinə görə 300 manat məbləğində pul İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar